Çox qəribəliklər, möcüzələr var dünyada. Bu möcüzələrdən biri də doğma ana dilimizdir. Bu şirin dildə danışmaq, onun ezoterik möcüzəli ahəngini duymaq, bu dilin musiqisilə axmaq, bu dildə məhəbbətdən, xeyirxahlıqdan, düşmənə nifrətdən, dosta sədaqətdən danışmaq, elmdən bəhs etmək səadəti mənə də nəsib olduğundan bəxtiyaram. Lakin ana dilimiz yalnız danışmaq, düşünmək və yazmaq üçün deyil. Sözlərdə kodlaşıb bizə keçmişimizdən gələn bilgiləri araşdırmaq, özümüzü dərk etmək, anlamaq üçündür ana dilimiz.
   
   Mən dilçi deyiləm, dil üzrə ixtisaslaşmamışam. Amma milli mətbəx mədəniyyətimizi tədqiq edərkən xörək adlarımızın mənalarını açıqlamaq üçün dilimizə tez-tez müraciət etməli olmuşam. Həm də mən kənddən, yəni sazdan, sözdən gəlmişəm şəhərə. Aşıqların deyişməsi, dastanların ruhu, söz güləşdirmələri, bulaqların şırıltısı, otların xışıltısı, ocaqdakı yaş odunun xışıltısı, quru çırpının çartıltısı - daha nələri yaşamışam və bunların hamısını ana dilimdə tapmışam. Bir də təfəkkürümün formalaşmasında çox güclü rolu olan, məntiqi dünya görüşünə bu gün də heyran olduğum riyaziyyatçı müəllim dayım Mayılın uşaqlığımda mənə dediyi bir söz yaddaşımda həkk olunub: «qrammatika dilin riyaziyyatıdır». Dilin riyaziyyat kimi məntiqi təhlilə, daxili həndəsi quruluşa malik olduğunu isə sonralar daha yaxşı dərk etmişəm.
   İndi isə ana dilimizin məntiqinə, riyaziyyatına dayanaraq özümüzü bir az ana dilimizlə açıqlamaq istərdim.
   İlk öncə yaranışa qayıtmaq istərdim. Yaradanın möcüzələrindən biri işıqdır. Fiziklər işığın ən çox insanın baş hissəsində, sonra əlinin və ayaqlarının həndəvərində olduğunu söyləyirlər. Bu güclu işıq axınının rəsmlərini biz ikonalarda da görürük.
   İndi isə başda olan hissələrin adlarına diqqət yetirək: «buxaq», «dodaq», «damaq», «yanaq», «qulaq». Bu sözlərdə «ağ» sözü - işığın əsas adı - aydınca eşidilir. Biz buraya «barmaq», «ayaq» sözlərini də əlavə etsək, bu orqanların adında «ağ», yəni təmiz işığın adını eşitdiyimizi görərik. Beləliklə, ehtimal ki dodaq - dadlı ağ (dadlı işıq); damaq - dada baxan ağ (işıq) ; qulaq - gül ağ, gül işıq (gül kimi açılıb, insanın bütün orqanlarına gedən nöqtələri özündə birləşdirib); buxaq, buğaq, buğlu, tərləyən, nəm işıq; barmaq, parmaq, parıltılı ağ, parıltılı işıq, yaxud varmaq - gedən, hərəkətdə olan işıq; ayaq - ay işığı (bədəndə olan bütün üzvlərlə bağlı nöqtələrin toplandığı yer). Ayın işığı soyuq işıqdır, ona görə də “ayağını isti saxla, başını sərin” deyiblər. Başda işıq çox olduğundan od tutub yanır.
   Dilimizdəki deyimlərdəki «utandığından qulaqları yanırdı, yanaqları allanmışdı» ifadələri də bu orqanların yandığını, işıq verdiyini göstərir. «Ağız» sözündə də üzdəki ağ, üzdə yanar, üzdəki işıq mənası duyulur. Sonra başda olan orqanlardan biri də «alın»dır ki, burada «al» - alov, yanar sözünün başqa adını görürük. Başda yerləşən digər vacib orqan adlarından biri də «burun»dur. «Un-ün-ön» keçidinin dilimizdəki mövcudluğu bu orqanın öndə duran, önə çıxan, öndə gedən, ünlü, vacib olduğunu göstərir. «Bur» sözünün «bur-pur-pür-pir» keçidlərini nəzərə alsaq, pür - yəni təmiz, işıqlı, «burun» sözünün yanar, təmiz, işıqlı, öndə duran mənasını verdiyini görürük. Üzümüzdə ən vacib orqan adlarından olan «Göz»- «köz» - yanar sözüdür. Nağılda «gözləri yanar boz canavar» dediyimiz kimi. Başda örtük rolu oynayan saç da altında alov yandırılan, üstündə bərəkət bişirilən sacla, ən milli, ən qədim ocağımızın adı ilə bağlıdır.
   Gözlərimizi tərdən qoruyan «qaş» sözü də işıqla bağlıdır. Axşam düşəndə, havanın işığı azalıb, qaranlıq düşən vaxta biz «qaş qaraldı», «qaş qaralan vaxt» deyirik. Yəni əslində gündüz kimi qaş da işıqlıdı. Ehtimal ki, çox təmiz, xeyirxah, qorxmaz adamlarda bu işıqlar o qədər güclənir ki, başın ətrafı şölə saçır. «Alnı açıq, üzü ağ», yəni «alnı açıq, üzü işıqlı» insanlara keçmişdə «aynalı», «işıqlı» deyiblər. Bu deyim «Kitabi Dədə Qorqud»da da qalıb. Belə insanlar ahıllaşanda «pir» olurdular. «Səni pir olasan» ifadəsi də burdandır. Pir olasan, yəni ocaq, işıq olasan, mənasındadır. Belə igidlərə «aynalı», gözəllərə isə «ay qabaqlı», «ay kimi işıqlı» deyilib. Adlarımızda indiyə qədər saxlanılıb bu işıqlı, nurlu, təmiz aynalı adlar. Aybəniz, Aynur, Aysu, Aynalı, Aygün, Günay, Nurgün, Nuranə və s. və i.a.
   «Yel əsdi rübəndi atdı üzündən,
   Elə bildim doğdu ay, sarıköynək».
   deyəndə işığa, nura bələnmiş işıq görüb babalarımız. Əvvəllər fikirli adama «aynası tutulub» deyərdilər.
   İşıqlı, təmiz könülə malik başda adının kökündə ağ işıq olan «ağıl» durur. Yüksək ağıllı adamlara ziyalı deyirlər. Slavyan dillərində də ağıla, elmə «osvəti», «osviti» (Ukrayna dilində indi də saxlanılıb), yəni «işıq» deyilir. Bunun İlahidən gəldiyini qədim türk dilindən də görürük. Çox ağıllı adamlara, işıqlı şəxslərə, alimlərə «Çələbi» - yəni Allahınkı, deyib babalarımız. Belələrinə rusca «prosvetitel», yəni işıqlandıran deyilib.
   Hərəkətdə olan, üzə çıxan, ortaya qoyulan ağıla, işığa «bilik» deyirik. Güclü işıqdan, ağızdan üzə çıxan biliyi həyata keçirən orqana «bilək» deyib babalarımız, yəni «bilik əkən».
   «İgid biləkli olar» deyirdi babalarımız. Gözəllərin biləklərinə «şümşad», yəni parıldayan, işıqlı deyib dilimiz.
   Ağızdan çıxan işığın gücünü bilən babalarımız “Ağzını xeyirliyə aç” vəsiyyəti qoyublar bizə. Aynalı, işığı çox güclü olan gözəl igidlər niqab, gözəllər isə rübənd gəzdiriblər ki, Allah eləməmiş üzlərinə, işıqlarına toz düşər, bədnəzər dəyər, işıq azalar. Sifət xüsusilə qandan, qan-qadadan qorunub. Çünki işığa toxunan qan qada, bəla gətirir. Ona görə ağız işığını qana batıran mənasında «qan içən» ifadəsi formalaşıb. Bu səbəbdən məcbur olub döyüşə gedəndə igidlər «əlcək» geyiniblər ki, əlləri, biləkləri qana batmasın. «Əlləri biləklərinə qədər qan içində» olanlar işığı sönmüşlərdir. Ona görə gözəl işıqlılar sülhsevər idilər. Pir olanlar, ümumiyyətlə, döyüşməzdilər.
   Milli təfəkkürümüzdə Pir olmaq, sülhsevərlik istəyi var. İşıqdan yaranmışlar olduğumuz beləcə açıqlanır dilimizdə, beləcə kodlaşdırılıb yaddaşımıza verilir. Bu dili itirsək, işığımız sönə bilər. Bu, dilimizdə ən ağır cəza, ən ağır qarğışdır.
   Sonralar yalandan «Sağlam bədəndə sağlam ruh olar» dedilər, yalnız fiziki vasitələrlə yalançı gözəllik yaratmağa başladılar. Ruhu söndürməyə çalışdılar. Ən sağlam, ən güclü zahiri görünüşü bütün fiziki «standartlara» uyğun olan kəsə, Allah eləməmiş, ata-anasının, ya başqa əzizinin öldüyü xəbərini verin və görün, bu sağlam bədəndə sağlam ruhdan nə qalacaq. Amma ürəkdən sevənlərə baxın. Alın açılır, bərq vurur, gözlər alışıb yanır, sifət allanır, bütün sima gözəlləşir, aynalaşır, belə adamların «alnı açıq üzü ağ olur», hərəkətləri oynaq olur, iş qabiliyyəti artır, danışıq güclü, hissiyyatlı, çılğın enerjili olur, başqalarını xəstələndirən soyuqdəymə, tumov və s. xəstəliklər onları tutmur, çünki immun sistemi çox güclənir. İnsan gözəl olur.
   Deməli, sağlam ruh bədəni sağaldır, məhz ruh sağlam olanda bədən də sağlam olur. Çünki bədən ruhun paltarıdır. Ruh bir gün bərk maddədən olan bu paltarı köhnəldib çıxarıb atacaq, başqa formaya keçəcək, yenə məkansızlıqda məqam tutacaq.
   Diqqət versək, görərik ki, «gözəl» sözü də «göz», yəni qəlbin aynası və «əl» sözündən, yəni hərəkətdə olan alovdan, əməl alovundan ibarətdir. Ekstrasenslər əlləri ilə müalicə edirlər. Tibet İncilində yazılır ki, «öz müqəddəs tutanqanlarınızı, gözlərinizi və əllərinizi qoruyun». Yəni gözəl, işıqlı olmaq üçün könlünüz və əlləriniz murdardan təmiz olmalıdır, pis fikirlər və pis əməllərdən uzaq durun. Yəni yalnız könül gözəlliyi və əməl təmizliyi olanlar gözəl olur. Ağızdan, işıqdan çıxan sözlər də təmiz olanda insan xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl sahibi olur, müqəddəsləşir, «ruhlanır», yəni ruhu daha güclü olur, pirləşir, işıqlanır.
   Dilimiz «Gözəllik ondur, doqquzu dondur» deyənlərin, bizi aldadanların yalanını yerindəcə açır. Çünki «don» sözü «donmaq» inkişafdan qalmaq, hərəkətsiz, yaşamsız qalmaq deməkdir. «Gündə min dona girir», «İgid atın çulu cırıq olar» deyən dilimiz dona mənfi baxıb. «Gözəllik ondur, sonuncusu, doqquzuncusu dondur» deyib dilimiz. Sıfırdan doqquza qədər tək rəqəmi bilən babalarımız doqquzu sonuncu tək rəqəm mənasında işlədiblər. Donu axırıncı yerə qoyan babalarımız sonradan əlavə ediblər ki, «Eyibsiz gözəl olmaz, hər gözəlin bir eybi var». Dilimizdə belə kodlaşıb əsl həqiqətlər.
   Baxın, ana dilimiz insanı necə açıqlayır, necə ortaya çıxardır hər orqana öz funksiyasına, quruluşuna uyğun ad verməklə. Bu adlarda formanı deyil, paltarı deyil, ilk növbədə Allahımızın bizə özündən verdiyi işığı, ruhu göstərir. Mənliyimizi, indi mentalitet deyilənləri göstərir.
   Dilimizin özündə çox işıq var. Çox sözlərimiz işıqdan, onun atributlarından gəlir. Aşiq, aşıq, şax (şax, düz durmaq), şıx, yaraşıq sözləri işığa tutulmuş sözlərdir.
   “Qız” sözü - qızmar, isti, odlu-işıqlı deməkdir. “Qaynar” sözündə həm sağ, həm ağ işıq sözlərini eşidirik. “Qonaq” sözündə də evimizə qonan işıq, evi işıqlandıran mənalarını duyuruq. “Bulaq” - işığı bulan (tapan), işığa çıxan mənasını verir.
   Dağa tapınmağımız, «Kitabi Dədə Qorqud»da qız-gəlinin dağı özünə qayınata bilməsi dağın hündür, ağ, işıq mənası ilə bağlıdır. İndi də dilimizdə saxlanılmış «dağ çəkmək», «dağ basmaq», «dağlamaq», yəni yandırmaq, «yağı dağ etmək», «dağ su» - yəni isidilmiş mənalarının saxlanması bununla bağlıdır. Dilimizdə belə yanar, alovlu, isti işıqlı mənalara malik sözlər yüzlərcədir.
   Hansı dildə insan, ruh, gözəllik belə düzgün açıqlanır? Bəlkə dilimiz ağ işığın verdiyi, yaratdığı ən əzəl, ən gözəl dildir. Axı Vətənimizin, torpağımızın da həm adının, həm yerləşdiyi məkanın müqəddəsliyi haqqında nə qədər faktlar, fərziyyələr var. Bəlkə bizim aydan arı, sudan duru olmaq, aynamızla işıqlandırmaq missiyamız var. Bunun üçün öncə özümüzün işıqlanmağımız, öz eynimizin, aynamızın açılması lazımdır. Burada ana dilimiz çox lazım olacaq. Dilimizin korlanmasına, «Sağlam bədəndə sağlam ruh olur», «Gözəllik ondur, doqquzu dondur» və s. söylənməsinə imkan verməyin. Öz ana dilimizlə, öz işığınızla dağıdın onların qaranlıqlarını. Qoy üzünüz ayna, işıq olsun. Ana dilimiz Sizə bu yolda yar olsun!
   
   Tahir Əmiraslanov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar