Azərbaycan tarixən milli müxtəliflik və mədəniyyətlərarası dialoq məkanı olub
   
   21 may Dünya Mədəni Müxtəliflik Günüdür. Bu gün BMT Baş Assambleyasının qərarı ilə (2003-cü il 20 fevral tarixli qətnaməsi) təsis edilib. 2001-ci il noyabr ayında UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsi qəbul edildikdən sonra BMT Baş Assambleyası bu bəyannaməni və onun həyata keçirilməsi üçün Fəaliyyət Planının əsas istiqamətlərini alqışlayaraq 21 mayı “Dünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü” elan edib.
   
   Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən ölkəmiz ta qədimdən çoxsaylı xalqların birgə və mehriban yaşadığı məkan olub.
   Mədəniyyətlərarası dialoqa öz töhfəsini verən, dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycanda da Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Hazırda Azərbaycanda rus, ukraynalı, talış, kürd, ləzgi, tat, tatar, gürcü, ingiloy, avar, Ahıska türkləri, yəhudi, alman, yunan - ümumilikdə 20-dən çox millətin nümayəndəsi yaşayır, onların mədəni cəmiyyətləri fəaliyyət göstərir. Üç dini konfessiyanın - İslam, xristian və iudaizmin nümayəndələri dövlət tədbirlərində iştirak edirlər. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb. Eyni zamanda hər bir Azərbaycan vətəndaşı mədəniyyətin müxtəlif sahələrindən bərabər səviyyədə istifadə edə bilər və bu da «Mədəniyyət haqqında» qanunda öz əksini tapıb.
   Ölkə rəhbərliyinin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Ölkəmizin bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır.
   Dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında Azərbaycanın mühüm rolu göz qabağındadır. Ölkəmiz Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Azərbaycanın həm İslam dövlətləri, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri var.
   
   Bakı müxtəlif mədəniyyətlərin dialoq mərkəzi oldu
   
   Azərbaycan özünün müxtəlif mədəniyyətləri birləşdirən bir dövlət olduğunu son vaxtlar ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə də təsdiqləyir. 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransının keçirilməsi ilə mühüm bir təşəbbüsün - Azərbaycan prezidenti tərəfindən irəli sürülən «Bakı prosesi»nin təməli qoyuldu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi, “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.
   Digər tərəfdən, Azərbaycan İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. 2009-cu ildə Bakı “İslam Mədəniyyətinin Paytaxtı” elan olundu. İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirildi.
   Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir. Bu mənada “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq dövlət başçısının dəstəyi ilə 2011-ci il aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası dialoq Forumu keçirildi. Dünyanın bir çox ölkələrindən olan nüfuzlu mədəniyyət nümayəndələrinin iştirak etdiyi bu tədbirdə ölkəmizin mədəniyyətlərin qovuşduğu məkan olması bir daha öz təsdiqini tapdı.
   
   Dünya mədəniyyətlərini qovuşduran məkan
   
   Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin həyata keçirilməsi ilə yanaşı, milli səviyyədə də silsilə tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyası”na qoşulub. 2010-cu il mayın 20-də, 21 may Dünya Mədəni Müxtəliflik Günü ərəfəsində bu konvensiyanın təqdimat mərasimi keçirildi. Tədbirdə milli azlıqların, yerli xalqların nümayəndələri, yaradıcı şəxslər, sənətkarlar, dövlət xadimləri, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sı çərçivəsində nazirlik tərəfindən “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda “Milli-mədəni həmrəylik” mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan subyektlər üçün treninqlərin təşkili, mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin aparılması, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşürlərin nəşri, sərgilər, konsertlər, müsabiqələr və s. tədbirlərin keçirilməsi planlaşdırılır.
   Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara nail olub. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
   Ümumilikdə Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.
   
   Mehparə







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar