Çoxəsrlik inkişaf yolu keçmiş Azərbaycan incəsənəti bəşər mədəniyyətinə dəyərli töhfələr verib. Ulu babalarımız qayalar üzərində ilk rəsm əsərlərini yaradıb, dulusçuluq məmulatı, metal alətlər hazırlayıb və onları müxtəlif vasitələrlə bəzəyərək sənət əsərlərinə çeviriblər. Qobustanın qaya təsvirləri, bədii keramika və metal nümunələri, bədii şüşə və oyma sənəti, miniatürlər, xalça və xalça məmulatları, saxsı qablar, kaşı sənəti, zərif şəbəkələr və zərgərlik işləri, rəsm və heykəltəraşlıq əsərləri incəsənətimizin qədim və zəngin olduğunu sübut edir.
   
   Azərbaycanda xalça sənətinin də qədim tarixi var. Bu torpağın rəngarəng boyaların hazırlanmasına imkan verən zəngin bitki aləmi və zərif yunu xalça sənətinin yaranmasına və inkişafına şərait yaradıb. Azərbaycanda xalça sənətinin qədimliyini arxeoloji tədqiqatlar və bir sıra tarixi mənbələr də təsdiq edir. Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib və bu günümüzə qədər gəlib çatıb.
   Bu da həqiqətdir ki, hər bir xalq yalnız onun özünə məxsus olan bir cəhəti ilə fərqlənir. Azərbaycan xalqının özünəməxsus xüsusiyyətlərindən biri məhz xalça sənəti ilə bağlıdır. Kasıb ya dövlətli olmasından asılı olmayaraq ta qədimdən hər bir azərbaycanlının evini xalça və xalça məmulatları bəzəyib. Evdə böyüyən uşaq məhz xalça, palaz üzərində iməkləyib, ayaq tutub, divardakı, taxtın üstündəki xalça onun zövqünün, dünyagörüşünün formalaşmasına təsir göstərib. Beləliklə xalça, eyni zamanda, əvəzsiz estetik tərbiyə vasitəsinə çevrilib.
   Uşaqlıq dünyamızın ilk nağılları, əfsanələri də xalçalarımızla bağlıdır. Neçə-neçə nağıl, əfsanə qəhrəmanlarına qoşulub "uçan xalçalar"da «uçmuşuq».
   Tarixən Azərbaycana gələn səyyahlar və tacirlər buradan özləri ilə xalça aparıblar. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalçaları dünyanın ən zəngin muzeylərinin və bir sıra şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi muzeylərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə deyil, çox hallarda "İran xalçası", "Qafqaz xalçası" və s. adlarla təqdim olunur.
   Tarixdən məlumdur ki, XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycanın öyrənilməsi üzrə müəyyən ekspedisiyalar təşkil edilib. Həmin vaxtlar üzə çıxarılmış əşyalar isə ayrı-ayrı şəxslərin əlinə keçib, müxtəlif ölkələrin muzeylərinə verilib. Təbii ki, bu əşyalar sırasında incəsənət əsərləri də olub.
   Həmin dövrdə Azərbaycanda arxeoloji abidələrin tədqiqi ilə əsasən xarici arxeoloqlar (o cümlədən həvəskar arxeoloqlar) məşğul olublar. 1830-cu illərdə İsveçrə səyyahı Dübua de Manperi Gəncə şəhəri yaxınlığında qazıntı işləri aparıb, tapdığı arxeoloji nümunələri Fransaya göndərib. 1879-cu ildə İ.S.Polyakov Naxçıvan ərazisində, N.O.Selosani isə qədim Bərdə şəhəri xarabalıqlarında axtarışlar aparıb. Bir sıra əcnəbi həvəskarlar şəxsi kolleksiya toplamaq məqsədilə qəbir abidələrini qarət ediblər. Daşkəsən və Gədəbəy mis mədənlərində işləmiş V.Belk adlı şəxs 300-dən çox abidəni qarət etməklə topladığı nümunələri Almaniya muzeylərinə verib.
   Mədəniyyət sərvətlərimizin Azərbaycandan aparılması sovet hakimiyyəti illərində də davam edib. Bu dəfə həmin «vəzifəni» bədnam qonşularımız yerinə yetirib. Ermənilər 1920-1930-cu illərdə Qarabağın dağlıq hissəsinə, Qazax və Zəngəzur bölgələrinə ekspedisiyalar təşkil edərək xalqımızın tarixi və mədəniyyəti ilə bağlı dəyərli yadigarları aparıblar. Sevindirici haldır ki, bu gün dəyərli sənət nümunələrimiz respublikamızda fəaliyyət göstərən ayrı-ayrı muzeylərdə toplanıb. Həmin əşyalar qayğı ilə qorunur, öyrənilir və təbliğ edilir.
   Məlumdur ki, muzeylər öz profillərinə görə müxtəlifdir. Hər muzey öz profilinə uyğun toplama işi aparır, toplanmış materialları öyrənir və təbliğ edir. İncəsənət əsərləri profilindən asılı olmayaraq, demək olar ki, bütün muzeylərdə mövcuddur. Tarix, tarix-diyarşünaslıq və xatirə muzeylərində toplanmış nümunələr sənət əsərləri olmaqla yanaşı, həm də hər hansı bir mövzunun açılmasına, daha dərindən dərk olunmasına xidmət edir.
   Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilən rəsm və heykəltəraşlıq əsərləri ən mühüm tarixi hadisələri və onların mahiyyətini, ayrı-ayrı görkəmli şəxsiyyətləri əyani şəkildə tamaşaçıya təqdim edir.
   Rayon tarix-diyarşünaslıq muzeylərində göstərilən incəsənət əsərləri əsasən həmin bölgənin tarixini, mədəniyyətini, təbii gözəlliklərini özündə yaşadır, mövzunu tamamlayır, ekspozisiyanı zənginləşdirir, onun daha baxımlı olmasına təsir göstərir.
   Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində zəngin incəsənət kolleksiyası var. Rəngkarlıq və qrafika əsərləri, miniatürlər, heykəllər, illüstrasiyalar, xalçalar, müxtəlif xalq tətbiqi sənəti nümunələri ayrı-ayrı söz ustalarının ömür yoluna işıq tutmağa, onların yaradıcılığının öyrənilməsinə xidmət edir. Məlumdur ki, klassiklərimizin, xüsusən qədim və orta əsrlərdə yaşayıb-yaratmış şairlərimizin xatirə əşyaları, demək olar ki, qalmayıb. Fırça və tişə ustalarımızın yaratdığı sənət nümunələri bu boşluqları doldurmağa imkan verir.Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ayrı-ayrı teatr və opera tamaşalarına aid geyim eskizləri, maketlər, görkəmli teatr və musiqi xadimlərinin portretləri xüsusi maraq doğurur.
   Bakı şəhərində Əzim Əzimzadənin mənzil-muzeyində, Naxçıvan şəhərində isə Bəhruz Kəngərli muzeyində bu görkəmli fırça ustalarının həyatı və fəaliyyəti barədə məlumat verilir, əsərləri nümayiş etdirilir.
   İncəsənətimizə aid materialların əsas qismi bədii muzeylərdə toplanıb. Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Müasir İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyası təsviri və tətbiqi incəsənətimizin ən iri və zəngin saxlanc yerləridir. Bunlardan başqa, Naxçıvanda Azərbaycan Xalçası Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəmkirdə Çənlibel Xalq Tətbiqi Sənəti Muzeyi, 30-dək rayon rəsm qalereyası da incəsənət əsərlərinin toplanılması, qorunması və təbliği sahəsində səmərəli iş aparır.
   Dövlət İncəsənət Muzeyi 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılıb, 1937-ci il mayın 5-də açılışı olub. Muzey 1951-ci ildə Bakı şəhərinin mərkəzində ikimərtəbəli binaya köçürülüb. 1991-ci ildə Bakı Şəhər Partiya Komitəsinin üçmərtəbəli binası da bu muzeyə verilib. Hazırda Dövlət İncəsənət Muzeyində 17 mindən çox əşya toplanıb. Bunların sırasında rəsm və heykəltəraşlıq əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, xalq tətbiqi sənəti nümunələri və s. var.
   Ekspozisiyada Azərbaycan incəsənəti əsas yer tutur. Burada milli incəsənət tariximizə səyahət Qobustan qayaüstü rəsmləri ilə tanışlıqla başlanır. Bu rəsmlərin surətləri nümayiş etdirilir və tamaşaçılara bu rəsmlərin oxşar və fərqli cəhətləri, onların üslubu, kompozisiyası, işlənilmə texnikası və ölçüləri barədə professional biliklər verilir, tariximizin öyrənilməsində rolu işıqlandırılır.
   Muzeyin ekspozisiya bölmələrindən biri Azərbaycan xalça sənətinə həsr olunub. Burada ayrı-ayrı bölgələrə aid xalça və xalça məmulatları, habelə xalçaçı-rəssamların əsərləri nümayiş etdirilir. Azərbaycan xalça sənətinin incilərindən sayılan "Dörd fəsil" (Təbriz qrupu, XIX əsr) xalçası bu bölməni daha da zənginləşdirir.
   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ölkəmizin zəngin muzeylərindən biridir. Muzey respublika hökumətinin qərarı ilə 1967-ci ildə təşkil olunub, ilk ekspozisiyası isə 1972-ci ildə İçərişəhərdə, XIX əsrin memarlıq abidəsi olan "Cümə" məscidində açılıb, 1992-ci ildə Muzey Mərkəzinə köçürülüb və burada geniş və əhatəli yeni ekspozisiya qurulub.
   Ötən dövr ərzində muzey tərəfindən xalça və xalça məmulatlarının, digər xalq tətbiqi sənəti nümunələrinin toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində mühüm işlər görülüb. Muzeydə toplanmış əşyalar müxtəlif dövrləri əks etdirir. XII əsrə aid saxsı qablar, XIV əsrə aid bədii metal nümunələri, XVII əsrə aid xalça və xalça məlumatları, XIX əsrə aid bədii tikmələr, milli geyimlər muzey kolleksiyalarının qədimliyindən soraq verir. Hazırda muzeydə 15 mindən artıq müxtəlif sənət nümunələri saxlanılır. Ekspozisiyada Bakı, Quba, Şirvan, Qazax, Qarabağ, Təbriz məktəblərinə aid xovlu və xovsuz xalçalar, xalça məmulatları, habelə bədii tikmə, bədii metal, milli geyim, parça, zərgərlik nümunələri, keramika, şüşə, taxta və daş üzərində oyma işləri, müasir sənətkarların yaradıcılığından nümunələr nümayiş etdirilir.
   Bu gün ölkəmizdə muzeylərə, o cümlədən bədii muzeylərə dövlət qayğısı göstərilir. Prezident İlham Əliyev «Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında» xüsusi sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, son illər sürətli inkişaf dövrü yaşayan ölkəmizdə milli-mədəni sərvətin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi potensialı əsasında mədəniyyət sahəsində mühüm işlər aparılır, bir sıra mədəniyyət ocaqları yaradılır, mövcud mərkəzlər üçün yeni binalar inşa olunur. Sərəncamda muzey işi sahəsində təxirəsalınmaz əlavə tədbirlərin zəruri olduğu xüsusi vurğulanıb və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün xüsusi binanın inşa edilməsi, regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, muzeylərin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulmasının və ekspozisiyaların azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasının təmin olunması və s. nəzərdə tutulub.
   Eyni zamanda, Dövlət İncəsənət Muzeyinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılır ki, bu da müəssisənin müasir standartlara uyğunluğunu tam təmin edəcək.
   Şübhəsiz, bütün bunlar respublikamızda muzey işinin inkişafına böyük təsir göstərəcək, milli-mədəni dəyərlərimizin, o cümlədən incəsənət nümunələrinin toplanılması, qorunması, öyrənilməsi və təbliği işlərinin müasir tələblər səviyyəsində təşkilində mühüm mərhələ olacaq.
   
   Adilxan Bayramov