XIX əsrin ortalarında Qafqazda mühüm strateji region kimi Xəzərin öyrənilməsinə başlanıldı. 1854-cü ildən aparılan sistemli tədqiqatlar nəticəsində yeni atlas hazırlandı və bu atlas Abşeron yarımadası və ətraf adaların təsvir olunduğu 22 xəritədən ibarət idi. Paralel olaraq, Xəzər dənizində gəmilərin təhlükəsiz üzməsi üçün Abşeron yarımadasında yeni mayakların qurulması və köhnəlmiş mayakların bərpası işləri aparılırdı.
   
   Qız qalasından mayak kimi istifadə olunub

   
   İlk əvvəl şəhərin cənub-şərq hissəsində yerləşən, hündürlüyü 29,5 metr olan Qız qalasının mayaka uyğunlaşdırılmasına başlanıldı. 1858-ci il iyunun 13-də Qız qalasında mayak atəşi yandırdılar və bu, gecə vaxtı Bakı buxtasına girişə işarə idi. Mayak 15 km aralıdan görünə bilirdi. Günorta vaxtı mayakın işığı ətraf dağların fonunda itdiyindən 1895-ci ildə Qız qalasının yuxarı hissəsinə ağ enli zolaq vurdular. 1907-ci ilədək Qız qalasından mayak kimi istifadə olunub.
   
   Böyük Zirədəki mayak 3 metrlik bürcdə yanan fənərdən ibarət idi
   
   Nargin (Böyük Zirə) adasındakı mayak 1884-cü ildə başlayıb. Adanın qərbində quraşdırılan mayak gəmilərin gecə vaxtı Bakı körfəzinə yan almasını təmin edirdi. O, birotaqlı daş evin binasında kiçik, 3 metrlik bürcdə yanan fənərdən ibarət idi. Gəmilərin yolunu ağ neft fitilli çıraq, sonra içə qaz fənəri işıqlandırırdı. Bu işıq-optik aparat İsveçrədə hazırlanmışdı. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar sovet hərbi komandanlığının əmri ilə mayakın binası partladıldı. Bu zaman Nargin adasında Bakının hava hücumundan müdafiəsi üçün zenit silahları quraşdırılırdı. Çünki mayakın binası alman aviasiyası üçün yaxşı səmti göstərə bilərdi. Nargindəki mayak 1958-ci ildə bərpa olundu. Adanın orta hissəsindəki yüksəklikdə daşdan 18 metrlik, mürəkkəb optik-naviqasiya sistemi olan qala tikildi. Bu mayak indi də fəaliyyət göstərir və onun işığı 20-30 km məsafədən görünür.    

   Abşeron mayakı: orijinal quruluşa malik daş qala
   
   Abşeron sahillərində mayakların yaradılması ideyası Rusiya imperiyasının Qafqaz canişinliyi tərəfindən hələ 1852-ci ildə irəli sürülmüşdü. Amma vəsait çatışmadığından təklif təxirə salındı. Bir neçə il sonra gəmilərin təhlükəsizliyi məsələsi aktuallaşanda, 1857-ci il sentyabrın 14-də Şoulan burnu yaxınlığında iri «Quba» gəmisi zədələndi. Gəmilərin təhlükəsizliyinin təmin olunması üçün Abşeronun şimal sahillərində XIX əsrin II yarısında üç mayak - Abşeron, Amburan (bəzən onu Nardaran da adlandırırlar) və Şoulan mayakları tikildi. Bu mayaklar indi də fəaliyyətdədir. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda Abşeron mayakı quruldu. O, yerli mayaklar içərisində ən böyüyüdür. Mayak 25 metrlik orijinal quruluşa malik, tağ şəkilli girişi və lövbər formasında pəncərələri olan daş qaladır. Tikilinin zirvəsinə doğru 102 dolama pilləkən var. Mayak 1860-cı il oktyabrın 23-də istifadəyə verilib. Onun işığı 38 km-dən görünürdü, mayak ağ neft lampası ilə işıqlanırdı. 1956-cı ildə lampa elektrik işığı ilə əvəzləndi. Hazırda mayak elektrik lampası və xüsusi linza sistemi ilə işıqlanır.
   
   Səngi-Muğan mayakı Eyfelin hesablamalarına əsasən hazırlanıb
   
   Ümumilikdə, Xəzər boyunca mövcud olan 19 mayakdan 9-u Azərbaycan sahillərində yerləşirdi. Bu mayaklardan daha ikisi maraq doğurur. Onlardan biri Səngi-Muğan (Svinoy), digəri Lənkəran mayakıdır. Səngi-Muğan adasındakı mayak 1891-ci ildə Fransada gözəl metal qalaların ustası olan Eyfelin hesablamalarına və çertyojlarına əsasən hazırlanmışdı. Mayak təxminən 50 metr hündürlüyü olan çuqun borudan ibarət idi. Adadakı çoxsaylı palçıq vulkanlarından birinin püskürməsi zamanı qaz 150 metrdən hündürlükdə fontan vurdu və mayakın çuqun borusu əridi. Sonradan burada yeni elektron mayak quraşdırıldı.
   
   140 yaşlı Lənkəran mayakına turistlərin böyük marağı var
   
   Orijinal tikiliyə malik 140 yaşlı Lənkəran mayakı Lənkəran qalası ilə eyni vaxtda, istehkam məqsədilə inşa olunub. Bu tarix 1747-1786-cı illəri əhatə edir. O vaxtlar tikili şəhərin digər istiqamətində olan dairəvi qala ilə bir kompleks kimi fəaliyyət göstərirdi. Hər iki binanın arasında gizli yol mövcud idi ki, bu yolla gəmi ilə gətirilən dustaqlar bir qaladan digərinə aparılırdı. Çar Rusiyası dövründə qalanın yuxarı hissəsinə minarə və işıqlandırıcı fanar qoyularaq mayak yaradılır. Onun yerdən qülləyədək olan hündürlüyü 36 metrdir. Qüllədə yerləşdirilən bu optik cihaz vasitəsilə dənizdə 45 km-ə qədər olan əraziyə işıq vermək mümkündür. Hazırda mayak vasitəsilə Xəzərin cənub sularında üzən bütün gəmilər öz istiqamətlərini müəyyən edirlər. Lənkəran mayakı cədvəllə işləyir. Günəş batandan mayak işə başlayır, günəş çıxan zaman o fəaliyyətini dayandırır. Lənkəran mayakı təkcə gəmilərə yol göstərmir. Onun qülləsindən şəhərin dörd yanını müşahidə etmək mümkündür. Rayona gələn yerli və xarici turistlər buradan Lənkəranı seyr edərək, ərazinin gözəl mənzərəsindən zövq alırlar. Fransız layihəsi əsasında inşa olunan və əsrlərdir müxtəlif tarixi hadisələrin şahidi olan Lənkəran mayakı 1957-ci ildə yeniləşdirilib. Onun enli dairəsinin üstü dəmirlə örtülüb.
   
   Kürsahili mayaklar fəaliyyət göstərmir
   
   Kürün sahilində bu gün onlara ehtiyac olmadığı üçün fəaliyyət göstərməyən iki mayak var. Digər mayak Azərbaycanın İran İslam Respublikası ilə sərhədində - Astaradadır. Bundan əlavə, vaxtilə Xəzər donanmasının tərkibinə bir neçə üzən mayak daxil idi. Onlar təhlükəli sualtı qayaların olduğu və ya adi mayakların tikilə bilmədiyi dayaz yerlərdə quraşdırılırdı.
   
   Hazırladı: Ceyhun







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar