Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə də böyük töhfələr verib. Cümhuriyyətin ilk hökumət kabinetində Xalq Maarif Nazirliyi təsis edilmişdi və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli idi.
O dövrdə yeni yaranmış müstəqil dövlətin təhsilli milli kadrlara çox ehtiyacı var idi. Ona görə də hökumət 1918-ci il avqustun 28-də «Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında» qərar qəbul etdi. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana-türk (Azərbaycan) dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə də, Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı.
Respublikada milli müəllim kadrlarına da böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedoqoji kurslar təşkil edildi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən «Nina» qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı.
Ali təhsil müəssisələri və milli kadrların hazırlanması
O zaman hökumətin qarşısında duran mühüm işlərdən biri də ölkədə milli kadrların hazırlanması üçün ali təhsil müəssisəsinin açılması idi. Bu məqsədlə 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi və həmin ayın 29-da Bakı Dövlət Universitetinin nizamnaməsi qəbul edildi.
Xaq Cümhuriyyəti dövründə Azərbaycanda milli cəmiyyətlər, o cümlədən, onların içərisində «Türk Ocağı» Cəmiyyəti yaradılmışdı. Cəmiyyətin işində A.Şaiq, A.Kazımzadə və başqa ziyalılar yaxından iştirak edirdilər. Bu Cəmiyyətin məqsədi əhali arasında türkçülük və azərbaycançılıq ideyasını təbliğ etmək idi.
1919-cu il dekabrın 29-da «Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti» təsis edildi. Cəmiyyət Azərbaycanın orta əsr maddi mədəniyyət abidələrinin öyrənilməsinə də böyük diqqət yetirirdi. Qurum öyrənilmiş materiallar əsasında sərgilər təşkil edirdi. Bu da xalqımızın öz tarixi keçmişinə marağı artırır, onlarda vətənpərvərlik hissini gücləndirirdi. Bu cəmiyyətlərlə bərabər Bakıda «Qurtuluş», «Yaşıl qələm» cəmiyyətləri də təşkil edilmişdi. Burada Azərbaycanın ən qabaqcıl milli mədəniyyət xadimləri toplaşmışdılar.
Muzeylər və kitabxanalar
Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan «İstiqlal» muzeyi o dövrün yadigarıdır.
Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.
Bundan başqa, 1920-ci ilin əvvəllərində Maarif Nazirlyi nəzdində Arxeologiya şöbəsi yaradılmışdı. Azərbaycan hökuməti öz fəaliyyəti dövründə mətbuatın inkişafına da xüsusi diqqət verirdi. 1919-20-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə bir çox qəzet və jurnallar nəşr olunurdu. Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi Azərbaycan və rus dillərində «Azərbaycan» qəzeti nəşr olunurdu. Qəzet əvvəlcə Gəncədə, 1918-ci ilin 15 sentyabrında Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra isə paytaxtda çap edilirdi. Qəzetin Azərbaycan variantının redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. “Azərbaycan” qəzeti ilə bərabər, «İstiqlal», «Açıq söz» və b. qəzetlər nəşr olunurdu.
Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu. Şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənirdi və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və s. ədiblərimiz öz əsərlərilə milli ruhun oyanmasına kömək edirdilər.
Bu dövrdə H.Cavidin «Şeyx Sənan», M.Hadinin «Eşq ilahəsi» əsərləri çap olunmuşdu. C.Cabbarlı Bakının türk qoşunları tərəfindən azad edilməsinə həsr etdiyi «Bakı müharibəsi» pyesini yazmışdı. O, Azərbaycan istiqlaliyyətini «Azərbaycan bayrağı» şeiri ilə alqışlamışdı. C.Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» pyesləri də o dövrün məhsullarıdır.
Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyətində baş verən dəyişikliklər teatrın inkişafına da təkan vermişdi. Xalqın milli mənlik şüurunun formalaşmasında teatrın rolunu qiymətləndirən Azərbaycan hökuməti «Mailov Qardaşlarının Teatrı»nı Maarif Nazirliyinin tabeliyinə vermişdi. Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası yaradılmışdı. Truppada Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi böyük sənətkarlar çalışırdılar. Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı. Teatrda oynanılan əsərlərin çoxu xalqın qəhrəmanlıqla dolu keçmişini, türk dünyasının əzəmətini əks etdirirdi. C.Cabbarlının «Bakı müharibəsi», «Yulduz, yaxud Trablis müharibəsi» kimi tarixi əsərləri tamaşaya qoyulmuşdu.
1918-20-ci illərdə Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan», Əbdürrəhimbəy Haqverdiyevin «Bəxtsiz cavan», Namiq Kamalın «Akif bəy» yaxud «Namus» əsərləri də teatrlarda oynanılmışdı. Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edir.
Azərbaycan hökuməti ölkədə kinematoqrafiyanın inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə Bakıda 16 kinematoqraf fəaliyyət göstərirdi. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradıldı. Studiyanın üzvü Bəhruz Kəngərli öz tablolarında əsasən erməni təcavüzü zamanı yurd-yuvalarından qaçqın düşmüş qadın və uşaqların ağır vəziyyətini təsvir edirdi. O, qaçqınlar mövzusuna aid böyük rəsm qalereyası yaratmışdı.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu yöndə tarixi əhəmiyyətli işlər görülmüşdür.
Mehparə