Qədim yurdumuz
   
    Lerik abidələri - II yazı
   
   Ərazisinə görə ölkəmizin cənub bölgəsinin ən iri yaşayış məskəni sayılan Lerik rayonu coğrafi baxımdan sərt dağlıq yerdə qərar tutub. İranla (Cənubi Azərbaycanla) qonşudur, 110 km sərhəd xətti var. Özünəməxsus maraqlı relyefə malik Lerikin qədim tarixi hələ ötən əsrlərdə bir sıra xarici tədqiqatçıların, arxeoloqların, etnoqrafların, səyyahların diqqətini cəlb edib. Fransanın Sen-Jermen muzeyinin əməkdaşı Jak de Morqan XIX əsrin sonlarında şəxsi təşəbbüsü ilə Lerikə gələrək rayonun cənub kəndlərində arxeoloji qazıntı işləri aparıb. O, 200-dən yuxarı məzarlıq və kurqan abidələrini, neolit, tunc və dəmir dövrlərinə aid zəngin maddi-mədəniyyət qalıqlarını aşkarlayıb. Morqan daha sonra “İrana elmi səfər” əsərini yazıb və kitabında tədqiqatlarının şərhini xronoloji ardıcıllıqla verib.
      
   Şübhəsiz, elmi potensialımızın kifayət qədər olmadığı o zamanlarda Azərbaycana əyalət gözü ilə baxan çar Rusiyası hər yetəni yadelli səyyah sifətiylə torpağımıza göndərib, o şəxslər də müqəddəs pirlərimizə, ocaqlarımıza əl qaldırıb, hətta elmi-tədqiqat adıyla əski məzarları açmağa cəsarət ediblər. Sonra də həmin yadelli alimlər tariximizi istədikləri kimi uydurublar. Maddi-mədəni sərvətlərimizin əsl kökü isə az araşdırılıb. Arxeoloq-alim Samir Kərimovun Lerik tarix-diyarşünaslıq muzeyi haqqında qənaətləri belədir:
   - Muzey eksponatların çoxluğu və zənginliyi ilə təkcə bölgədə deyil, bütün Azərbaycanda diqqət mərkəzindədir. Muzeydə toplanan maddi-mədəniyyət nümunələri dörd şöbədə təqdim olunur. Birinci şöbə ən qədim dövrə aiddir.
   Muzeydə bu dövrə aid eksponatlar, daş heykəllər, zinət-bəzək əşyaları, soyuq silahlar çoxdur və hər biri tariximiz barədə məlumat verir.
   İkinci şöbədə antik dövrə məxsus materiallar yerləşdirilib: bu dövr bəşər sivilizasiyasının yeni mərhələsidir. Toplanan maddi-mədəniyyət nümunələrindən də bunu görmək mümkündür.
   Üçüncü şöbə orta əsrləri əhatə edir. Bu dövrdə baş vermiş müharibələr, hərbi yürüşlərdən və s.-dən bəhs edən xeyli muzey eksponatı var. Sözsüz, tarix abidələr, istehkamlı qalalar orta əsrlərin özünəməxsus cizgiləridir və onların hamısını muzeyə çəkib gətirmək qeyri-mümkündür. Ancaq Lerikin tarix-diyarşünaslıq muzeyində onların şəkillərini görmək, haqqında zəngin məlumatlar tapmaq olar.
   Dördüncü şöbə iki bölməyə ayrılır: sovet dövrü və çağdaş dövrümüz. Qırmızı imperiya zamanında Lerikin sərhədyanı kəndləri aran bölgələrinə köçürülüb, əhali zorla dədə-baba yurdundan deportasiya edilib. Muzeyin sovet dövrü bölməsində bunun izlərini görməmək mümkün deyil. Sovet dövründə Lerikdən çoxlu sayda dövlət xadimləri, təsərrüfat rəhbərləri, alimlər, ziyalılar, mədəniyyət işçiləri çıxıb, onların adı bütün Azərbaycanda hörmətlə çəkilib. Bu simaların ən parlaq nümayəndələrinə muzeydə xüsusi guşə ayrılıb. Muzeydə Lerikin ən yeni tarixi, müstəqillik illərimizlə bağlı çoxlu eksponatlar da sərgilənir. Böyük öndər Heydər Əliyev, prezident İlham Əliyev dəfələrlə rayona baş çəkib, sadə camaatla səmimi görüşlər keçiriblər. Bu barədə toplanmış zəngin materiallar, fotoşəkillər muzeyə baş çəkən hər bir qonaqda xoş təəssürat oyadır.
   Jurnalist Qəhrəman Əliyevin söylədiklərindən: “Tarixi mənbələrdən bəllidir ki, ən qədim insan məskənləri dağ yerlərində olub. Lerik təkcə səfalı ab-havasına, təbiətinin bənzərsizliyinə görə sevilmir. Bu yerlərin ulu keçmişi ocaq daşlarında, pirlərdəki heyvan heykəllərində, qala bürclərində, qədim məscid minarələrində, qaya təsvirlərində əksini tapıb. Əslən Lerikdən olan tanınmış tarixçi, mərhum Gülməmməd Məmmədovla bir çox qədim yaşayış məskənlərində olmuşam. Onun zəngin biliyi, özünəməxsus fəhmi, qəribə məntiqi var idi. Ən adi qaya parçasına belə tarixin bir parçası kimi baxır, nəticə çıxarır, haqqında heyrətamiz fikir söyləyirdi. Deyirdi, hələ Lerik ərazisi az öyrənilib. Arxeoloqlar bu yerlərə axdıqca qoca tarix də gizli sirlərinin hamısını açıb-ağardacaq.
   İdris Şükürlü (“Lerik” qəzetinin redaktoru, Əməkdar jurnalist):
   - Bu gün fəxr edirik ki, Azərbaycan hər sahədə dinamik inkişaf edir. Vaxt gələr, vətənimiz turizm ölkəsi kimi də dünyada tanınar. O zaman Lerikə gəlib-gedənlərin sayı qat-qat artacaq. Onsuz da bizim rayon fauna və florasına görə nadir rayon sayılır. Hələlik az miqdarda gələn turistlərin diqqətini cəlb edib. Xarici ölkələrin Azərbaycandakı səfirləri də bizim rayona gəlirlər, buranın təbiətinə məftun olduqlarını söyləyir, Lerikin keçmişi, tarixi ilə maraqlanırlar. Lerikin muzeyinə baxanlar həqiqətən heyrətlərini gizlətmirlər. Bu dərəcədə eksponatın bolluğu ərazinin zəngin mədəniyyətindən soraq verir.
   Atamın 130 yaşlı əmisi vardı: Vahab baba deyərdik adına. Bu nurani kişi ilə balaca vaxtlarımda söhbətim tuturdu. Çünki o, şahidi olduğu, yaddaşına hopdurduğu hadisələrdən danışmağı xoşlayırdı. Özü də düz adam idi, heç nə uydurmurdu, əhvalat necə olmuşdusa, o şəkildə şirin-şirin nağıl edirdi. Ondan eşitmişdim ki, ötən yüzilliyin əvvəllərində Lerikin Veri kəndi yaxınlığında dağ yamacı yağıntılardan uçulub çaya tökülür. Səhər erkən oyanan əhali yamacın bərq vurduğunu, par-par parıldadığını görüb vahiməyə düşür. Yalnız yaxınlaşan zaman parıltının qızıl olduğunu anlayırlar. Yerli sakinlər çaya tökülən sikkələri yığmağa başlayırlar. Az sonra bu xəzinə barədə yenicə qurulan sovet hökuməti, Moskva xəbər tutur. Tezliklə həmin o qonşu kəndlərə hərbi dəstələr yeridilir. Yoxsul, acgöz bir ölkəyə belə qiymətli sərvət hava və su kimi lazım idi. Vahab baba söyləyirdi, o sikkələri kənd adamlarının əlindən zorla aldılar, heç kəsdə bircə dənəsini də qoymadılar, hələ bəzi adamları bunun üstündə incitdilər, həbsxanaya saldırdılar.
   Sözümün məğzi var. Lerikin Veri kəndində tapılan o qızıl sikkələrdən bir neçəsinin şəklini sonralar “Böyük Sovet Ensiklopediyası”nda görmüşdüm. Arxeoloqların söylədiklərinə görə, həmin o nadir əlvan metal elə o əraziyə məxsus faydalı qazıntıdır. Bizans hakimiyyəti dövründə indi üstünü meşə örtmüş dağ ərazisindən çıxarılmışdı. Təəssüf ki, ensiklopediyada bir erməni xəyanətinin də damğası yapışdırılıb. Qızıl məmulatlarının şəkillərinin altında Azərbaycan əvəzinə, qəsdən “Ermənistan SSR, Veri kəndi” sözləri yazılıb. Halbuki o qızıllar Lerikin Veri yaşayış məskənində aşkarlanıb, Ermənistanda isə bu adda kənd yoxdur.
   Lerikdə müxtəlif dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı ən çox aşkarlanan bəzək əşyalarıdır. Alimlər əsasən onları son tunc dövrünə aid edirlər. Etnoqrafların, arxeoloqların qənaətinə görə əşyaların təyinatına varsaq, bir neçə qrup alınar: baş, sinə, bel, qol, barmaq və ayaq bəzəkləri. Bu əşyalar müxtəlif qiymətli metaldan - qızıldan, tuncdan hazırlanıb. Hələ XIX əsrin axırlarında fransız alimi Morqan rayonun Veri və Tülü-Coni kəndlərində məzar yerlərində qazıntı işləri apararkən çoxlu zinət nümunəsinə rast gəlib. Tədqiqatçı-səyyahın tapdığı bəzək əşyaları xalis qızıldan və tuncdan olub. Müxtəlif ölçülü saç diskləri, sırğalar, muncuqlar, qolbaqlar insanı heyrətləndirməyə bilməz. Çünki əldə edilən məmulatların bir dəyəri də onların incəsənət əsəri kimi orijinal olmasındadır. Aşkarlanan sancaqlar, sırğalar, kəmərlər, bilərziklər, qolbaqlar, üzüklər, muncuqlar yüksək peşəkarlıqla, incə zövqlə bəzədilib. Ehtimal olunur ki, bu əntiq əşyalar yerli qadınlara məxsus olub.
   Lakin araşdırıcı S.Kərimovun qənaətinə görə, arxeoloji materialın təsnifatı müəyyən tarixi-mədəniyyət nümunələrinin kişilərə məxsusluğunu ortaya çıxarır. Bu fikir təkcə gənc arxeoloqa deyil, Azərbaycanın tarix və etnoqrafiya sahəsində fəaliyyət göstərən digər görkəmli simalarına da məxsusdur. Bu barədə söhbət açarkən tədqiqat materialını üç kateqoriyaya bölmək lazımdır. Birinci kateqoriyalı nümunələr silahlardır. Bunlar - bıçaq, qılınc (qəmə), xəncər, iti tiyəli balta (dəhrə) və nizələrdir. Bu tipdə olan silah növlərinə təkcə məzarlarda deyil, qalalarda, pirlərdə, ocaqlarda da rast gəlinir. Xəncərin və yaxud nizənin sahibi vəfat edərkən isə əski inamlara, etiqadlara uyğun surətdə həmin silah onunla birgə torpağa basdırılmışdır. Ancaq bu qanunların İslam mədəniyyəti ilə heç bir bağlılığı yoxdur və çox güman ki, müsəlmançılıqdan əvvəlki dövrlərin yadigarlarıdır. Lerikin Hovil, Veri, Çayrud, Andurma, Blaband, Coni, Hamarat, Rvarud, Rəzgöv, Mistan, Dico kəndlərinin ərazilərində tapılan silah növləri daha zəngindir. Tarixi faktlar təsdiqləyir ki, tapılan eksponatların əksəriyyəti yurdumuzun başqa bölgələri üçün də xarakterik olub, hətta qədim Muğan mədəniyyətinin də əsasını təşkil edib. Həm Muğan şəhərlərinin, həm də indiki Cənubi Azərbaycandakı əski yaşayış məskənlərimizin qalıqları altında minlərlə belə nümunə tapılıb. Əgər saxsı məmulatları və yalnız kişilərə məxsus bəzək əşyalarını da bu siyahıya qatsaq, böyük bir tarixi səhifə gözümüzün önündə canlanar.
   Onu da qeyd edək ki, Lerik muzeyinin arxeoloji fondu da var. Bu fondda qorunan materiallar antik dövrün məhsullarıdır və əsasən saxsı qablardır. Ancaq onların saxlanma texnologiyaları bir-birindən fərqlənir. Tarixçilər bu məmulatları novçalı bardaqlar və zoomarf qablar adı ilə iki qismə ayırırlar. Naxışlar, ornamentlər, haşiyələr, təsvirlər göstərir ki, onlar təkcə adi dulusçu, usta, sənətkar məhsulu yox, həm də incəsənət əsərləri, canlı rəsm tablolarıdır. Sadəcə, bunları oxumaq məharəti gərəkdir.
   Və sonda bu mövzu ilə bağlı daha bir məsələyə də diqqət çəkək: bu məmulatların əksəriyyətini ayrı-ayrı vətəndaşlar təsadüfən tapıb, gətirib muzeyə təhvil veriblər. Görünür, hələ qiymətli eksponatların xeyli qismi gərəksiz əşya kimi sındırılır, it-bata düşür, qədri-əhəmiyyəti bilinmir. Kompleks halda ortaya çıxarılan nümunələr isə çox azdır. Lerikin zəngin tarixi-mədəni abidələrini lazımınca tədqiq etmək üçün bu bölgədə geniş arxeoloji ekspedisiyaların təşkilinə ehtiyac var.
   
   Ağacəfər Həsənli