Musiqi alətlərinin tarixi min illər keçmişə gedib çıxır. Bu baxımdan Azərbaycan zərb musiqi alətlərinin tarixi də çox qədim və maraqlıdır. Bu alətlərdən söz düşəndə ilk olaraq göz önünə təbil, kus, nağara və qaval gəlir. Lakin bu alətlərin hansının daha qədim olduğu məlum deyil. Məsələn, ötən əsrin ortalarında Mingəçevir yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı 3 min il tarixi olan nəfəs musiqi alətləri tapılıb.
   
   Zərb musiqi alətləri içərisində təbil qədim tarixi ilə seçilir. Orta əsr müəlliflərinin əsərlərində göstərilir ki, təbil qədimdə mis və tuncdan hazırlanıb. Təbilin daha təkmilləşmiş növünün içərisi boş, oturacağı yastı olur. Onun ağzına aşılanmış dəri çəkilir və sonra bərkidilir. Zərb nəticəsində onun səsinin gurultusunu daha da artırmaq məqsədilə təbilin ortasına qayış, qaytan dolayarmışlar. Təbil çox zaman at belində səsləndirilib. Yaxşı at minənlər onu yəhərə bərkidər, lazım olan vaxt səsləndirirlər. Nizami Gəncəvi “İskəndərnamə” poemasında təbilin gur səsini belə təsvir edir:
   
   Səsdən bütün şəhər cuşa gələrək,
   Dəydi bir-birinə məşhər günü tək.
   Bu səsi eşidən qoca və cavan,
   Axışıb gəldilər hərə bir yandan.

   
   Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər müəlliflərin əsərlərində qədim zərb musiqi alətlərindən “kus” adlı alətin də adı çəkilir. Kus da təbil kimi qədimdə mis və tuncdan hazırlanıb. Oturacağı yastı, içərisi boş olur. Üst hissəsinə dəri və gön çəkilərək bərkidilir. Bu alətlər həm hərbi məqsədlər, həm də el şənliklərində və toy məclislərində istifadə edilib. XVIII əsrin ikinci yarısında tikilmiş Şəki Xan Sarayındakı təsvirlər arasında kus zərb alətinin rəsmi də var.
   Azərbaycanda vaxtilə geniş yayılan, indi isə nadir hallarda təsadüf edilən qədim zərb musiqi alətlərindən biri də lakitidir. Lakiti məlum olan zərb musiqi alətlərinin ən qədimidir. Bu alət əsasən palıd ağacından hazırlanıb. Düzbucaqlı formada olub, daha çox kitabı xatırladır. İçi boş, iki kiçik palıd ağacından ibarət olur. İki zərb çubuğu ilə çalınır. Başqa zərb alətinə nisbətən, onun səsi bir qədər məlahətli, lakin iti və cingiltilidir. Bu alət barədə məlumatlara heç bir yazılı ədəbiyyatda rast gəlinməyib. İlk dəfə bu alət Lerik rayonunda aşkar edilib. Elm aləminə isə musiqişünas Əhməd İsayev tanıdıb.
   Orta əsrlərdə geniş istifadə edilən zərb musiqi alətlərindən biri də dəfdir. Onun adına Nizaminin və Xəqaninin əsərlərində rast gəlinir. Xəqani dəf barədə yazır:
   
   Bir dəf vuran ustanı gör,
   Səfsəf duran heyvanı gör,
   Dəfdə şikaristanı gör,
   Bir-biri ilə cəng arar.

   
   Bu sətirlərdən dəfin nədən, necə hazırlanması, onun istifadə edilməsi və zərb musiqi alətləri sırasında tutduğu aydın olur.
   Dəf dairəvidir. Bir tərəfi boş, o biri tərəfinə dəri çəkilir. İçəri tərəfdən zınqrovları və metaldan hazırlanmış pulcuqları olur. Bu da dəfi çoxsəsli edir. Adətən palıd, ərik və başqa möhkəm ağac növlərindən hazırlanır.
   Zərb musiqi alətlərimizdən biri də nağaradır. Onun adına «Kitabi Dədə Qorqud»da rast gəlirik: «Gumbur-gumbur nağaralar döyüldü, bir qiyamət savaş oldu, meydan dolu baş oldu». Nizaminin əsərlərində də tez-tez «nağara» sözünə rast gəlinir:
   
   Çataraq inləyir, neyin nəfəsi,
   Nağara əl çalır, yüksəlir səsi.

   
   Azərbaycanda nağaranın tarixi daha qədim dövrlərə gedib çıxır. İlk dəfə nağara saxsı qabların ağzına dəri çəkilməklə düzəldilib. Sonralar isə nağaraları ağacdan düzəldiblər. Nağaraların hər iki tərəfinə dəri çəkilir, gövdəsinə çalın-çarpaz ip dolanır və metal halqadan keçir. Gur səs almaq üçün iplər tarım çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir.
   Qədim zərb alətlərimizdən biri də dümbəkdir. Dümbək əsasən el şənliklərində istifadə edilib. Yaranma tarixi məlum deyil. Ancaq onun Azərbaycanda eramızdan əvvəl işləndiyi ehtimal olunur.
   XVII əsr türk səyyahı Övliya Çələbinin «Səyahətnamə» əsərində Azərbaycan xalqının istifadə etdiyi zərb alətlərindən qaval, nağara və digərlərinin adları çəkilir.
   XVIII əsrin müəllifləri arasında Azərbaycanın musiqi mədəniyyətinə dair qiymətli məlumatlar alman səyyahı Engelbert Kempferin əsərində əksini tapıb. XVIII əsrin sonunda Azərbaycana səfər edən alman səyyahı burada etnoqrafik araşdırmaların nəticəsində yazdığı əsərlərində Azərbaycan musiqisindən də bəhs edir, zərb musiqi alətlərindən danışarkən təbilin adını çəkir. Müəllif azərbaycanlıların musiqisevər olduğunu, zəngin musiqi alətlərinə sahib olduqlarını qeyd edir.
   
   Savalan Fərəcov






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar