Azərbaycanın qədim yurdu olan Naxçıvan abidələrlə zəngindir. Bu bölgədəki qədim tarixi memarlıq abidələrindən biri də Ordubad rayonundakı Qeysəriyyə abidəsidir.
   XVII əsrə aid edilən abidəni Səfəvi-Azərbaycan dövlətinin hökmdarı Şah Abbas tikdirib. Gözəl memarlıq üslubunda inşa edilmiş abidə böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina ilk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulub. Hətta o vaxt bu binaya Şərq bazarı adı da verilib. Burada əsasən qızıl-zinət əşyaları satılıb. Qeyd edək ki, Ərdəbil, Təbriz və başqa şəhərlərdə zərgərlik məmulatları satılan örtülü bazarlar da Qeysəriyyə adlanır.
   Qeysəriyyə adında bu tip binadan 3 şəhərdə var: Səmərqənd, Təbriz və Ordubadda. 1991-ci ildən bu binada Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi yerləşir. 4 minədək eksponatın saxlanıldığı muzey turistlərin maraq göstərdiyi yerlərdəndir.
   Muzeyin ekspozisiyasında Ordubadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən mühüm elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilir.
   Muzeydə ən qədim eksponat eradan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşlarıdır. Burada həmçinin əl ilə yazılan 32 ədəd Quran cüzləri də qorunub saxlanılır. Qədim numizmatika, pul nümunələri də muzeyə gələnlərdə maraq oyadır.
   Muzeydə olan eksponatların çoxu qədimliyi ilə seçilsə də, bir eksponat diqqəti daha çox çəkir. Daş üzərində gənc qızın simasında naxışlarla “Qul huvallah” yazılıb.
   Muzeydə maraq doğuran bəzi dəmir alətlər də saxlanılır. Rayonun yaşlı sakinlərinin dediyinə görə, XVII əsrdə Ordubaddakı evlərin qapılarının üzərinə iki müxtəlif dəmir alət asılarmış. Onlardan biri ilə qapı döyüləndə bilinirmiş ki, gələn qadın xeylağıdır və qapını açmağa evin xanımı çıxarmış. Digər alətlə qapı döyülərkən isə bilinirdi ki, qapını döyən kişidir.
   Ordubad muzeyində zınqırovlu sandığa da rast gəlmək olar. Ordubadın varlı təbəqəsindən olan Ərbab adlı şəxs qiymətli əşyalarını saxlamaq üçün onu Fransadan gətizdirib. Sandığın 347 kiloqram çəkisi var. Onun içində qızılları saxlamaq üçün seyf də var. Zınqırovlar isə sandığın oğurlanmasının qarşısını almaq üçün qoyulub.
   Burada olan qapıların birinin üzərində qlobus, birində də açar var. Bu o deməkdir ki, “kitabları oxu, bu bilik açarına sahib ol, sonra dünyanı fəth et”.
   Ordubad Tarix-Diyarşünaslıq Muzeyində eksponatlarla yanaşı, bu bölgədə bitən müalicəvi bitkilər də ziyarətçilərdə maraq doğurur.
   Qeyd edək ki, bu il dövlət tərəfindən abidədə bərpa-yenidənqurma işləri aparılıb. Binanın dam örtüyü təmir edilib, şəbəkə sistemi, daxili divarları bərpa olunub. Binanın daxili naxışlı kərpiclə bəzədilib, fond otağı, muzey işçiləri üçün iş otaqları yaradılıb, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılıb.
   
   Ceyhun






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar