M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu 1924-cü ildə Bakı Xalq Təhsili Şöbəsinin nəzdində kitabxana kollektorunun əsasında yaradılıb. Həmin il səyyar kitabxana və qiraətxanalarda olan kitabların miqdarı 305 min 894 nüsxə olmuşdu ki, bunlardan 12 min 710 nüsxəsi Azərbaycan dilində idi. 30-cu illərin ortalarında kitabxana hazırki statusunu alaraq geniş fəaliyyətə başladı.
   
   Kitabxana xidmətini  istehsalata daha da  yaxınlaşdırmaq
   
   Həmin illərdə respublikamızda bir çox sənaye və tikinti müəssisələri yaranırdı. Bu zaman kitabxana xidmətini istehsalata daha da yaxınlaşdırmaq, fəhlə və qulluqçulara, onların bilavasitə işlədikləri yerlərdə kitabla xidmət etmək zərurəti meydana çıxdı. Bu işin təşkili Mərkəzi Səyyar Kitabxana Fonduna tapşırılır. 1936-cı ildə Mərkəzi Səyyar Kitabxana Fonduna rus yazıçısı Maksim Qorkinin adı verilir. Böyük Vətən müharibəsi (1941-1945) illərində Bakı Siyasi Maarif İdarəsinin M.Qorki adına MSKF yanında hərbi xəstəxanalara xidmət etmək məqsədilə xüsusi kitab fondu yaradılır. Fonda Bakının kitabxanalarından və başqa təşkilatlardan kitablar göndərilir, onların hesabına hospital və hərbi hissələrdə səyyar kitabxanalar təşkil olunurdu. Belə səyyar kitabxanaların yanında bir qayda olaraq qiraətxanalar fəaliyyət göstərirdi.
   Sonrakı dövrlərdə kitabxananın təcrübəsi göstərdi ki, oxucularla əlaqəni möhkəmlətmək və kitabın təbliğini daha da yaxşılaşdırmaq üçün yeni iş üsullarından istifadə etmək lazımdır. Səyyar iş çərçivəsindən kənara çıxmaq, yeni abunə və qiraət salonu açmaq vaxtı çatmışdı. Bu, əhalinin əksər hissəsini mütaliəyə cəlb etməyə, onların kitaba olan ehtiyacını ödəməyə imkan yaradardı.
   1950-ci ildə kitabxanada yalnız qadınlara məxsus abunə və lektoriya təşkil edilir. Kitabxananın nəzdində uşaq otağı da yaradılmışdı. Analar kitabxanada məşğul olduqları müddətdə burada onların uşaqlarına qayğı göstərilirdi. Azərbaycan qadınları arasında savadsızlığı ləğv etmək işində kitabxana fondunun kollektivi təqdirəlayiq işlər görüb. Həmin məqsədlə burada “Oxuyan qadınlar” adlı dərnək də yaradılmışdı. Dərnəyin fəal üzvləri evlərdə, məktəb və klublarda kitabları təbliğ edib yayırdılar. Dərnəyin buraxdığı divar qəzetində yeni kitablar haqqında məlumat verilir, yaxşı kitabın insanın həyatına böyük təsiri barədə məqalələr dərc olunurdu.
   
   “Açıq rəf ” üsulu ilk dəfə burada tətbiq edilib
   
   Respublikamızda “açıq rəf” üsulu ilk dəfə 1959-cu ildə M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda tətbiq edilib. 1961-ci ildə respublikanın kitabxanaları arasında ilk dəfə M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda “Mədəniyyət universiteti” yaradılıb. Bu işdə yazıçı və şairlərdən Adil Babayev, Xəlil Rza , Əkrəm Cəfər, teatr tənqidçisi Cabir Səfərov, sənətşünas İnqilab Kərimov, səhnə ustalarından Atamoğlan Rzayev, bəstəkarlardan Şəfiqə Axundova və başqaları yaxından köməklik göstəriblər. “Mədəniyyət universiteti”nin məqsədi müəyyən ixtisas və peşə vermək deyil, dinləyiciləri daha çox maraqlandıran bir elm haqqında sistemli bilik vermək idi. A.Qurbanov, A.Rzayev, İ.Dağıstanlı, Ə.Kərim, N.Həsənzadə, R.Zəbioğlu, M.İbrahim, Ş.Ələkbərova, H.Əliyev, Ə.Bədəlbəyli və bir cox dəyərli sənətkarlar M.Qorki adına MSKF-də fəaliyyət göstərən “Mədəniyyət universiteti”ndə təşkil olunan mühazirə və konsertlərin, ədəbi-bədii gecələrin daimi iştirakçıları olublar. 1977-1991-ci illərdə kitabxana Azərbaycan sərhəd dairəsini kitablarla təmin edib. Bunun üçün MSKF xüsusi briqadalar şəklində məruzəçilər toplamış, həmin dairədə konsertlər, mühazirələr təşkil etmışdi.
   
   Kitabxana fondunun bu günü
   
   Kitabxananın fəaliyyətinin hərtərəfli inkişafı kitab fondunun, eləcə də oxucu sayının genişlənməsi ilə xarakterizə olunur. M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun direktoru Nüşabə Ələkbərova deyir ki, kitabxana öz işini respublikanın ictimai-siyasi həyatı ilə əlaqəli şəkildə qurmağa çalışır. “Hazırda kitabxanada 6 şöbə fəaliyyət göstərir. Kitab fondu 200 min nüsxəyə yaxındır. Fondda Azərbaycan dilində 82 min 892 nüsxə ədəbiyyat var. 2005-ci ildən başlayaraq Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş ədəbiyyatdan 422 adda 17 min 470 nüsxə kitab kitabxanaya hədiyyə edilib. Hazırda kitabxana 17 dövri nəşrlərə abunə olub. Bunlar 8 jurnal, 9 qəzetdən ibarətdir”.
   Direktor kitabxanada İnformasiya Mərkəzinin fəaliyyət göstərdiyini, 2009-cu ildən elektron kataloqun tərtib edildiyini, mütəmadi olaraq kütləvi tədbirlərin, sərgilərin keçirildiyini bildirdi: «Ötən bir ilə nəzər salsaq əvvəlki dövrlərlə müqayisədə oxucuların sayında artım var. İnformasiya Mərkəzinin fəaliyyəti, ardıcıl təbliğat işlərinin aparılması, fondun zənginləşdirilməsi gələcəkdə oxucu sayının daha da artmasına səbəb olacaq. Fondumuz haqqında saytın fəaliyyət göstərməsi isə oxuculara internet məkanında fəaliyyətimizlə tanış olmağa geniş imkanlar yaradır”.
   Qeyd edək ki, kitabxananın xidmətindən istifadə edənlərə anket verilir, həmin anketlərə əsasən oxucuların maraq dairəsi, rəy və təklifləri nəzərə alınır. Fond tərəfindən müqavilələr əsasında müxtəlif təşkilatlara səyyar xidmət də göstərilir, kitabxanalarla mübadilə aparılır, kitab fondu davamlı olaraq zənginləşdirilir.
   
   Ceyhun Zərbəliyev