Şərq silahı özünün mükəmməl döyüş keyfiyyəti və zərif dekorativ tərtibatı ilə həmişə şöhrət qazanıb. Orta əsr Şərq silahlarının tarixi öz kökləri ilə qədim sivilizasiyalara - Şumer, Babilistan, Assuriya, Xett, Midiya dövlətləri dövrünə gedib çıxır.
Antik dövrdə Şərq silahı təkcə döyüş ləvazimatı deyildi, eyni zamanda, sahibinin sosial statusunu və maddi rifahını göstərirdi. Cah-cəlalın və təmtərağın, zati-aliliyin və incə zövqün nümayişi olan silahlar həm də bir sənət əsəri idi.
Baha qiymətləndirilən, sahibinin fəxrlə gəzdirdiyi silah bədii tərtibatın ən zərif və incə texnologiyalarını özündə təcəssüm etdirirdi. Silah özündə zərgərlik sənətini, oyma, döymə, qara mina, inkrustasiya, tökmə, daş üzərində naxış vurma kimi sənətləri birləşdirir.
Öz məmulatlarının bəzədilməsi üçün Şərq ustaları qızıldan, qiymətli daşlardan, mirvari və firuzədən geniş istifadə edirdilər. Metalın bədii emalının ənənəvi üsulları - oyma, həkk etmə, naxış açma, qızıl və gümüşlə inkrustasiya tətbiq olunurdu. Şərq silahı üzərində sarmaşan cavan zoğların və arabesklərin mürəkkəb şəbəkəsindən düzəldilmış ornament həmişə əşyanın forması ilə (onun konusvari dəbilqə, tiyənin nazik zolağı və ya dairəvi qalxan şəklində olmasından asılı olmayaraq) bağlı olub.
Şərq silah ustaları öz məmulatlarının bəzəyi üçün dini, poetik səciyyəli yazılardan istifadə ediblər ki, bu yazılar da özünəməxsus bir ornament kimi qəbul edilə bilər. Belə yazılara tiyələr üzərində, qınların, qılınc və qəmələrin sağanağı və dəbilqələr üzərində rast gəlinir. Bir çox silah əşyaları - qılınc qınları, gürzlər, lələkli toppuzlar, parad qalxanları daşdan (müxtəlif çalarlı nefrit əqiq, yəşəmə daşı və dag-mədən bülluru) hazırlanmış ayrı-ayrı detalların qızılla inkrustasiyasının səmərəli üsulunu nümayiş etdirir. Zərif qızıl naxışlar qızılgül təbəqələrində xırda yaqutlarla birləşərək daşın cilalanmış səthində məmulatlara nəfis bir gözəllik verir.
Şərq silahının yüksək bədii nümunələri son orta əsrlərə təsadüf edir. Məhz bu zaman Şərq silahı dekorativ emalın və bəzəkvurmanın yeni zərif üsulları ilə zənginləşdirilir ki, bu da məmulatların dəyərini və bədii-texniki məziyyətlərini artırır. Şərqin silahqayırma sənətində dekorativlik yaradıcılığın obrazlı guruluşu üçün əsasa çevrilərək və zəngin naxışlar sənətini yaradaraq, xüsusilə parlaq və özünəməxsus cəhətlər kəsb edirdi. Bu naxışlar mürəkkəb ornamental ritmə və tez-tez yüksələn ahəngdarlığa malik olur.
Orta əsr dünyagörüşünün dar çərçivəsində Şərq silahının bəzəkçiləri onları əhatə edən həyatın zənginliyini təcəssüm etdirmək yolunu tapmışdılar. Onlar naxışın ritmi ilə, onun “xalılığı” ilə, ornamental formaların incə plastikliyi, parlaq və təmiz boyaların təkrarolunmaz harmoniyası ilə böyük estetik məzmun ifadə edirdilər.
“Gözlər üçün musiqi” adlanan ornament müsəlman Şərqi ölkələrinin orta əsr incəsənətində çox vacib rol oynayıb və indi də oynamaqdadır. O, müəyyən dərəcədə incəsənətin bir neçə növünün təsvir məhdudluğunu kompensasiya edir və bədii məzmunun ən vacib ifadə vasitələrindən biridir.
Öz kökləri ilə klassik antik motivlərə gedib çıxan, orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış arabesk ornamental kompozisiyanın yeni bir növü olub ki, bu da rəssama istənilən çevrəli müstəvini hörmə naxışla doldurmağa imkan verib. İlk əvvəl arabeskdə bitki motivləri üstünlük təşkil edib. Sonralar isə çoxbucaqlıların və çoxguşəli ulduzların mürəkkəb birləşməsi əsasında qurulmuş xətti-həndəsi ornament geniş yayılıb. Silah əşyalarının bəzədilməsi üçün tətbiq edilən arabeskin işlənməsində Şərq ustaları heyrətamiz kompozisiyalar yaradıblar. Bu kompozisiyalarda həmişə iki başlanğıc birləşir: naxışların ciddi-məntiqi riyazı quruluşu və düzümü və bədii təxəyyülün böyük ilhamverici gücü.
Müsəlman Şərqi ölkələrinin bədii mədəniyyətində müstəsna dərəcədə vacib rol tətbiqi incəsənətə məxsus idi. Bunun üçün iqtisadi zəmin rolunu sənətin intensiv inkişafı oynayırdı. Bədii sənətlərdə (peşələrdə) incəsənətin xalq məişəti ilə sıx bağlı olan yerli qədim ənənələri öz parlaq ifadəsini tapıb. Tətbiqi incəsənət ustalarına yüksək estetik “əşya duyumu” səciyyəvi idi və bu duyum əşyanın praktik funksiyalarını pozmadan ona gözəl forma verməyə və onun səthi üzərində çox bacarıqla naxış yerləşdirməyə imkan verir.
Şərqin silah incəsənətində ornament mədəniyyətinin əhəmiyyəti özünü xüsusilə parlaq büruzə vermiş, onun çox böyük bədii imkanları üzə çıxmışdır. Ornament, öz hazırlanmasına görə mükəmməl olan qılınc və xəncərlərə, qalxan və dəbilqələrə, eləcə də silahqayırma sənətinin digər növlərinə bir estetik məzmun gətirir.
Şərqdə silah incəsənətinin ümumi inkişafında Qafqaz görkəmli yer tutur. Öz texnikasına və ornamentikasına görə cürbəcür və zəngin dekorla bəzədilmiş Qafqaz silahı bütün müsəlman Şərqi xalqlarının maddi və bədii mədəniyyəti tarixində unikal bir hadisədir.
Silah bəzədilməsinin ən geniş yayılmış materialı Qafqaz ustaları tərəfindən yüksək dəyərləndirilən gümüş sayılırdı. Xeyli sayda xəncər gümüşlə bəzədilmiş, onların üzərinə çərtmə, oyma, qazıma, döymə, qara mina, lehimləmə, eşmə yolu ilə Qafqaz qızıl döyməçilərinin yiyələnmiş olduğu gümüş emalının bütün növləri vasitəsilə naxışlar vurulub.
Qafqaz silahının ən maraqlı nümunəsi məşhur Qafqaz xəncəridir ki, öz döyüş keyfiyyətləri və bədii tərtibatına görə dünya şöhrəti qazanıb. Xəncər təkcə silah növü deyil, həm də onu daim qurşağında, kəmərinin böyründə gəzdirən Qafqaz kişisi üçün qürur mənbəyidir. Xəncər (konstruktiv cəhətdən azacıq fərqlənərək) müxtəlif Qafqaz xalqlarında əsrlər boyu əsas silah növü olub.
Qafqaz xəncərlərinin dəstəklərinin və qınlarının forma və bədii tərtibatı da öz zənginliyi ilə fərqlənir. Şimali Qafqazda xəncərlərin dəstəyinin ətrafına qara və ağ buynuzlar qoyurdular və bu buynuzlar çox vaxt qızıl oyma və naxışla bəzədilirdi.
Orta Asiyanın köçəri türkdilli əhalisinin hərb işi Teymurilər zamanında xüsusilə geniş yayılmışdı. Teymurilər qısa müddətdə mövcud olmasına və sonradan parçalanmasına baxmayaraq, burada təşəkkül tapmış hərb işinin xüsusiyyətləri, silahqayırma və bəzəmə ənənələri inkişaf etmiş, gec orta əsrlərin sonrakı dövrləri ərzində də qorunub saxlanmışdı.
Teymurilər dövründə Orta Asiya döyüşçüsünün bədii-dekorativ bəzəyinin səciyyəvi xüsusiyyəti çoxsaylı Şərq, monqol elementlərinin üstünlük təşkil etməsidir, həmin elementlər isə Orta Asiya regionuna hələ Çingiz xanın monqol işğalları dövründən gətirilmişdi. Bu dövrün silah naxışlarında həndəsi fiqurlar və monqollar arasında çox populyar olan sarmaşan üzüm tənəyi şəklində bitki ornamenti üstünlük təşkil edirdi.
Orta Asiya silahlarının dekorativ bəzənməsində yeni mərhələ Səfəvilər dövlətinin təşəkkülü ilə başlayır. Bu dövlətin silahla bağlı ənənələri Herat, Buxara, Səmərqənd, Xivə və Kokandın silah ustalarına ötürülürdü. Orta Asiya və Ön Şərq xalqlarını birləşdirən “Böyük İpək yolu” yeni dekor ənənələrinin bərqərar olmasına imkan yaratmışdı. Bu ənənələrdə artıq bütün müsəlman Şərqi üçün səciyyəvi olan ornamental motivlər üstünlük təşkil edir. Müxtəlif rozetkaların, ornamental kartuşların-kətəbələrin, bitki motivlərindən istifadə ilə dekorativ kompozisiyaların zənginliyi Orta Asiya soyuq silah dekorunun xarakterik xüsusiyyətinə çevrilir. Soyuq silahın səciyyəvi növləri qılınclar, qəmələr, xəncərlər və döyüş bıçaqları idi. Orta Asiya qılıncları öz növünə görə İran “şəmşirinə” bənzəyir, ancaq onların əyrisi daha böyükdür. Bu qılıncların dəstəyi hind tiplidi və çarpazı fiqurludur. Əfqan qılınclarının tiyələri digər qılınclardan (məsələn, hind qılıncı) fərqlənmir, ancaq onların dəstəyini adətən poladdan düzəldirlər, çarpazı kiçik və onun ucları isə aşağıya doğru əyilmiş olur.
Orta Asiya xəncərlərinin iki növü olur: caynaq şəklində bərk əyilmiş xəncərlər və genetik cəhətdən mənşəyi ənənəvi hind xəncərlərinə gedib çıxan xəncərlər. Bu xəncərlərin dekoru əsas etibarilə dəstəklərin və qınların örtüklərində cəmləşdirilmişdir. Döymə olunmuş və ştamplanmış gümüş bəzən Orta Asiya silahının dəstəyini və qınını başdan-başa örtür. Daha qəşəng nüsxələr oyma bitki ornamentinə və rozetkalar (gülşəkilli bəzəklər) içərisində və tiyənin üzərində ərəbcə yazılara malikdir.
Əfqan xəncərlərinin və qılınclarının ornamentlərlə bəzədilməsində qonşu ölkələrin təsiri aşkar sezilir. Tiyələrin, dəstək və qın dəstlərinin bəzədilməsi üçün çərtmə və oyma (həkk etmə) üsullarından istifadə edirlər. Ornamentdə həm Şərq ünsürləri - tağlar, güllər, ləçəklər, rozetkalar, həm də Avropa bitki və dekorativ qıvrımları, balıqqulağılar və s. birləşir.
Orta Asiyada yaxın məsafəli döyüşdə olduqca geniş yayılmış soyuq silah “stepnyak” (“çöllü”) tipli döyüş bıçaqlarıdır. Bu bıçaqların tiyələri (ağızları) iki növ olur: düz və azacıq dalğavari formada. “Deşici” xəncərlərdən fərqli olaraq, bu bıçaqların çarpazı olmur, onların uzunluğu isə 30 sm-dən çox deyil.
Orta Şərqdə odlu silahın meydana gəlməsi XVI əsrin ikinci yarısına təsadüf edir. Silah lülələri və sürgüləri əksəriyyət etibarilə Avropa (Almaniya) mənşəlidir. Lülələrin qundağı və yatağı yerli ustalar tərəfindən hazırlanırdı və yerli tərtibat ənənələrinə uyğun bəzədilirdi.
Orta Asiya silah dekoru ənənələrinin inkişaf meyilləri Teymurilər dövründəki dəbdəbəli və qiymətli ənənələrdən başlamış XIX əsrdəki asketik və təmkinli ənənələrədək tədqiq edilib öyrənilir.
Silah ta qədimdən bəri bədii fəaliyyətin ən vacib sahələrindən biridir. Bir çox Şərq xalqlarının silah sənətinin ənənələri bir-birinə elə qarışıb ki, bəzən bu və ya digər silahın konkret bir xalqa və ya ölkəyə mənsubluğunu müəyyən etmək çox çətin olur.
Silah işinin, onun istehsalının ərəb Şərqi, Türkiyə, Qafqaz, İran, Orta Asiya və s. kimi yayıldığı ən iri mərkəzlərdə ənənələrin müqayisəsi qədim və orta əsr silah incəsənətinin mövcud olduğu ayrı-ayrı xalqlara məxsus lokal dekor xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir.
Elnur Aşurbəyli,
Sənətşünaslıq elmləri namizədi