Hər fərdin və ya xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Bunlar öz yerində, amma müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram - Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və anlam daşıyır. Yəni bu iki bayram özlüyündə həm təfəkkür mövzusu, həm də bir mükafat mahiyyətindədir.
   
   Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplanmağın bir ilkin sınağını göstərdiyi kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha şükrün ifadəsidir. Qurban vermək əslində hər bir insanı formalaşdıran dəyərlərin arasında yer alan mühüm bir xüsusiyyətdir. Hələ Adəm peyğəmbərin oğulları Habil də, Qabil də yetişdirdikləri məhsullardan qurban vermişdilər. Bütün dinlərdə qurban var. Qurbanın ən gözəli, ən mükəmməli, heç şübhəsiz, İslam dininin əmr etdiyi qurbandır.
   
   * * *
   Beş növ heyvan qurban kəsilər: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi 1 yaşından az olmamalıdır. Əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi iri görünməlidir.
   İnək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşında olmalıdır. Bir inəyi, camışı və ya dəvəni yeddiyə qədər adam birləşərək ortaq qurban kəsə bilərlər. Bir adam istərsə, təkbaşına bir inəyi də, bir dəvəni də öz adından qurban kəsə bilər.
   Qurban kəsiləcək heyvanlar xəstə, qocalıb əldən düşmüş, şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətini kifayət qədər sadalamaq olar, amma bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir.
   Quş qismindən, ov heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək zəngin müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır.
   Qurbanın nə əti, nə dərisi, nə baş-ayağı satış obyekti ola bilməz. Satılırsa, qurban olmadı, qurban satılmaz, ehtiyac olan yerlərə pay verilər.
   
   * * *
   Allah-Təala “Qurani-Kərim”də buyurur ki, kəsilən heyvanların nə əti, nə qanı Allaha yetişməz. Ona yetişən qurban kəsən insanın ürəyindəki Allaha bağlılıq hissidir. İslam dini insanın qurban verilməsini kökündən yasaqlayıb. Halbuki bu gün bəzi batil dinlərdə bu cahilliyi hələ də görmək mümkündür.
   Bəşər tarixində qurban deyilmiş insanlar var. İbrahim peyğəmbər oğlu İsmayılı qurban dedi, hətta onu yerə uzadıb boğazına bıçaq da çəkdi, Allah-Təala Həzrəti İbrahimin də, onun bıçağı altına könüllü olaraq uzanan İsmayılın da bu imtahandan qalib çıxdıqlarını müjdələdi və İsmayılın yerinə qurban kəsmək üçün bir qoç göndərdi. Allah-Təala hələ nemətini bununla da tamamlamadı, İbrahim əleyhissəlamın gözünün ağı-qarası bir İsmayılı vardısa, qoca vaxtında ona ikinci oğlu - İshaqı da pay verdi. Özü də bu oğulların hər ikisi gələcəkdə peyğəmbər olacaqdılar.
   İmranın xanımı Xanna Allah-Təalaya qurban vermək üçün heç nə tapmadı, bətnindəki uşaq ağlına gəldi və onu Allaha qurban dedi. O uşaq Məryəm oldu. Allah-Təala o Məryəmdən dünyaya İsa peyğəmbəri göndərdi.
   Peyğəmbərimiz həzrəti Məhəmməd: “Mən iki qurbanın oğluyam” deyirdi. O qurbanların birincisi həzrəti İsmayıl, ikincisi isə öz atası Abdullah idi. Məhəmməd Peyğəmbərin öz atası Abdullah da qurban deyilmiş, amma atası Əbdülmüttəlib onun qarşılığında yüz dəvə kəsərək paylamış, Allah qarşısında sədaqətini isbat etmişdi. O iki qurbanın soyundan, “Qurani-Kərim” ifadəsiylə desək, aləmlərə rəhmət olan uca bir zat, həzrəti-Məhəmməd (s.ə.s.) dünyaya gəlmişdi.
   Allah-Təala bəndəsindən bir şey istəyəndə almaq üçün istəmir, istədiyinin üzərinə yeni birisini də qoyaraq qaytarmaq üçün istəyir. Allah-Təala hər cür ehtiyacdan uzaqdır və bütün yaradılmışlar ancaq Ona möhtacdırlar. Qurban ibadətinin fəlsəfəsində bu həqiqət durur.
   
   * * *
   ”Qurban” sözü “qürb” kökündən yaranıb, mənası “yaxınlaşma” deməkdir, İslam terminologiyasında bəndənin Allaha yaxınlaşması anlamına gəlir. Hər şeydən öncə onu nəzərdə tutmaq lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu da Allaha yaxınlaşmaqdır. Bayramda kəsilən heyvan bu yaxınlaşma üçün bir yoldur, bir vasitədir, gerçək qurban olan, yəni Allaha yaxınlaşan isə o qurbanı kəsənin özüdür.
   Qurban etmək - qurban olmaq istəməkdir. Hər kəs həyatını fəda etməyə hazır olduğu varlığın, ünvanın qurbanıdır. Məcnun Leylinin, Fərhad Şirinin, ömrünü Allahın istədiyi kimi yaşayanlar da Allahın qurbanı olduğu kimi.
   Qurban - sevgidir, sevdadır, vazkeçilməz bir tutqu, bir bağlılıqdır.
   Qurban - sədaqətdir, könül verib bağlandığın dərgah qapısından ayrılmadan son nəfəsini də o qapıda kəlməyi-şəhadətlə verib can əmanətini həqiqi Sahib olan Allaha təslim etməkdir.
   
   * * *
   Qurban - səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah-Təala o qurbanı qəbul buyurdu; Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin xarabını, çürüyünü qurban ayırdı, Allah-Təala onun qurbanını rədd elədi, sanki qaytarıb üzünə çırpdı. Allah üçün verəcəksənsə, imkanın çatanın ən gözəlini ver. Yəni nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaq ən doğru yanaşmadır.
   Qurban - gerçək Sahibi tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu bir daha idrak etmək və bu həqiqəti göstərməkdir. Allahın əmanət olaraq verdiyindən bir hissəni onun rizasını qazanmaq üçün verə bilməkdir.
   Qurban - bərəkətlənməkdir, əlindəki əmanəti bərəkətləndirməkdir. Malı verən Allah onun bərəkətini də verir. Bəzən çox görünən mal az xeyirli olur, bəzən də az görünən malın bərəkəti bitib-tükənmək bilmir. Allah üçün fəda etmək üzüm tənəyini budamaq kimidir, zahirən az görünsə də, səmərəsi artıq olur. Ağıllı adam görüntüyə yox, səmərəyə talib olar.
   
   * * *
   Qurban - şeytanı ağlatmaqdır, xəsislik və israf şeytanı güldürməkdir. Bu ikisinin ortasındakı ədalət xəttini tutmaq isə Sirat körpüsünu özünə yol tutmaq kimidir. Bəndənin “Bismillah” deyib qurban kəsməsi, Allaha yaxınlaşmaq yolunda bir addım atması şeytanı dəli edər, od vurub yandırar.
   Qurban - ruhun təntənəsi, nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir.
   Qurban - şahidlikdir. Allaha inanmayan, Onun bəndələrinin dərdinə əlac etməyin bir gün mükafatlandırılacağını düşünməyən, o heyvanı Allaha yaxınlaşmaq niyyətiylə deyil, tarixi bir ənənə anlayış ilə kəsmək kəsənə bir şey qazandırmaz.
   Allah yolunda şəhid olmaq da elə Allaha qurban olmaqdır. Allah-Təala bəlkə elə buna görə buyurur ki, şəhidlərə ölü deməyin, onlar Allah qatında hər cür nemətə qovuşublar.
   
   * * *
   Allah-Təala: “Mən qullarıma onların boynunun şah damarından da yaxınam” - buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olmağı hələ bəndənin Allaha yaxın olması demək deyil.
   Rəsulullah buyurur ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi qurbandır. Düşünürsünüzmü, qıldığın namazın da qurbandır, tutduğun orucun da qurbandır, gizlində bir cür göz yaşının müşayiəti ilə Allaha yalvarmağın da qurbandır. Mərhəməti sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər çox qapılar açır, açır ki, yaxınlaşmaq niyyəti olan bəndə o qapıların birindən keçib Rəbbinə yaxınlaşa bilsin.
   
   * * *
   Allah-Təala buyurur ki, əgər bəndə Allaha yaxınlaşmaq niyyəti ilə əmr olunduğundan da artıq ibadət edərsə, Allah o quluna elə yaxınlaşar ki, onun görən gözü, eşidən qulağı, yeriyən ayağı, tutan əli olar.
   Allah-Təala onu da buyurur ki, bəndəsi Ona tərəf bir addım atsa, O, bəndəsinə tərəf on addım atar; bəndə Allaha doğru yeriyərək getsə, Allah ona tərəf qaçaraq gələr.
   Bu qədər müjdə içində fitnə olmayan hər qəlbi doyurmaq üçün yetərlidir.
   
   * * *
   İki dünyaya sığmayan Allah sevimli bəndəsinin qəlbinə sığar. Qəribə səslənir eləmi? - Demək, Allaha təslim olmuş, Allahın murad etdiyi kimi tərtiblənmiş bir bəndənin qəlbi iki cahandan da genişdir. Bəlkə Nəsimi də elə “Mən bu cahana sığmaram” deyəndə bu həqiqətə işarə eləyirdi.
   Allaha yaxın olmaq, qurban olmaq istəyən bəndələrin duasında “Allahım, Səndən başqa könlümdə kim varsa, nə varsa, hamısını oradan at, rəva görmə ki, Sənə olan sevgim başqaları ilə bölünsün, paylaşılsın” - yalvarışları var. Allaha qurban olmaq - öz muradını tərk etməkdir, Allahın murad etdiyini özünə murad etməkdir.
   
   * * *
   Kəbə - Allah evidir, amma insan əlinin sənətidir; qəlb - insana əmanətdir, amma Allahın əsəridir. Allah bəndəsinə “namaz qıl, oruc tut, zəkat ver, ziyarətə get, qurban kəs” - deyə əmr edəndə onun qarşısında iki yol açır: onu həm Özünə yönəldir, həm insanlara. “Qurani-Kərim”də açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbanın nə əti, nə qanı Allaha yetişər, yəni Allahın onların heç birinə ehtiyacı yoxdur. Allah-Təala hər cür ehtiyacdan azaddır, heç nəyə möhtac deyil, amma yaratdığı bütün varlıqlar Ona möhtacdır. Allah bəndələrinin niyyətinə dəyər verər, qullarının Onun əmrlərinə əməl etməkdə nə qədər həssas, nə qədər səmimi olmalarına dəyər verər.
   
   * * *
   Allah-Təala bir-birini sevən mömin bəndələrini sevər. Allah-Təala ehtiyac sahiblərinin dərdinə məlhəm olan qullarının əməllərini yüksək dəyərləndirər, əlbəttə, niyyətin qurban olsa.
   Allahın rizasını qazanmaq, Ona bir an öncəkindən daha yaxın olmaq üçün bəndənin hər əməli qurbandır, könül açmaq üçün bəxş edilən təbəssüm də qurbandır, yıxılan birinin qolundan yapışmaq da qurbandır, bir xəstəni ziyarət edib, ürək-dirək vermək də qurbandır, sədəqə də, sevgi də, səmimiyyət də...
   
   * * *
   Hər kəs uğrunda canını verməyə hazır olduğunun qurbanıdır. Qurban vermək qurban olmaqdır, həm də sevə-sevə qurban olmaq, qurban olmaqda nicat bularaq qurban olmaq.
   Allah-Təala bizə Özünə qurban olmağı nəsib eləsin. Faninin, yəni insanın Baqiyə, Əbədiyə, yəni Allaha qurban olması əbədiyyət tapmasıdır.
   Leylaya qurban olan Leylaya, Mövlaya qurban olan Mövlaya qovuşur. Vəssalam.
   Qurban bayramınız mübarək olsun!
   
   Əli Çərkəzoğlu