“Azər-İlmə” MMC bu irsi yaşatmaq, qədim xalq sənətini inkişaf etdirmək üçün çalışır
   
   Azərbaycanın xalq sənətinin qədim və zəngin tarixi, özünəməxsus ənənələri olan sahələrindən biri xalçaçılıqdır. Dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalçaçılıq sənəti bu gün də yaşayır, inkişaf edir, nəsildən-nəslə ötürülür. “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti də xalça sənətimizin ənənələrini yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məqsədilə yaradılıb.

   
   14 yaşlı müəssisə

   
   1996-cı ildən fəaliyyət göstərən “Azər-İlmə” MMC-nin yaradılmasında məqsəd unudulmaqda olan çeşnilərin bərpası ilə yanaşı, yüksək keyfiyyətli xalçalar istehsal etmək, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq olub. Burada onlarla rəssam, sənətşünas, xalçaçı çalışır. Bakının Nardaran, Binə, Hökməli kəndlərində, Lökbatan qəsəbəsində, eləcə də Şirvan, Kürdəmir, Lerikdə toxuculuq emalatxanaları olan müəssisə əsrlər boyu formalaşmış milli sənəti ən yüksək səviyyədə yaşatmasına görə təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanınır. “Azər-İlmə” MMC həm də Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Dərəçiçək, Paşalı , Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarlarımız tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır.
   
   Bölgələrdə xalçaçılığa maraq artıb
   
   “Azər-İlmə” MMC-nin direktoru Vidadi Muradov deyir ki, rəhbərlik etdiyi müəssisənin Azərbaycanın bütün rayonları ilə sıx əlaqələri var. “Ölkəmizin müxtəlif bölgələrində xalçaçı sənətkarlar var. Müəssisənin fəaliyyətində məqsəd həm də qədim xalçaçılıq ənənələrini yaşatmaq, inkişaf etdirməkdir. Ona görə fərdi şəkildə bu sənətlə məşğul olan xalçaçıları əməkdaşlığa cəlb edirik, bölgələrdə olan emalatxanalarla müqavilə əsasında işləyirik”.
   35 ildir bu sənətlə məşğul olan V.Muradov xalçaların toxunulma, boyanma üsulundan danışır. Bəlkə də çoxları heç bilmir ki, bütün dünyanın zövqünü oxşayan Azərbaycan xalçalarının hazırlanması əslində necə çətin bir prosesdən keçir. Burada ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu ustadan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi yeddi növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, “boyaqotu” kolunun köklərindən və müxtəlif üsullardan istifadə edilir. Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və isti kameralarda qurudulması üçün müəssisədə müvafiq şərait yaradılıb. İpliyin boyaq maddəsini tam qəbul etməsi, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amil hesab olunur. Bu rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələri, güllü-çiçəkli bağları, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələri toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.
   
   Maraqlı nüanslar
   
   Həmsöhbətim deyir ki, müəssisə fəaliyyətə başlayanadək Azərbaycanda xalçanın yuyulması dəbdə deyildi. Əvvəllər belə fikir var idi ki, qədim xalçalar yuyularsa keyfiyyətini itirər. Lakin istifadədə olan xalça mütləq yuyulmalıdır. Amma necə?: «İllərin sınağı göstərir ki, xalça harada toxunulubsa, orda yuyulsa daha yaxşı olar. Əgər xalça iplərin əyrildiyi ərazidə-kənddə, qəsəbədə toxunulubsa və orada yuyularsa keyfiyyəti itmir, əksinə daha da gözəlləşir. Bu qaydalar tarixən belə qəbul edilib. Çünki həmin xalçanın boyası hazırlanarkən həmin ərazinin suyundan istifadə edilir ki, bu da xalçaya daha doğmadır”.
   Digər maraqlı məqam isə əl ilə toxunan əksər xalçaların zərif və elastik ipək və ya yundan hazırlandıqları üçün onlarda eninə və ya uzununa qeyri-mütənasibliyin müşahidə edilməsidir. Müəssisədə bu qüsurun aradan qaldırılması üçün xalçalar taxta döşəmələr üzərində baş və ətək, yaxud hər iki yanından yerə tarım çəkilir. Düz mərkəzindən isə köməkçi ağaclar vasitəsilə xalça qaldırılaraq bu yaranmış hündürlükdə arxa tərəfindən ütülənir və yenidən yerə tarım çəkilərək təxminən iki gün bu vəziyyətdə saxlanılır. Nəticədə parçada müşahidə edilən əyrilik aradan qaldırılır.
   
   Zədələnən xalçalara yeni həyat
   
   «Azər-İlmə» MMC-də hər çeşnini işləyib hazırlayan, hər ilməni damalı kağız üzərində canlandıran, texniki göstəricilərini müəyyən edən, kolorit həllini və onların çalarlar diapazonunu dəqiqləşdirən peşəkar rəssamlar fəaliyyət göstərir. Müəssisədə indiyədək 900-dən artıq müxtəlif çeşidli xalça çeşniləri hazırlanıb. Bu çeşnilər əsasında Azərbaycanın Bakı, Quba, Şirvan, Gəncə, Qarabağ, Qazax, Təbriz, Naxçıvan, Lənkəran və s. toxuculuq məktəblərini əhatə edən klassik Azərbaycan xalçaları istehsal edilir.
   Xalça toxunularkən nöqsanlara yol verilməsi, istifadədə olan xalçaların zədələnməsi istisna deyil. Odur ki, «Azər-İlmə» MMC-də xalça bərpaçılığı sənəti də inkişaf etdirilir, müəssisəyə mütəxəssislər cəlb olunur. V. Muradov xalçaçılığı həkimlik sənətinə bənzədir. Onun sözlərinə görə, xalçanı yuyanda da, bərpa edəndə də həkim qədər dəqiq olmaq lazımdır: “Toxunuşunda nöqsanlara yol veriləndə, yaxud müxtəlif fiziki, bioloji qüsurları olanda, zədələnmiş və ya natamam vəziyyətdə olan xalçalar burada bərpa edilir. Emalatxanada çalışan sənətkarlar müasir və ya qədim tarixə malik xalçalar üzərində zərgər dəqiqliyi ilə apardıqları bərpa işlərini yüksək səviyyədə həyata keçirirlər. Hər ilməni yenisi ilə əvəz etmək, hər rəngə uyğun yeni çalar seçmək xalçaya verilən ikinci həyat deməkdir”.
   Yeri gəlmişkən, müəssisədə xalçaçılığın sirlərini öyrənmək də olar. Vidadi müəllim deyir ki, müraciətlər olduqda əyani şəkildə xalça toxumanın sirləri öyrədilir: “Bura gələn həm bu sənətin sirlərini öyrənir, həm də özü üçün qazanc yeri təmin etmiş olur”. 

  Xalçalar da ütülənir
   
   Toxunduqdan sonra bu emalatxanada xalçalarda olan toz və xov qırıntıları fıstıq ağacından hazırlanmış dolaqlarda hərəkət etdirilməklə təmizlənir, xüsusi hovuzlarda su, sabun və yuyulma üçün yararlı olan təbii məhlulların köməyi ilə yuyulub qurudulur. Xalçanın qeyri-adi gözəlliyinin, xovunun hamar və parlaq təsir gücünə malik olmasının sirlərindən biri də onun ən müasir üsullarla ütülənməsi prosesidir. Ütüləndikdən sonra xalça zərifliyi ilə göz oxşayır. Müəssisədə xalçaların nəinki ütülənməsi, hətta qablaşdırılması da həyata keçirilir.
   İstehsal edilən xalçalar ölçü və materiallarına görə dəst olaraq burada toplanır, ölçülür, yaxın və uzaq alıcıların ünvanına göndərilmək üçün qablaşdırılır.
   
   Xalçalarımız maddi-mədəni irsimizdir
   
   “Azər-İlmə” MMC-də toxunan xalçalar dünyanın bir çox ölkələrində - 1997-ci ildə ABŞ-da (Atlanta), 1999-cu ildə Almaniyada (Hanover), 2003-cü ildə Rusiyada (Moskva) keçirilmiş satış sərgilərdə müvəffəqiyyətlə nümayiş olunub, mükafatlara layiq görülüb. Burada istehsal edilən xalçalar ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və dünyanın digər ölkələrində şəxsi kolleksiyaların və evlərin bəzəyinə çevrilib.    

   Ceyhun Zərbəliyev