Məlumdur ki, incəsənət əsərləri profilindən asılı olmayaraq bütün muzeylərdə mövcuddur. Ədəbi-xatirə muzeylərində də bu qəbildən olan dəyərli nümunələr var. Buraya rəsm və heykəltəraşlıq əsərləri, xalq-tətbiqi sənəti nümunələri və xalçalar, o cümlədən portretlər, yazıçının əsərlərinə çəkilmiş illüstrasiyalar, geyim eskizləri və s. daxildir. Bu əsərləri bir neçə qrupa bölmək olar. Elə əsərlər var ki, onlar yazıçının sağlığında ərsəyə gəlib. Bunlar xatirə əşyası olduğu üçün xüsusi muzey əhəmiyyəti kəsb edir.
      
   Muzeyin ekspozisiyası qurularkən mövcud mövzu-ekspozisiya planına uyğun olaraq yeni incəsənət əsərləri sifariş edilir və bədii tərtibat işində onlardan istifadə olunur. Bir sıra əsərlər isə sonradan yaradılır və muzeyə təqdim edilir. Ayrı-ayrı şəxslər tərəfindən hədiyyə olunmuş nümunələr də var.
   Bütün bunlar sənətkar ömrünün aynasıdır. Sənətkarın ömür yolu, yaşamış olduğu anlar, yaratdığı obrazlar fırçanın dili ilə muzeyin ziyarətçilərinə çatdırılır.
   Səməd Vurğunun ev-muzeyinin yerləşdiyi binanın birinci mərtəbəsinin bayır divarında şairin büstü qoyulub. Binanın giriş qapısına daxil olub üçüncü mərtəbəyə qalxırıq. Burada divar boyu şairin ayaqüstü portreti mozaik pannoda canlandırılıb. Muzeyə giriş qapısının önündə isə tamaşaçı onun büstü ilə qarşılaşır.
   Muzeyə daxil oluruq. Səməd Vurğunun dünyaya gəldiyi Yuxarı Salahlı kəndinin görünüşünü əks etdirən tablonu və kənddəki evlərinin maketini görürük. Xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi tablo «Şairin gəncliyi» adlanır. Burada təsvir olunan kənd uşağının - Səmədin nikbin nəzərləri gələcəyə dikilib. Rəssamın yağlı boya ilə işlənilmiş başqa bir əsəri - «Səməd Vurğunun portreti» qonaq otağında nümayiş etdirilir. Mikayıl Abdullayev bu tablonu şairin sağlığında - 1944-cü ildə naturadan çəkib. Şair Şüvəlandakı bağında, tut ağacının altında yaradıcılıq prosesində təsvir edilib. Rəssamın böyük ustalıqla yaratdığı tablonun qarşısında öz dostlarını bağına dəvət edən şairin bu misralarını xatırlayırsan:
   
   Gəlin dostlar!
   Mənim könlüm dönməmiş sizdən,
   Bağımdakı tut ağacı bir alaçıqdır.
   Məhəbbətlə tutacağam əllərinizdən,
   Qəlbim kimi üzünüzə qapım açıqdır.
   
   Muzeydə Səməd Vurğunun naturadan çəkilmiş daha iki portreti - qrafika işi də var. Bunlardan biri 1950-ci ildə Bakıda rəssam Yar Kravçenko tərəfindın, digəri isə 1954-cü ildə Moskvada, şair Pavel Antokolskinin evində rəssam Bunin tərəfindən çəkilib. Nisbətən kiçik ölçülü bu rəsm əsərləri şairin iş otağında nümayiş etdirilir.
   Muzeydə maraq doğuran kiçik ölçülü başqa bir rəsm əsəri də var. Bu rəsm əsərini şairin böyük oğlu Yusif (Xalq yazıçısı Yusif Səmədoğlu) çəkib. Yusifin on altı yaşında olarkən çəkdiyi rəsm Qazax Müəllimlər Seminariyasının tələbəsi olan Səməd Vurğunun fotoşəklinin surətidir.
   Muzeydə nümayiş etdirilən başqa bir boyakarlıq əsəri «Şair, nə tez qocaldın sən» adlanır. Rəssam Nəcəfqulu İsmayılov öz tablosuna Səməd Vurğunun eyni adlı şeirinin adını verib. Bu tabloda bütün həyatı boyu mənsub olduğu xalqın təəssübünü çəkən, sözün həqiqi mənasında alovlu bir vətənpərvər olan, xalq tərəfindən sevilən, bununla birlikdə 1937-1938-ci illərdə, habelə 1950-ci illərin əvvəllərində haqsız hücumlara məruz qalan və nəticədə «tez qocalan şairin» obrazı yaradılıb. Lakin bu «qocalıq» şərtidir. Tablo qarşısında elə böyük şairin öz misraları yada düşür:
   
    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm.…
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim, bir də Vətən:
    Şair, nə tez qocaldın sən?!
   
   Muzeydə şairin 50 illik yubileyində ona bağışlanmış incəsənət əsərləri də nümayiş etdirilir. Üzərində Səməd Vurğunun portreti olan xalça Elmlər Akademiyasının, böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin fırçasından çıxmış «Qudyalçayın sahilində» boyakarlıq əsəri Rəssamlar İttifaqının hədiyyəsidir. Şairin dostlarından Pavel Antokolskinin bağışladığı kiçik heykəl, Maksim Rılskinin hədiyyəsi - bəzək qutusu, Qafur Qulamın hədiyyəsi - milli özbək xalatı, Georgi Leonidzenin Gürcüstandan gətirdiyi şərab dəsti də burada nümayiş etdirilir. 1976-cı ildə şairin 70 illik yubileyi münasibətilə üzərində onun portreti olan yeni bir xalça da toxunub və muzeyə təqdim edilib.
   Cəfər Cabbarlının ev-muzeyinin ekspozisiyasında da incəsənət əsərlərindən geniş istifadə edilib. Məlumdur ki, Cabbarlı ən böyük fikirlərini pyeslərində ifadə edib. Elə bir zəngin obrazlar qalereyası yaradıb ki, burada istənilən tipə rast gələrsən. Muzeyin həyətində rəssam Mirzəağa Qafarovun «Cabbarlı dünyası» adlı mozaik pannosunda bu obrazların bir neçəsi ilə görüşürük. Pannonun mərkəzində ədibin portreti, onun ətrafında isə obrazları öz əksini tapıb.
   Cəfər Cabbarlının qəhrəmanları Aydın və Oqtay sadə insanların yaxın dostu, silahdaşıdır. Aydın özü də belə deyir: «Həyata yanaşınca içindəki təzadları, birinin varlı, birinin yoxsul, kiminin hakim, kiminin məhkum olduğunu görüncə, bu arzu dəyişib bir fikrə çevrildi: bütün yaşayışda bir inqilab yaratmaq...»
   «Səfillər padşahı» Oqtay Eloğlunun etiraz səsi çox güclüdür: «Mən dünyada ədalət divanı adlı bir şey tanımıram. Hamısı yalandır!.. Mən yenə ancaq bu zavallı xalqı tanıyıram, ona müraciət edirəm. Son söz onundur.»
   «Od gəlini» pyesində xalqın içərisindən çıxan və xalqın səadəti uğrunda mübarizə aparan Elxanı da burada görürük: «Azad, məsud bir dünya - budur mənim yolum, budur mənim qanunum. Azad sevgilər, qorxusuz, pak və azad vicdanlar - budur mənim Allahım. Azad istəklər, azad diləklər, azad hərəkətlər - budur mənim qanunum!»
   Girəcəkdə sənətkarın heykəli qoyulub. Heykəlin fonunda uşaqlıq və gənclik illəri ilə bağlı materiallar nümayiş etdirilir. Xalq rəssamı M.Abdullayevin çəkdiyi portret bizi ədibin anası Şahbikə xanımla tanış edir. Başqa bir rəsm əsərində balaca Cəfər bibisi Zərnişanın nağıllarına qulaq asır. Yəqin ki, Cəfərin bir sənətkar kimi yetişməsində bu söhbətlərin, nağıl və rəvayətlərin böyük rolu olub.
   Ayrı-ayrı boyakarlıq əsərləri Cəfər Cabbarlını müxtəlif yaş dövrlərində əks etdirir. Təbii ki, cəmi 35 il ömür sürmüş Cəfər həmişə cavandır. Elə burada Cəfərlə birlikdə başqa bir qələm sahibi ilə rastlaşırıq. Rəssam Hacıağa Nəzərov, dramaturqu nakam şairimiz Mikayıl Müşfiqilə bir yerdə Xızı dağları fonunda təsvir edib. Üzərində Cəfər Cabbarlının portreti olan xalça da ekspozisiyanı xeyli zənginləşdirir.
   Məmməd Səid Ordubadinin xatirə muzeyində də tamaşaçılar ilk əvvəl yazıçının büstü ilə qarşılaşırlar. Mərmər büstün müəllifi heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovdur. Xalq rəssamı Arif Hüseynovun yağlı boya ilə işlədiyi tablo Azərbaycanın qədim və gözəl guşələrindən birini - Məmməd Səidin dünyaya gəldiyi Ordubad şəhərini əks etdirir. Arif Hüseynov Ordubadi yaradıcılığına da müraciət edib. Yazıçının «Döyüşən şəhər» romanına çəkilmiş qrafik illüstrasiyalar diqqəti cəlb edir. Muzeydə M.S.Ordubadinin libretto müəllifi olduğu Ə.Bədəlbəylinin «Nizami» operasına və F.Əmirovun «Ürək çalanlar» operettasına aid sənət əsərləri də nümayiş etdirilir.
   Abdulla Şaiqin mənzil-muzeyində olan incəsənət əsərləri də ekspozisiyanı xeyli baxarlı edir, yazıçının həyatı və fəaliyyəti, qələm dostları, yaxınları barədə məlumatı genişləndirir. Burada onun büstü, habelə müxtəlif yaş dövrlərinə aid portretləri, əsərlərinə çəkilmiş illüstrasiyalar, digər nümunələr nümayiş etdirilir.
   Rəssamlardan Tofiq Kərimov, Qafar Seyfullayev və Əli Zeynalov yazıçının gənclik illərini təsvir ediblər. T.Kərimovun fırçasından çıxmış başqa bir tablo «Abdulla Şaiq və Hüseyn Cavid masa arxasında» adlanır. Müəllif burada böyük mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidlə Abdulla Şaiq arasında səmimi və paklıqla yoğrulmuş dostluğu qabarıq verməyə səy göstərib.
   Abdulla Şaiqin daim hörmətlə yanaşdığı və əlaqə saxladığı sənətkarların yağlı boya ilə işlənilmiş portretləri də onun dostluqda sədaqətini əks etdirir. Muzeydə bir xalça da var. Üzərində Abdulla Şaiqlə oğlu Kamal Talıbzadənin portreti canlandırılıb. Burada ata - oğul məhəbbətinin ilmələrlə canlandırılmış ifadəsinə rast gəlirik.
   Ekspozisiyada «Üç limon» adlanan kiçik bir natürmort nümayiş etdirilir. 1927-ci ildən Şaiqin ailəsində olub, 1994-cü ildən isə muzeydədir. Bu natürmortu Şaiqə görkəmli türk şairi və ədəbiyyatşünası İsmayıl Hikmət bağışlayıb. Məlum olduğu kimi, İsmayıl Hikmət ötən əsrin 20-ci illərində Türkiyədən Azərbaycana dəvət olunub və 1923-1927-ci illərdə Azərbaycan (Bakı) Dövlət Universitetində, habelə Pedaqoji İnstitutda və Teatr Texnikumunda mühazirələr oxuyub. O, Azərbaycan ziyalıları, o cümlədən Şaiqlə ünsiyyətdə olub, dostluq edib. Xüsusi maraq doğuran cəhət odur ki, natürmortun müəllifi İsmayıl Hikmət özüdür. Rəsmin arxasında müəllifin belə bir xatirə yazısı var: «Çox sevimli mələk, xilfət qardaşım Abdulla Şaiqə kiçik bir xatirəyi səmimiyyət. Bakı, 11 may 1927. İsmayıl Hikmət».
   Ədəbi-xatirə muzeylərində nümayiş etdirilən hər bir sənət əsəri ekspozisiyanı zənginləşdirməklə yanaşı, həm də həmin sənətkarın ömrünü yaşadır.
   
   Adilxan Bayramov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar