Qədim Azərbaycan torpağının dilbər guşələrindən biri, əsrlərin səsini, nəsillərin nəfəsini yaşadan Oğuz rayonu açıq səma altında muzeyi xatırladır. Rayonun ərazisində tarixin müxtəlif dövrlərinə aid 40-dan çox abidə var. Bölgədə ilk arxeoloji qazıntı işləri 1915-ci ildə aparılıb. 1950-ci illərdə əslən Oğuzdan olan alim, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər aşkar edilib.
   Rayonun möhtəşəm abidələrindən biri Xaçmaz Gavur qalasıdır. Qala Xaçmaz kəndinin şimal-qərbində, Ərmənət kəndinin şimalında, Qaladağın zirvəsində yerləşir. Tarixi mənbələrdən məlumdur ki, 1578-1583-cü illərdə Şirvan və Dağıstan torpaqları uğrunda Səfəvi və Osmanlı dövlətləri arasında gedən müharibədə bu qalanın qarşısında ağır vuruşma olub.
   Xaçmaz Gavur qalası VII əsrdə çay daşı və kirəc məhlulu ilə tikilibr, ikimərtəbəlidir. Qala 7 bürcdən ibarət olub xüsusi su kəməri vasitəsilə içməli su ilə təchiz edilib. Qala XVI əsrədək fəaliyyət göstərib.
   Qalanın bugünkü qalıqlarına görə müəyyən etmək olar ki, burada 12-yə qədər otaq olub. Qaladakı 7 bürcdən də ev kimi istifadə edilib. 1965-ci ildə qalanın sahəsində aparılan qazıntı işləri zamanı çoxlu saxsı məmulatlar aşkar edilib.
   Muxas qülləsi Muxas kəndindən şimalda, Daşağıl keçidi qarşısında yerləşir. Orta əsrin gözətçisi məntəqələri kimi Muxas qülləsi də yadelli işğalçılardan, qəfil basqınlardan qorunmaq üçün tikilib. Qəfil düşmən basqınlarını ilk dəfə buradan görüb el-obaya xəbər verirmişlər. Abidənin şimal, cənub və qərb tərəfləri düzbucaqlı, şərq tərəfi isə yarımdairəvidir. Qüllənin bu formada tikilməsi yerləşdiyi sahənin quruluşuna uyğundur. Perimetri 24,7 m-dir. Muxas qülləsi üçmərtəbəli olub. Onun birinci və ikinci mərtəbələri yaxşı qalmış, üçüncü mərtəbəsinin yuxarı hissəsi uçub dağılıb.
   Abidə ərazisində 1965-ci ildə iki sahədə, qüllənin qərb və şərq divarlarının dibində aparılan qazıntılar zamanı çoxlu sayda saxsı məmulatları tapılıb. Muxas qülləsi özünün memarlıq xüsusiyyətlərinə və arxeoloji materiallarının öyrənilməsinə əsasən demək olar ki, təxminən IX əsrdə tikilib və ondan XIV əsrə kimi istifadə edilib.
   Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun Yuxarı Filfilli kəndindəki Surxay xan qalasıdır.
   Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılıb. Eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 metr olan qala divarları qayanın düz uçurumunda bənd edilib. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülüb. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağılıb.
   Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olub. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulub. Qalaya yeraltı su kəməri də çəkilib. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala XVIII əsrdə Dağıstan feodalı Surxay xan tərəfindən tikilib, Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıdılıb. Kim bilir, bəlkə də Azərbaycan tarixinin qaranlığa düşmüş maraqlı bir səhifəsi, zəncirindən qırılmış halqa məhz bizim bu qalanın tarixi ilə bağlıdır?
   Azərbaycan ərazisi Qafqaz Albaniyası ilə bağlı olan qədim və orta əsr memarlıq abidələri ilə zəngindir. Bu baxımdan Oğuz rayonunun şimal-şərqində yerləşən məbəd öz memarlıq üslubuna görə xüsusilə fərqlənir. Özünəməxsus üslub xüsusiyyətləri və plan quruluşu olan bu abidə qədim və orta əsr memarlığının ən gözəl və maraqlı nümunəsidir. Məbədin divarlarının hündürlüyü 6 metr olub, şərqdən giriş, qərbdən çıxış qapıları qoyulub. Məbəd yonulmuş müxtəlif ölçülü çay daşı və əhəng məhlulundan inşa edilib. Məbədin əsasını təşkil edən zal otağının diametri təxminən 14 metrdir. Azərbaycan ərazisində yerləşən digər alban abidələri ilə eyniyyət təşkil etməsini nəzərə alsaq, onun tikilmə tarixini VI əsrə aid etmək olar.
   Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi məbəd də dövlət tərəfindən mühafizə edilən memarlıq abidələrindəndir. Binanın tarixi dəqiq müəyyənləşdirilməsə də, bu gün öz əzəmətini saxlamaqdadır. Abidədə inşaat materialı kimi iri kvadrat formada kəsilmiş tuf daşından və kirəc məhlulundan istifadə edilib. Bu abidə 1981-ci ildə bərpa olunaraq, bu günə kimi tarix-diyarşünaslıq muzeyi kimi istifadə edilir. Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biri də Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. «Kurqanlar çölü» adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlayıb, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılıb. Son illər bu ərazidə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılıb, eramızdan 1500 il bundan əvvələ aid qədim əşyalar tapılıb. Ekspozisiyaya Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax arxeoloji dəstəsinin rəisi Nəsib Muxtarov rəhbərlik edir. Kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün maraqlı, nadir arxeoloji materiallar üzə çıxarılıb. Həmin ərazidən gildən düzəldilmiş quş və ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, qızıldan hazırlanmış öküz maskası da aşkarlanıb.
   
   A.Xuduyeva,
   Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru