Finala Şəki və Ağdam komandaları vəsiqə qazanıb
   
   Dekabrın 18-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda V çövkən milli oyununa start verilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 15 komanda mübarizə aparır. 
      
   Dekabrın 19-da Atçılıq Turizm Mərkəzində oyunların rəsmi açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndələri, Şəki şəhər rəhbərliyi, iştirakçı rayonlardan gəlmiş qonaqlar, habelə yerli azarkeşlər iştirak ediblər.
   Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov mərasimi giriş sözü ilə açaraq yarış iştirakçılarına uğurlar arzulayıb.
   Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirib ki, mədəniyyət və turizm nazirinin müvafiq əmrinə uyğun olaraq, 2006-cı ildən etibarən Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində hər ilin may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirilir: «İldən-ilə coğrafiyası genişlənən və daha kütləvi xarakter alan bu tədbirlər xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır. Əgər 2006-cı ildə yarışlarda 6 komanda iştirak edirdisə, bu il komandaların sayı 15-ə çatıb».
   Musiqi və rəqs kollektivlərinin, pəhləvanların çıxışlarından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.
   Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və Zaqatala komandalarının qarşılaşmasını izləyiblər. Oyun 3:0 hesabı ilə Şəki komandasının xeyrinə başa çatıb. Dekabrın 18-də keçirilən ilkin seçmə oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: İsmayıllı-Daşkəsən- 1:0, Qazax-Qəbələ- 2:0, Goranboy-Bərdə- 2:0, Yevlax-Ağdaş- 1:0.
   Qalib komandalar çövkən oyunu üzrə çıxışlarını dekabrın 19-da davam etdiriblər. Zaqatala-İsmayıllı oyunu 1:0, Oğuz-Qazax 1:0, Qax-Goranboy 3:0, Abcabədi-Yevlax 4:0 hesabı ilə nəticələnib.
   Çövkən oyununda ən maraqlı mərhələ adətən 1/4 finalda olur. Bu mərhələdə Şəki Zaqatalanı 3:0, Oğuz Balakəni 2:1, Ağdam isə Qaxı 3:0 hesabı ilə məğlub edib. Bu mərhələdə ən maraqlı oyun isə Ağstafa və Ağcabədi komandaları arasında baş tutub. Ağstafa komandası bu vaxta qədər keçirilən oyunlarda hər il adətən 1-ci və 2-ci yerləri bölüşdürürdü. Bu il isə Ağcabədi komandası onlara finala çıxmağa imkan verməyib. Əsas oyun 1:1 nəticələnsə də, əlavə oyun vaxtı Ağcabədi komandası 3:2 hesabı ilə qalib gəlib. Lakin bu qələbə sevinci uzun sürməyib. Dekabrın 20-də keçirilən növbəti mərhələdə Ağcabədi komandası Ağdama 4:0 hesabı ilə uduzub. Həmin gün daha bir oyun 3-cü və 4-cü yerlər uğrunda Ağcabədi və Oğuz komandaları arasında keçirilib. Oyun 2:1 hesabı ilə nəticələnib və müvafiq olaraq komandalar 3-cü və 4-cü yerləri bölüşdürüb.
   Beləliklə, finala Ağdam və Şəki komandaları vəsiqə qazanıb. Final oyunu dekabrın 22-də keçiriləcək. Bu gün həmçinin Prezident Kuboku uğrunda V çövkən milli oyununun bağlanış mərasimi olacaq.
   
   İntiqam Hacılı,
   Şəki






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar