Əmək fəaliyyətimlə əlaqədar uzun müddət təmasda olduğum, təcrübəsindən öyrəndiyim, bəzən mübahisə etdiyim (muzey işində hərdən belə hallar da olur) və daim hörmətlə yanaşdığım şəxslərdən biri haqqında danışmaq istəyirəm. Bu şəxs uzun illər Azərbaycan Dövlət İncəsənət Muzeyinə rəhbərlik etmiş mərhum Kazım Kazımzadədir. Yaşından asılı olmayaraq tanıyanların böyük əksəriyyəti ona «Kazım müəllim» - deyə müraciət edərdi.
   
   Bəli, o, hər şeydən əvvəl müəllim idi. Ötən əsrin 30-cu illərində xalqının balalarını maarifləndirən işıqlı müəllim, öz mənəviyyatı ilə nümunə ola biləcək müəllim. Belə adamlar bir məktəb idilər.
   Kazım Kazımzadə 1913-cü ildə Bakı şəhərində doğulub. Əmək fəaliyyətinə də müəllim kimi başlayıb. Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Şabran rayonunda müəllimlik edib, kənd məktəbinin direktoru işləyib.
   Hələ texnikumda təhsil alarkən rəssamlığa böyük həvəs göstərib. Texnikumda sənət dərslərini tədris edən müəllimləri onun rəssamlıq istedadını hiss edərək bu sahədə təhsil almasını məsləhət görüblər. Nəhayət, Kazım Kazımzadə Bakı Rəssamlıq Texnikumunu da bitirib. Daha sonra bu sahədə ali təhsil alıb. Kazım müəllim o dövrün işıqlı simalarının əhatəsində olmuşdu, onlardan öyrənmişdi. O, Əzim Əzimzadədən dərs almış, Üzeyir Hacıbəyov, Səməd Vurğun kimi şəxsiyyətlərlə oturub-durmuşdu.
   Kazım Kazımzadə Azərbaycan fırça sənətinin görkəmli nümayəndələrindən biridir. Onun fırçasından çıxmış qrafik əsərlər yaradıcılığı üçün daha səciyyəvidir və üstünlük təşkil edir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat ən incə zövqlü şəxslər tərəfindən də rəğbətlə qarşılanır. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd idi. «Kitabi-Dədə Qorqud» eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla çəkdiyi illüstrasiyalar dediyimizi sübuta yetirir.
   Kazım Kazımzadə Böyük Vətən müharibəsinin iştirakçısı olub, həmin illərdə, hətta müharibədən sonra bu mövzuda dəyərli əsərlər yaradıb. Rəssamın əsərləri keçmiş SSRİ-nin müxtəlif guşələrində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Kazım müəllim teatr və kino rəssamlığı sahəsində də çalışıb, onun eskizləri əsasında gözəl xalçalar toxunub. O, sənət sahəsindəki uğurlarına görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, orden və medallara təltif edilib.
   Bütün bunlarla yanaşı, Kazım müəllim milli dəyərlərimizin təəssübkeş qoruyucusu və təbliğatçısı olub. Yarım əsr Dövlət İncəsənət Muzeyində direktor vəzifəsində çalışan K.Kazımzadə bu sahədə də səmərəli fəaliyyət göstərib. Məhz onun rəhbərliyi dövründə muzeyin fondları ən dəyərli sənət əsərləri ilə zənginləşdirilib, eyni zamanda Azərbaycanda, habelə dünyanın bir çox guşələrində nümayiş etdirilib, təsviri sənətimizin təbliğinə, fırça və tişə ustalarımızın geniş miqyasda tanınmasına, şöhrətlənməsinə mühüm təsir göstərib.
   Dövlət İncəsənət Muzeyi 1951-ci ildə, məhz Kazım müəllimin rəhbərliyi dövründə Bakının mərkəzində ikimərtəbəli binaya köçürülüb. 1991-ci ildə Kommunist Partiyasının ləğvindən sonra Bakı Şəhər Partiya Komitəsinin binası da muzeyə verildi. Kazım müəllimin rəhbərliyi ilə qısa müddətdə burada muzeyin yeni ekspozisiya bölmələri yaradıldı, fond və xidmət otaqlarının sayı artırıldı. Nəticədə uzun illər saxlanclarda qalmış qiymətli sənət əsərlərinin geniş tamaşaçı kütləsinə çatdırılması mümkün oldu. Muzey əşyalarının mühafizəsi və əməkdaşların iş şəraiti yaxşılaşdırıldı.
   Kazım müəllim dünya miqyasında tanınan muzey mütəxəssisi idi. O,1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olmuş, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilmişdi.
   Kazım Kazımzadə respublikamızda muzey şəbəkəsinin inkişafına da dəyərli töhfələr bəxş edib. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz Kazım müəllim verib. O, eyni zamanda respublikamızda sənətşünasların və muzey kadrlarının yetişdirilməsinə böyük əmək sərf edib. Əvvəllər Dövlət İncəsənət Muzeyində çalışmış mərhum akademik Rasim Əfəndiyev və professor Mürsəl Nəcəfov onu öz müəllimləri hesab edirdilər. Kazım müəllim haqqında kitabın və bir sıra məqalələrin müəllifi, tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də xeyli müddət bu muzeydə işləyib, onun dəyərli məsləhətlərindən faydalanıb.
   Kazım Kazımzadə 1992-ci ilin oktyabrında dünyasını dəyişdi. 50 il rəhbərlik etdiyi muzeydən götürülərək Fəxri xiyabanda torpağa tapşırıldı. Bir qədər sonra sənətşünas Ziyadxan Əliyevin Kazım Kazımzadənin 80 illik yubileyi münasibətilə nəşr olunmuş «Sənətkar ömrü» kitabına ön sözdə muzeydə onu əvəz edən Təbrik Qasımova belə yazdı: «Bu gün İncəsənət Muzeyinin divarlarında Kazım müəllimin nəfəsi, hər eksponatda əllərinin hərarəti, sənət yanğısı duyulmaqdadır. Sənət fədaisinin doğma evindən də artıq sevdiyi, ömrünün ən gözəl günlərini bəxş etdiyi İncəsənət Muzeyi ölməz sənətkarın ənənələrini qoruyub saxlamalıdır».
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar