Azərbaycanda ilk insanların məskunlaşması tarixi iki milyon ili ötüb keçir. Qədim Qəbələ torpağı da bu tarixin şahididir. Bu torpağın hər qarışında tarix yaşayır, tarix yatır. Əcdadlarımızın tarixi, qəhrəmanlarımızın tarixi...
  
   ...Budur, bənzərsiz müasir Qəbələ arxada qalır. Sıx meşənin arasıyla qıvrılan yollar bizi qədim Qəbələyə uğurlayır. Dərin sükuta qərq olmuş şəhər elə bil çoxəsrlik tarixini gizlədərək əbədi yuxuya dalıb. Möhtəşəm qala bürcləri arasındayıq. Kərpic-kərpic, ifçin-ifçin ucaldılan divarlara heyrətlə baxır, qürur hissi keçiririk.
   Qəbələ mahalının əsilli-nəsilli kökündən olan gözəl ziyalı, görkəmli torpaqşünas alim, professor Muxtar Abduyevin övladı, SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz xanım Heydərova ilə görüşürük. Bizlərə «xoş gəldiniz» deyir, hal-əhval tutur. Maraqlı söhbətə qol-qanad verir: «Hörmətli alimlər, sizi görməyimə son dərəcə şadam. İşiniz avand, arzularınız kama yetsin. Hələ orta məktəbdə oxuyarkən Bakıdan qədim Qəbələ şəhərinə gedir, oranın çoxəsrlik tarixi haqqında maraqlı məlumatlar toplayırdım. Həmin vaxtdan etibarən tarixə həvəsim, meylim, marağım artdı. Uzun illər boyu Qəbələnin çoxəsrlik tarixini, itmiş, batmış taleyini düşünür, sirrinə-sehrinə bələd olmaq arzusuyla yaşayırdım. Bu münasibətlə çoxlu tarixi əsərlər oxuyur, dərin bilik sahibləri, ağsaqqallar, müdrik insanlarla söhbət aparırdım. Son illər sonsuz marağımı reallaşdırmaq məqsədilə düşünür, yollar axtarır, götür-qoy edirdim. Bilirdim ki, bu işin həllində əsasən arxeoloqların tədqiqatına üstünlük vermək gərəkdir. Qərarımı qətiləşdirdim. İlk addım kimi SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının vasitəsi ilə tariximizin, arxeologiyamızın, etnoqrafiyamızın öyrənilməsi üçün kompleks tədbirlər görməyə başladıq. Qeyd edim ki, bu təşkilat 2004-cü ildə yaradılıb və Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə töhfə verməyə çalışır.
   Bildiyiniz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, görkəmli alim İlyas Babayevin rəhbərliyi, tarix elmləri doktoru Qafar Cəbiyevin yaxından iştirakı ilə geniş ərazidə bir neçə ildir ki, arxeoloji qazıntı işləri aparılır. Aşkarlanan zəngin maddi-mədəniyyət nümunələri tarix söyləyir, tarix yaşadır. Ürəkaçan nəticələr qədim Qəbələ şəhərinin antik və orta əsrlər tarixinin öyrənilməsinə işıq saçır. Çox fərəhli haldır ki, yerli alimlərlə yanaşı, Cənubi Koreyadan gələn alimlər də bu işə öz töhfəsini verir».
   Bəli! Qədim Qəbələnin tarixini, taleyini əhatəli və hərtərəfli şəkildə yalnız arxeoloqlar işıqlandıra bilər. Bu yerdə Qərbin böyük arxeoloqu Qordon Çayldın fikri yada düşür: «Arxeologiya tarix elmində çevriliş etdi. Teleskop astronomun görüş dairəsini genişləndirdiyi kimi, arxeologiya da tarix elminin üfüq sahəsini genişləndirdi. Mikroskop biologiya üçün böyük orqanizmin daxilində ən kiçik hüceyrələrin həyatının olduğunu açdığı kimi, arxeologiya da tarix üçün keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırdı. Nəhayət, arxeologiya tarix elminin həcm və məzmununda radioaktivliyin kimyada etdiyi dəyişikliklər kimi dəyişikliklərə səbəb oldu». Nə gözəl və dəqiq fikirdir, müdrik kəlamdır!
   Ruhəngiz xanım sözünə davam etdi: «Qədim Qəbələni qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə onu hər tərəfdən dəmir hasara aldıq. Sonra bəzi abidələri seldən, sudan və digər təhlükələrdən qorumaq üçün konservasiya işlərinə başladıq. İlin bütün fəsillərində tədqiqat aparmaq üçün metaldan geniş, hündür, uzun ömürlü örtük düzəltdirdik. Onu da qeyd edim ki, alimlərin iş şəraiti və istirahətləri üçün nə tələb olunursa, hamısını nəzərə aldıq. Yaşıl meşənin qoynunda yüksək standartlara cavab verən düşərgəni yəqin ki, siz gördünüz. Bu sahədə gələcəkdə əlavə tədbirlər görməyi planlaşdırırıq».
   Abidə keçmişimizlə bu günümüz arasında ayrılmazlıq körpüsüdür. Abidə canlı tarixdir, yaradan, yaşadan tarix. Ulu əcdadlarımızın əvəzsiz yadigarını qorumaq, yaşatmaq, gələcəyimizə çatdırmaq müqəddəs borcumuz, amalımızdır. Keçmişini bilməyən, bu günü bilməz, gələcəyi görməz. Kök üstə köklənəndə, özülə bağlananda arzular kama yetər, diləklər hasil olar. Vətənin tarixini bilməyəndən nə vətəndaş, nə vətənpərvər olar.
   Ruhəngiz xanım, biz sizin fikirlərinizə şərik çıxır, ürəkdən bəyənir, təqdir edirik. Abidəyə belə münasibət dərin hörmətə, ehtirama layiqdir. Görünən dağa nə bələdçi - deyiblər. Gördüyünüz işlər göz qabağındadır.
   Bu günlərdə bir şad xəbər eşitdik. Qəbələnin milyon ili ötüb keçən tarixini öyrənmək məqsədilə ən qədim daş dövrü abidələri xarici ölkə alimlərilə birlikdə tədqiq ediləcək. Bu təşəbbüs də diqqəti çəkir. Əminəm ki, öz bəhrəsini verəcəkdir.
   Bu yerdə dahi Səməd Vurğunun ölməz fikirləri yada düşür: «Üzərində tarixi qeyd, nəqş və ya təsvir olan hər bir qədim daş, vaxtı ilə canlı, yaşayıb-yaradan insanın donmuş ürəyidir; o, insanlıq tarixinin odu və alovundan keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır; elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq və gələcək nəsillərin sifətində həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşayacağıq».
   İndi də gəlin, bildiyimiz qədər oxucuların böyük marağına səbəb olan Qəbələ şəhərinin çoxəsrlik tarixinin yarpaqlarını vərəqləyək. Xatırladaq ki, Qəbələ qədim zamanlarda təkcə Qafqazın deyil, həm də Yaxın Şərqin ən tanınmış, sayılan, seçilən mərkəzlərindən biri olmuşdur. Uzun illər ömür sürmüş, iki min beş yüz illik tarix yaşamışdır, mübarizəli, şərəfli tarix.
   Qəbələnin təşəkkül tapması və inkişafa başlaması eradan əvvəl I minilliyin ortalarına təxmin edilir. Maraqlıdır ki, yazılı mənbələrdə bu şəhərin adını ilk dəfə eramızın I əsrində yaşayan romalı Böyük Plininin «Təbiət tarixi» əsərindən oxuyuruq: «Albaniyanın baş şəhəri Kabalakadır».
   Romalı yazıçı Yuli Solini də Kabalakanın adını çəkir və xeyli məlumat verir. Eramızın II əsrində yaşayan Klavdi Ptolomeyin Xabalaka haqqında verdiyi məlumatlar da çox maraqlıdır. Orta əsr ərəb tarixçiləri və coğrafiyaşünasları İbn-Xordadbeh, Əl-İstəhri, Əl-Müqəddəsi, Əl-Məsudi, Əl-Bələzuri, İbn-Hövkəl və başqaları öz əsərlərində Qəbələnin tarixi ilə bağlı xeyli məlumatlar veriblər.
   Qəbələ minillik tarixə yaxın bir dövrdə Albaniya dövlətinin mərkəzi şəhəri olmuşdur, qaynar həyat yaşamışdır. Lakin eramızın V əsrindən etibarən bir sıra səbəblərdən ölkənin paytaxtı Qəbələdən Bərdəyə köçürülmüşdür. Bununla belə, Qəbələdə həyat davam etmiş, ölkənin mühüm mədəni şəhərlərindən biri kimi fəaliyyət göstərmişdir.
   Qədim Qəbələ zaman-zaman boz buludların göz yaşına qərq olub. Yağışdan çıxıb yağmura düşüb. Başının üstündə qara yellər əsib. Dəhşətli qanlar, qadalarla qarşılaşıb. Torpaq uğrunda, vətən uğrunda, azadlıq uğrunda qanlar axıdıblar, qalib gəliblər, məğlub olublar. Qalxan sinədə, qılınc əldə, at belində yeriyiblər düşmən üzərinə. Şəhid olublar, igid olublar, mərd, mübariz olublar, tarix yazıblar.
   VI-VIII əsrlərdə Qəbələ bir-birilə mübarizə aparan qüvvətli dövlətlərin mübarizə meydanına çevrilib. Bir tərəfdən xəzərlər, bir tərəfdən sasanilər, daha sonra ərəblər Qəbələni ələ keçirmək uğrunda mübarizə aparıblar. Şəhər 629-cu ildə xəzər türklərinin əlinə keçib. Hətta şəhərin adı Xəzər adlandırılıb, məskunlaşıb, kök salıblar. Yerli-yataqlı olublar.
   VIII əsrin əvvəllərində ərəblər gərgin mübarizədən sonra Qəbələni ələ keçiriblər. IX əsrin sonlarından Qəbələdə feodal hakimliyi yüksəlib. Şəhər iqtisadi, siyasi və mədəni baxımdan Şirvanşahların hakimiyyətinə tabe edilib. Monqol hücumları zamanı başqa Azərbaycan şəhərləri kimi Qəbələ də böyük dağıntılarla üzləşib.
   O da danılmaz həqiqətdir ki, gedənlər getdi, qalanlar qaldı. Yeni gələn türklər yerli türklərlə qaynadılar, qarışdılar, elbir oldular, dilbir oldular, qanbir, canbir oldular. Hamılıqla, elliklə qurdular, yaratdılar, əkdilər, biçdilər. Deməli, bizlər həm də xəzərlərik, qıpçaqlarıq, oğuzlarıq, səlcuqlarıq. Türk oğlu, türk mənşəli!
   XIV-XV əsrlərdə Qəbələdə nisbətən əmin-amanlıq hökm sürüb. Şəhərdə nəzərə çarpacaq dərəcədə inkişaf başlayıb. Dağıntılar, uçuntular aradan qaldırılıb. Şəhər keçmiş əzəmətini, gözəlliyini yaşamağa başlayıb. Qurub yaradan əllər şəhəri cənnətməkana çevirib. Həzrədəki türbələrdən birində uyuyan Şeyx Bədrəddin XV əsrin əvvəllərində qələmə aldığı poemasında Qəbələnin tarixini, bənzərsiz gözəlliyini misralara düzüb. Həyatını, taleyini Qəbələ ilə bağlayan şair oranı «cənnət bağı» adlandırıb. Şair bu torpağın havasını, gülünü, çiçəyini heyranlıqla təsvir edir. Şeyx Bədrəddin «Gözəllərinin hamısı tuba əhli, huri sifətlidirlər. Elə bil ki, Qəbələnin binası behişt torpağındadır», «Bahar vaxtlarında dünya güllərin ətrinin tutan zaman bütün aləmin canı Qəbələyə fəda olsun», «Qəbələ sarayı behişt bağıdır», «Qəbələ ürək sahiblərinin, səfa əhlinin qibləsidir» - deyib...
   ...Yenə də hücumlar, yenə də torpaq uğrunda mübarizələr başlanıb. 1500-cü ilin payızında Qəbələ səfəvilərin, 1578-ci ildə osmanlıların tabeliyinə keçib. Bir müddətdən sonra Şirvan və Qəbələ Nadir şahın hücumuna məruz qalıb. 1747-ci ildə Hacı Çələbi özünü xan elan edərək Qutqaşen, Qəbələ, Qazax, Ərəş, İlisu sultanlıqlarına hakim kəsilib. XVIII əsrin sonunda Şəki xanı Məhəmmədhəsən xan Qəbələ, Qutqaşen və Ərəş sultanlarının hakimiyyətinə son qoyub.
   Beləliklə, qədim Qəbələ tədricən tənəzzülə uğrayıb, əvvəlki yaşarlılığından qalıb. Əhali ətraf yerlərə köçərək özlərinə yeni yurd-yuva qurub. Gələcəyin tanınmış, müasir şəhəri Qəbələnin əsasını qoyublar...
   Gözəl təbiətli, təkrarsız, bənzərsizdi Qəbələ. İbtidai insanların, ulu əcdadlarımızın pənah yeri, odu-ocağıdır Qəbələ. İlk sinifli cəmiyyətin, dövlətin, şəhər mədəniyyətinin beşiyidir. Əsrlərlə Azərbaycanın mərkəz şəhəri, paytaxtı, yazılmamış, yozulmamış, pozulmamış mübarizəli tarixdir Qəbələ. Qürur, məğrur məbədimiz, gör-götür dünyamızdır.
   Qəbələyə qayğı tariximizə qayğıdır, mənəviyyatımıza, mədəniyyətimizə ehtiramdır...
   Bax, beləcə Ruhəngiz xanım, vaxt gəldi, vədə yetişdi. Sağollaşmaq məqamıdır. Artıq şər qarışır, göyün qaşı qaralır. Üstümüzə sarı tənbəl-tənbəl sallanan buludlar göz yaşı tökməyə hazırlaşır. Bakıya qədər də xeyli yolumuz var. Sandığımıza, boğçamıza yığdığımız çoxəsrlik tarixlə, adət-ənənəmizlə, mədəni irsimizlə bağlı zəngin, çoxçalarlı materialları aparaq yenidən nəzərdən keçirək, saf-çürük, gör-götür eləyək. Sənədlərə köçürək, misralarda muncuqlayaq. Yenidən qayıtmaq, başladığımız işi davam etdirmək həvəsilə dönək Qəbələyə...
  
   Teymur Bünyadov,
   akademik







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar