Respublikamızın muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Xatirə muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısı 1970-1980-ci illərə, daha sonra isə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı dövrə təsadüf edir. Bu muzeylərin açılışı təntənəli mərasimlərlə müşayiət olunub, dövlət və hökumət rəsmiləri həmin mərasimlərdə iştirak ediblər.
Bakıda Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Bülbülün, Hüseyn Cavidin, L. və M. Rostropoviçlərin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Şamaxıda Mirzə Ələkbər Sabirin, Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın, Xızıda Cəfər Cabbarlının, Gəncədə Mir Cəlal Paşayevin, Göyçayda Rəsul Rzanın, Ağstafada Hüseyn Arifin, Ağdaşda Maqsud Şeyxzadənin xatirə muzeyləri həmin şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı materialların toplandığı, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu mədəniyyət müəssisələri, eyni zamanda, bu şəxsiyyətlərin xatirəsini əbədiləşdirən müqəddəs yerlərdir.
Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində bu cür müqəddəs ocaqlarımızdan bəziləri işğal olunan torpaqlarda qalıb. Şuşada Üzeyir Hacıbəylinin, Bülbülün və Mir Möhsün Nəvvabın, Ağdamın Gülablı kəndində Qurban Pirimovun, Laçının Güləbird kəndində Sarı Aşığın xatirə muzeyləri bu təcavüzün qurbanı olub, öz yurdlarında girova çevriliblər.
Xatirə muzeyi (memorial muzey, ev-muzeyi, mənzil-muzey də adlandırılır) adətən şəxsin doğulduğu, bütün ömrünü və ya həyatının müəyyən illərini yaşadığı, yaxud həmin şəxslə bağlılığı olan yerdə (evdə, mənzildə, iş otağında və s.) yaradılır. Mühüm tarixi hadisələrlə bağlı yerlərdə yaradılan muzeylər xatirə kompleksləri adlandırılır. Xatirə muzeyinin profili həmin şəxsin fəaliyyət sahəsinə uyğun müəyyən edilir.
Respublikamızın xatirə muzeyləri sırasında şair və yazıçılara həsr olunmuş ədəbi-xatirə muzeyləri çoxluq təşkil edir. Ədəbi-xatirə muzeyləri kompleksinə yazıçının yaşamış olduğu ev, mənzil, malikanə, onun şəxsi əşyaları, əlyazmaları, müxtəlif sənədləri, sağlığında nəşr olunmuş kitabları, yaxud yaradıcılığına həsr olunmuş tədqiqat işləri və s. daxildir.
Xatirə muzeyi yaradılarkən həmin şəxsiyyətin yaşadığı şəraitin bərpa olunmasına əməl edilməsi xüsusi tələb kimi qarşıya qoyulur. Məsələn, şəxsiyyətin iş və yataq otaqları, qonaq otağı onun sağlığında olduğu vəziyyətə gətirilməlidir. Bu otaqlarda (bunlar «xatirə otaqları» adlandırılır) həm əşyaların yerləşdirilməsi, həm də otaqların ümumi görünüşü (divar, döşəmə, tavan, istifadə olunmuş material və rənglər) həmin dövrü xatırlatmalıdır.
«Memorial» sözünün əsasını təşkil edən «memoria» latın sözüdür, Azərbaycan dilində «xatirə» sözünə uyğun gəlir. Xatirə muzeyinin əşyaları da təbii ki, həmin şəxsiyyətin həyatı və fəaliyyəti ilə bağlı olur. Buraya ilk növbədə muzeyin yaradıldığı yer (ev, mənzil, malikanə, iş otağı və s.) daxildir. Təcrübə göstərir ki, yaşadığı müddətdən asılı olmayaraq həmin yerdə xatirə muzeyi yaradılır və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Ona görə ki, mənsub olduğu xalqa başucalığı gətirən, öz xalqının tarixində və taleyində önəmli rol oynayan, elminin və mədəniyyətinin inkişafına dəyərli töhfələr verən şəxsiyyətlərin adı ilə bağlı hər bir məkan müqəddəs tutulur. Buraya gələn hər bir tamaşaçıda xoş hisslər, duyğular yaranır, şəxsiyyətin xatirəsi böyük ehtiramla yad edilir.
Məlumdur ki, böyük rus yazıçısı Lev Tolstoy 1910-cu ilin noyabr ayında evini tərk edib və həyatının son günlərini Ryazan-Ural dəmir yolunun Astapovo stansiyasında keçirib. O, yeddi gün stansiya rəisi İ.İ.Ozolinin evində yaşayıb və noyabrın 20-də orada dünyasını dəyişib. İndi həmin evdə «L.N.Tolstoyun xatirə muzeyi» fəaliyyət göstərir. Yazıçının dünyasını dəyişdiyi otaq 1910-cu ilin noyabrında olduğu vəziyyətdə saxlanılır. Digər otaqlarda yazıçının həyatı və yaradıcılığı ilə bağlı ekspozisiya yaradılıb. Xatirə muzeyi» Dövlət L.N.Tolstoy Muzeyinin (Moskva) filialıdır.
Böyük rus şairi Aleksandr Puşkinin 1831-ci ilin yay aylarında Tsarskoye Selo kəndində (indiki Puşkin şəhəri) kirayədə yaşadığı evdə indi onun adı ilə bağlı «Muzey-yaylaq evi» fəaliyyət göstərir. Muzeyin ekspozisiyası şairin həyat və fəaliyyətinin həmin dövrünü əks etdirir.
Pyatiqorsk şəhərində isə şair Mixail Lermontovun 1841-ci ildə həyatının son iki ayını yaşadığı evdə xatirə muzeyi yaradılıb. Bu mədəniyyət ocağı «M.Y.Lermontovun evi» Dövlət Muzeyi adlanır.
Respublikamızda ilk xatirə muzeyi - böyük Azərbaycan yazıçısı və filosofu M.F.Axundovun ev-muzeyi (Şəki) 1940-cı ildə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini və ilk gənclik illərini keçirib. Muzey iki kiçik otaqdan ibarətdir. Rus yazıçısı Aleksandr Fadeyevin «eyni ilə Belinskinin Çembardakı evi kimi kiçik, amma qalın bir tədqiqat əsərindən daha mənalı» hesab etdiyi bu ev XIX əsrin əvvəllərində çiy kərpicdən tikilib, qayğıkeş insanların sayəsində bu günümüzə gəlib çatıb. Burada məhz həmin dövrü əks etdirən şərait bərpa olunub. Evin yaxınlığında başqa bir tikili də var. Bu, sonradan inşa edilib və burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb.
Məlumdur ki, M.F.Axundov ömrünün əsas hissəsini Tiflis şəhərində yaşayıb və işləyib. Bu gün böyük yazıçının bir vaxtlar Tiflis şəhərində işləyərkən yaşadığı evdə onun xatirə muzeyi fəaliyyət göstərir. M.F.Axundovun ev-muzeyi adlanan bu mədəniyyət ocağı Gürcüstanda yaşayan soydaşlarımızın tez-tez toplaşdıqları yerdir. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi burada yerləşir.
Cəfər Cabbarlının Bakıda və Xızıda, Cəlil Məmmədquluzadənin Bakıda və Nehrəmdəki (Babək rayonu, Naxçıvan) xatirə muzeylərinin tarixi də xüsusi maraq doğurur.
Cəfər Cabbarlı Xızıda anadan olub, daha sonra ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq yazıçının bütün ömrü bu şəhərlə bağlanıb. Onun Bakıdakı ev-muzeyinin yerləşdiyi binanı yazıçının özü tikdirib. Cəfər Cabbarlının Bakı şəhərindəki ev-muzeyi ilə tanışlıq həyətdən başlayır. Unudulmaz sənətkarın əkdiyi tut ağacı, bu ağaca sarmaşan üzüm tənəyi, habelə əncir, nar, armud ağacları əvəzsiz eksponatlardır. Bəli, tut ağacını Cəfər özü əkib. Amma tut ağacını qollu-budaqlı görmək ona müyəssər olmayıb. Ömür vəfa etməyib. Axı, nə ömür sürüb ki, Cəfər?! Cəmi 35 il. Amma bu qısa ömürdə nə qədər iş görüb: pyeslər, hekayələr, şeirlər, poema, məqalələr, ssenarilər, tərcümələr...
1890-cı illərdə böyük yazıçı Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində müəllim işləyib və burada diyarşünaslıq muzeyi təşkil edib. Muzeydə Azərbaycan tarixinə aid, habelə etnoqrafik materiallar toplanmışdı. Cəlil Məmmədquluzadə bu sahədə fəaliyyətinə görə Xalq məktəbləri müdiriyyətinin təşəkkürünü alıb.
Bu gün Naxçıvan Muxtar Respublikasında yazıçının adı ilə bağlı yerlərdə yaradılan üç xatirə muzeyi fəaliyyət göstərir. Bu muzeylərdən biri Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvan şəhərində, digər ikisi isə ədibin müəllimlik etdiyi Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Cəlilkənd kəndindədir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyi də böyük yazıçının adını daşıyır. Əlbəttə, bütün bunlar Mirzə Cəlil sənətinə dövlət qayğısı və ümumxalq məhəbbətinin nəticəsi kimi dəyərləndirilməlidir.
Yazıçının Bakı şəhərində yaradılmış xatirə muzeyi də özündə maraqlı tarix yaşadır. Məlumdur ki, C.Məmmədquluzadə eyni zamanda, Azərbaycanda ilk satirik jurnalın, bütün Yaxın Şərqdə geniş yayılmış və şöhrət qazanmış «Molla Nəsrəddin»in yaradıcısı və naşiri olub. Jurnal əvvəllər Tiflisdə (1906-1917), sonra Təbrizdə (1921), daha sonra Bakıda (1922-1931) nəşr olunub.
Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov 1921-ci ildə Cəlil Məmmədquluzadəni Bakıya dəvət edib və həmin il iyunun 21-də indi muzeyin yerləşdiyi mənzilin açarını şəxsən özü ona təqdim edib. Jurnal Bakıda nəşr olunarkən onun redaksiyası da, mətbəəsi də elə burada, Mirzə Cəlilin mənzilində yerləşirdi. Bu mənzil Cəlil Məmmədquluzadə ilə yanaşı, digər «Molla Nəsrəddin»çilərin də xatirəsini özündə yaşadır.
Görkəmli yazıçı, tədqiqatçı-alim və pedaqoq Mir Cəlal Paşayevin ömür yolunun müəyyən hissəsi Gəncə ilə bağlıdır. O, 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub, atası Gəncəyə köçdüyündən uşaqlığı və gənclik illəri burada keçib. 1918-1919-cu illərdə Gəncə şəhərində ibtidai təhsil alıb, daha sonra Gəncə Darülmüəllimində oxuyub (1924-1928). İndi Gəncədə ədibin ev-muzeyi fəaliyyət göstərir. Burada onun həyatı və yaradıcılığı ilə bağlı ekspozisiya yaradılıb.
Əlbəttə, xatirə muzeylərində qorunan və nümayiş etdirilən xatirə əşyaları da xüsusi maraq doğurur. Bu barədə gələn yazılarımızda...
Adilxan Bayramov