Son illər regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının uğurlu nəticələri turizm sektorunun inkişafında da özünü göstərir. Bölgələrin əksəriyyətində yeni mehmanxanalar, turizm istirahət kompleksləri inşa edilir, tarixi-mədəniyyət abidələri bərpa olunur, turizm üçün önəmli olan nəqliyyat infrastrukturu inkişaf etdirilir.
   
   
   Aprelin 28-30-da Bakıda keçirilən 1-ci Ümumrespublika Daxili Turizm Sərgisi regionlarımızın turizm potensialını yüksək səviyyədə təqdimatı üçün əlverişli imkan oldu. Sərgiyə gələn ziyarətçilər hər bir regionun milli koloritini duya, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola bilirdilər. Stendlərlə tanışlıqla yanaşı, həmin bölgələrin milli rəqslərinə baxmaq, mahnılarını dinləmək ziyarətçilərə xüsusi zövq verirdi. Hələ sərgidə qoyulmuş Şəki paxlavası, Lənkəran ləvəngisi, Qazax lavaşı, Gəncə çörəyindən danışmırıq.
   Zənginliyi, qeyri-adi sənətkarlıq nümunələri ilə diqqəti cəlb edən Şəki stendi ilə yaxından tanış oluruq. Stenddə Azərbaycanın ən böyük mədəniyyət, sənət və ticarət mərkəzlərindən olan Şəkinin mətbəxi, sənətkarlıq ənənələri, turizm potensialı öz əksini tapmışdı.
   
   İncə zövq tələb edən sənət nümunəsi - şəbəkə
   
   Şəkinin tanınmış şəbəkə ustası Tofiq Rəsulov deyir, bu peşəni atasından öyrənib və bu günə qədər bu sənətlə məşğul olur: «Qədim zamanlardan başlayaraq bu günümüzə qədər gəlib çatmış şəbəkələrdən istifadəyə böyük maraq var. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, yapışqan, mismardan istifadə olunmur.
   Elə şəbəkə var ki, bir sırada hətta 14 min hissə işləmə olur və elə ən çətin başa gələni də budur. Bu növ şəbəkəni hazırlamaq 6 aya başa gəlir». Sənətkar bildirir ki, bütün şəbəkə növlərindən baş çıxarır və çətin olsa da, öz peşəsindən zövq alır: «Şəbəkə hörmək üçün peşəkarlıq azdır. Bunun üçün həndəsəni, riyaziyyatı və rəsmxəti də bilmək lazımdır. Çünki işləyərkən 1 mm səhv etmək bütün işi korlamaq deməkdir».
   Usta qeyd edir ki, son vaxtlar Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur: «Hotellər, abidələr üçün sifarişlər qəbul edirik. Şəkiyə xarici turistlər çox gəlir. Onlar şəbəkəyə həddindən artıq maraq göstərirlər».
   Sərgidə ustanın düzəltdiyi şəbəkələr arasında lampa, rəhlə (üstünə kitab qoyub oxumaq üçün açılıb-yığılan əşya), pəncərə və digərləri nümayiş olunur. Tofiq usta deyir ki, əcnəbi turistlər daha çox kiçik əşyalar, məsələn, rəhlə alırlar. Şəbəkədə ən çox vaxt alan isə şüşə işləmələrdir.
   Söhbət zamanı Şəkidə şəbəkə sənətinə maraq barədə soruşuram.
   Sənətkar təəssüflə şəbəkə sənətinə maraq göstərənlərin az olduğunu dilə gətirir: «Bunun üçün Şəkidə dərnək olsa da, gələnlər çox deyil. Ata-baba sənətini davam etdirmək, onu ölməyə qoymamaq bizim borcumuzdur. Şəki “Sənətkarlıq paytaxtı” elan olunub. Bunun üçün gərək lazımi səviyyədə işləyək və öz suvenirlərimizi turistlərə təqdim edək. Qoy dünyada bilsinlər ki, bizim xalq nəyə qadirdir».
   
   Əcnəbilər ən çox çoban papağı alır
   
   Sərgidə ziyarətçilərin diqqətini cəlb edən eksponatlardan biri də şəkili usta Aqil Kərimovun əl işləri olan ağ, qara, gümüşü rəngli papaqlar idi. Onun da müəllimi atası olub: «İndi keçmişdəki kimi papağa həvəs yoxdur. Keçmişdə Azərbaycanda 650 papaqçı olub ki, onun 250-si Şəkidə fəaliyyət göstərib. Amma indi Şəkidə iki papaqçı var: mən və atam».
   Usta deyir ki, papaq tikmək böyük zəhmət və vaxt tələb edən işdir: «Bəzən bir papağın hazırlanması bir həftəyə başa gəlir. Əvvəlcə dəri aşınmalı, sonra tikilməlidir. Ən bahalı papaq gümüşü rəngdə olandır. Onların qiyməti 150-180 manat arasında dəyişir. Əcnəbilərin ən çox aldıqları çoban papağı 60-70 manata başa gəlir».
   Özümüzünkülərə gəlincə, usta alıcıları arasında daha çox yaşlı insanların olduğunu deyir. Tofiq usta kimi, papaqçı da sənətin itməsindən narahatlığını dilə gətirdi: «Nədənsə gənclər özlərinə əziyyət verib, sənəti öyrənmək istəmirlər. Amma öz uşaqlarım böyüyəndə onlara mütləq öyrədəcəm».
   
   Qədim el sənəti - təkəlduz
   
   Sənətkarlıq nümunələri arasında gözoxşayan al-əlvan işləmələrlə toxunan sənət nümunələri - təkəlduz Şəkinin stendinə xüsusi gözəllik qatmışdı. Bu nümunələrin müəllifi rəssam Güləndam Alxasova artıq 18 ildir ki, əl işi ilə məşğul olur: «Qədim el sənəti olan təkəlduz qara məxmərin, yun parçanın üzərində yalnız bir əllə toxunur. Amma qobelen üslubunda olan tikmələr kətan parçaların üzərində işlənir. Bu, incəlik və vaxt tələb edən sənətdir. Bəzən bir əsər 3-4 aya başa gəlir. İşləmələrdə ipək saplardan istifadə olunur. Əsasən araxçınlar, çantalar, balınc üzləri, süfrələr hazırlayırıq».
   Güləndam xanım həm də Şəkidə Əlillərin Reablitasiya Mərkəzinin rəhbəridir. Mərkəzdə fiziki qüsurları olan 30-dək gənc təkəlduzla məşğul olur: «Onlar öz əl işləri bu sənəti yaşadırlar. Deməli, həm əlil gənclər, həm də sənət yaşayır. Ona görə də, bu sənət qiymətlidir».
   Son vaxtlar təkəlduzun xüsusilə geniş yayıldığını deyən rəssam Şəkinin Azərbaycanın «Sənətkarlıq paytaxtı» elan edilməsinin bu fəaliyyətə əlavə stimul verdiyini bildirir: «Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bizə xüsusi qalereya ayrılıb. Beləliklə, sənətin yaşaması üçün dövlət qayğısını da hiss edirik».
   Bu yazıda qədim sənətkarlıq mərkəzi Şəkimizin yalnız üç sənətindən və üç sənətkarından bəhs etdik. Yəqin ki, növbəti illərdə keçirilən sərgilərdə digər sənət növləri ilə əyani tanışlıq imkanı yaranacaq. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
   
   Mehparə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar