Naxçıvan Muxtar Respublikasının ziyarətgahlarından danışarkən ilk öncə yada “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksi düşür. Dünyanın müqəddəs yerlərindən sayılan «Əshabi-Kəhf»ə inam olduqca güclüdür. Ziyarətgah tarixilik, dini inancların zənginliyi baxımından bu gün də diqqəti cəlb edir. «Əshabi-Kəhf» Naxçıvan şəhərinin şərq tərəfində, keçmiş Haçaparaq kəndi yaxınlığında yerləşir. Girişi güneydən başlanan mağara quzey istiqamətdə, dağın içərisinə doğru uzanıb gedir. Dünyanın bir çox müsəlman ölkələrində, qonşu İranda, Türkiyədə “Əshabi-Kəhf” ziyarətgahları mövcud olsa da, “Qurani-Kərim”də adı keçən mağaranın məhz Naxçıvanda yerləşən “Əshabi-Kəhf” olduğu sübut olunub. Mağaranın müqəddəsliyi xalq arasında yayılmış və bir sıra qaynaqlarda əksini tapmış rəvayətlə bağlıdır.
   
   Rəvayət, yoxsa həqiqət
   
   “Əshabi-Kəhf” ziyarətgahı haqqında rəvayəti Naxçıvanda uşaqdan tutmuş böyüyə qədər hamı bilir. Rəvayətə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan tək olan Allaha inanan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün şəhərdən qaçır.
   Yolda hökmdarın çobanına rast gəlirlər. Vəziyyəti öyrənən çoban da zülmdən cana gəldiyini və ümidini bir olan Allaha bağladığını bildirərək, onlara qoşulur. Bu vaxt çobanın iti də ardınca gəlir. İtin səs salıb onların yerini bildirəcəyindən qorxuya düşürlər. Çoban iti heç bir vasitə ilə qova bilmir, vurub ayağının birini sındırır. Bir azdan baxırlar ki, it yenə gəlir. Çoban onun ikinci ayağını sındırdıqda it insan kimi dil açıb zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda «Qitmir» adlanan yerdə basdırır. Bundan sonra onlar qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər.
   Şəhərə gələn vəzir pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandı, xəzinə tapmısan? O isə inandırmağa çalışır ki, pullar kimsənin deyil, onları dünən şəhərdən çıxarkən özü ilə götürüb. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir. Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri danışdıqdan sonra maraqlanan insanlar mağaraya doğru axışırlar. Vəzir yoldaşlarının bundan qorxuya düşəcəklərini söyləyərək onları xəbərdar etmək üçün qaçaraq mağaraya gəlir. Baş vermiş möcüzəni bildirir. Onların hər biri əl qaldırıb Allahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir. Xalq arasında yayılan bu rəvayət müəyyən dəyişikliklərlə qaynaqlarda da öz əksini tapıb.
   
   «Qurani-Kərim»də “Əshabi-Kəhf”dən bəhs olunur
   
   «Qurani-Kərim»in bu məsələ ilə birbaşa bağlı olan on səkkizinci «Kəhf» surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində «Əshabi-Kəhf» adı ilə tanınan mağaralar var ki, onların da «Qurani-Kərim»də adı keçən mağara olduğu iddia edilir. Bu məsələ «Qurani-Kərim»in 18-ci surə, 17-ci ayəsində belə açıqlanır: «Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...».
   Adətən mağaranın içərisinə girəcəkdən baxarkən, yəni girişdən sağ və sol nəzərdə tutulur, məhz Naxçıvandakı «Əshabi-Kəhf»də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. «Qurani-Kərim»dəki bu fikirlər mağaranın Naxçıvanda olmasını sübut edir. “Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında «Əshabi-Kəhf»in vəziyyətini araşdırırdılar. Dedilər ki: «Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir». Onların vəziyyətinə vaqif olanlar isə: «Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik” - dedilər. Naxçıvandakı «Əshabi-Kəhf»də indiki məscid də qeyb olanların yaxınlığındadır.
   
   Mağaranın qədimliyi ərazinin ilkin yaşayış məntəqəsi olduğunu sübut edir
   
   Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi bulaq quruyub. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarət idi ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarət olmasına baxmayaraq, çoxlu ağac və kollar var.
   
   Ziyarətgaha gələnlərin sayı ildən-ilə artır
   
   Bu gün “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə “Əshabi-Kəhf”də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində “Qonaq Evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib.
   
   Hazırladı:
   Ceyhun Zərbəliyev