Azərbaycanın Füzuli rayonunun Babı kənd qəbiristanlığında yerləşən Şeyx Babı Yaqub türbəsində arxeoloji qazıntılar zamanı qədim karvansara və qədim qəbirlər aşkarlanıb. XIV əsrə aid (1372-1374) Şeyx Babı Yaqub türbəsinin ətrafında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilən tikili, ehtimala görə, əvvəlcə karvansara olub, sonra isə məscidə çevrilib. Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun bildirdiyinə görə, aşkarlanmış abidə qalıqları “Şeyx Babı Xanəgahı” adlanır: “Burada XIV əsrə aid 6 daş qutu məzar aşkarlanıb ki, bu cür qəbir növünə indiyədək Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı rast gəlinməyib. Bu məzarlar kərpic və daşlarla tikilib, kaşı ilə bəzədilib. Məzarlardan isə məlum olur ki, qəbirlər əsasən döyüşçü qəbirləridir. Onlardan birində başsız skelet, birində skeletlə yanaşı ox ucluqları tapılıb”.
X. Alməmmədov bildirib ki, bu ərazidə sovet dövründə də araşdırmalar aparılıb. İndiyədək burada aşkarlanan qalıqlar daha çox hamam binası kimi qələmə verilib. Amma son bir ayda həmin qalıqlarda aparılan qazıntılar zamanı bu tikililərin hamam deyil, qəbir-məqbərə olduğu müəyyən edilib.
X.Alməmmədov onu da bildirib ki, qazıntı işləri tamamlandıqdan sonra abidələrin üzərində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Şeyx Babı Yaqub türbəsinin yaxınlığında isə daha bir tarixi abidənin tədqiqi üçün yeni arxeoloji qazıntı işlərinə başlanması gözlənilir.