Tarixi memarlıq abidələrimiz
      
   Azərbaycanın tarixi memarlığında Qarabağ memarlıq abidələrinin özünəməxsus yeri var. Belə tarixi memarlıq abidələrindən biri də Füzuli rayonunun Babı kəndində olan Şeyx Babı Yaqub qəbirüstü türbəsidir.
  
   Türbə memarlıqda qəbirüstü abidələrə deyilir. Xüsusilə orta əsrlərdə bir ənənə olaraq görkəmli şəxslərin qəbirləri üzərində türbələr inşa olunub.
   Babı türbəsi də Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Türbədə Şeyx BabıYaqub dəfn olunub. Türbənin 1272-1273-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikildiyi bildirilir. Digər mənbələrdə türbənin Əbu Yaqub ibn Səid tərəfindən inşa edildiyi qeyd olunur.
   Türbə səkkiz guşəlidir. Tarixi rüzgarın acı yelləri bir çox memarlıq abidələrimiz kimi, bu tarixi memarlıq abidəmizin üzərindən də çox əsib. Orta əsrlərdə feodal ara müharibələri, İran-Rusiya müharibəsi zamanı dağıntıya məruz qalan abidələrdən biri də yenə bu türbə olub. İndi bu memarlıq abidəsindən ancaq türbə və minarə qalıb.
   Bakı Slavyan Universitetinin əməkdaşı, tarixçi Nazim Tapdıqoğlu “Sirli türbələr“ məqaləsində qeyd edir ki, Babı türbəsi ağ daşdan tikilib. Üst hissəsi səkkiz bucaqlı çatma günbəzlə örtülüb: “Ornament bəzəklərinə görə türbənin tikintisində Əcəmi memarlıq məktəbinin təsiri duyulur. Bəzi məlumatlara görə, abidə görkəmli Azərbaycan ilahiyyatçısı, şair, filosof və sərkərdə Şeyx Babı Yaqubun şərəfinə ucaldılıb. Bəlkə də, elə bu səbəbdən el arasında bəzən ona Şıxbaba türbəsi də deyilir“.
   XIX-XX əsrlərdə bu tarixi memarlıq abidəsinin tədqiqi ilə bir çox rus alimləri də məşğul olub. Orta əsrlər dövrünün məşhur araşdırıcısı A.Brozqula və akademik T. Roskovski öz tədqiqatlarında Şeyx Babı Yaqub türbəsinin XII əsrə aid olduğunu göstəriblər. Daha sonra rus tədqiqatçılarından professor V. Kraçkovskaya da bu türbə ilə bağlı araşdırma aparıb və türbənin XII əsrə aid olduğunu təsdiqləyib. 1930-cu illərdə şərqşünas alim M.Xanikov da Babı türbəsini tədqiq edib.
   XX əsrin ikinci yarısında rus tarixçiləri ilə bərabər Azərbaycan alimləri də (Ə.Salamzadə, Ş.Fətullayev, M.Neymətova, K.Məmmədzadə) Şeyx Babı Yaqub türbəsinin tədqiqi ilə bağlı maraqlı araşdırmalar aparıblar. Onların elmi qənaətinə görə, türbə Naxçıvan (Əcəmi) memarlıq məktəbinin üslubunda inşa edilib.
   Onu da deyək ki, məzarın sinədaşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamal, Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib”.
   Qeyd edək ki, məzarın sinədaşında Şeyx Babı Yaqubun İsmayıl, Qur Xər oğlu kimi göstərilməsi onun İsmaillər hərəkatı ilə bağlı olmasını bildirir. Türbə ilə bağlı digər araşdırmalarda da faktların üst-üstə düşdüyünü görürük.
   Mənbələr göstərir ki, Şeyx Babı Yaqubun çoxlu sayda müridləri olub. Onlar Qarabağda, Azərbaycanın digər bölgələrində fəaliyyət göstəriblər. Hətta Şeyx Babı Yaqub öləndən sonra belə, onlar bu ərazilərdə fəaliyyətlərini davam etdiriblər. Bu fikri Azərbaycanın bir çox bölgələrində aparılan arxeoloji və tarixi araşdırmalar zamanı bu tipli qəbirüstü abidələrdə aşkar edilən yazılar təsdiq edib. Belə güman edilib ki, Şeyx Babı Yaqub orta əsrlərdə Qarabağda çox nüfuzlu və hörmətli sufi şeyxi olub.
   Tarixçi Fəzullah Rəşidəddin “Cami ət-təvarix“ əsərində bildirir ki, şeyx Babi Yaqub XIII yüzillikdə yaşayıb. Dövrünün böyük alimi və təriqət mürşidi olub. Elxanlı sultanları ona daim hörmətlə yanaşıblar. O, bu, dövlətin ictimai-siyasi həyatında önəmli rol oynayıb. Ölkədə taxt-tac qazanmaq istəyən feodallar birinci onunla siyasi birliyə gələrmiş.
   Arxeoloji araşdırmalar zamanı bu türbənin yanında qədim hamam xarabalığı da aşkar olunub. Onu da deyək ki, ta qədim zamanlardan yerli kənd əhalisi arasında bir fikir dolaşıb: “Bu türbədən qonşu Əhmədalılar kəndinə və İrana yeraltı yol olub...”.
   Araşdırıcı Nazim Tapdıqoğlu yazır: “Ta qədimdən kənddə dolaşan bu fikirlə bağlı qəbiristanlığa getdim. Gördüm ki, bu yollar var. Amma burada əsaslı arxeoloji qazıntılar aparılmadığından yolların istiqamətini müəyyən etmək çətindir...”.
   Qeyd edək ki, bu günlərdə Babı kəndinin ərazisində orta əsrlər Qarabağına aid iri yaşayış məskəni aşkarlanıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, buradakı böyük xanəgahda XVIII əsrə aid məscid, hamam kompleksi, hücrələrin qalıqları var: “Həmin ərazidən 3 km məsafədə “Nağara təpəsi” deyilən ərazidə antik və ilk orta əsrlərə aid yaşayış yeri də aşkarlanıb. Kürdmahmudlu kəndində isə yeraltı sərdabə aşkara çıxarmışıq. Burada tədqiqatlar aparmağa çox böyük ehtiyac var. Bu ərazi orta əsrlər Qarabağına aid ən böyük tapıntıdır”.
   Şeyx Babı Yaqub türbəsi ölkə əhəmiyyətli tarixi memarlıq abidələrimizdən biridir. Onun bərpasına və ətraflı tədqiqi tarix elmimizə mühüm töhfə ola bilər.
  
   Savalan Fərəcov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar