Milli folklorumuz zaman-zaman qonşu xalqların şifahi və yazılı ədəbiyyatına da təsir edib
Şifahi poetik yaradıcılıq kimi mənalandırdığımız zəngin folklorumuz janr müxtəlifliyi, dərin məna çalarlığı ilə böyük mədəni sərvətimizdir. Folklorumuz bu zənginliyi sayəsində tarixən qonşu xalqların şifahi və yazılı ədəbiyyatına da təsir edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” kafedrasının müdiri, professor İlqar Hüseynovla söhbətimiz də bu barədədir.
- İlqar müəllim, zənginliyi ilə seçilən folklorumuz qonşu xalqların folklor və ədəbiyyatına necə təsir edib. Bu, reallıqların tarixi qaynaqları barədə nə deyərdiniz?
- Azərbaycan folklorunun tarixi çox qədimdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan hikmətli atalar sözləri tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərib. Daha doğrusu, gürcülər, ermənilər, farslar və digər etnik xalqlar folklorumuzdan daim bəhrələniblər. Xüsusilə də aşıq sənətimiz qonşu xalqların ədəbiyyatlarına daha çox təsir edib. Bir sıra gürcü, erməni və ləzgi aşıq-şairləri türk-Azərbaycan dilində yazıb-yaradıblar. XVIII əsrdə erməni aşıq-şairi Sayat Nova və XX əsrdə ləzgi aşıq-şairi Süleyman Stalski şeirlərinin əksəriyyətini bizim dildə qələmə alıb.
- Folklorumuzun xalq arasında daha geniş yayılmış növləri və onları bir-birindən ayıran keyfiyyət fərqləri nə ilə bağlıdır?!
- Azərbaycan folklorunun dramatik janrları əsasən xalq oyunları və meydan tamaşaları ilə təmsil olunub. Novruz günlərində oynanılan xalq oyun və tamaşaları xüsusilə populyardır.
Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Süsən sünbül” və s. xalq mahnıları indi də müğənnilərin repertuarından düşmür. Epik folklor janrlarından ilk diqqət çəkəni əfsanələrdir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət, onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehrli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb. Yalnız bir fraqment şəklində olub. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Əfsanə və rəvayətlərdən sonra epik növün geniş yayılmış növünü nağıllar təşkil edir.
Atalar sözü də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılıb. Xalqın əsrlər boyu əldə etdiyi təcrübəsinin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılıb. Bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz edib. Bu janrın ilk nümunələri "Kitabi-Dədə Qorqud", Mahmud Kaşqarinin "Türk dilinin divanı" ("Divani lüğət-it-türk) kimi klassik yazılı abidələrdə özünə yer tapıb.
- Şifahi və klassik ədəbiyyatımızda mifoloji-bədii dünyagörüşümüzün izləri hələ də özünü göstərməkdədir. Azərbaycan mifologiyasının sistemliliyi və bütövlüyü barədə nə deyərdiniz?
- Klassik ədəbiyyatda xalqımızın mifoloji-bədii dünyagörüşü geniş yer alıb. Ancaq Azərbaycan mifologiyası qədim hind, qədim yunan mifologiyası qədər sistemli şəkildə deyildir. Folklorumuzda isə Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Qeyd edək ki, Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edib. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloji mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurub. Buna misal olaraq "Kosa-Kosa", "Qodu-Qodu", "Xıdır Nəbi" mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri misal göstərmək olar.
Folklorumuzun özəlliklərindən birini də onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olmasıdır. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir. "Köç", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə qədim türklərin həyatı bədii-mifoloji əksini tapıb. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Mahmud Kaşğarinin "Türk dilinin divanı" əsərində öz əksini tapıb.
- Bəs folklor janrlarının bölgüsü və onların məna çalarları necə xarakterizə olunur?
- Azərbaycan folklor nümunələrinin böyük bir qrupu isə, xüsusi olaraq uşaqlar üçün yaradılıb. Bunlar lirik, epik, həm də dramatik növlərə aid nümunələrdir. Lirik növə: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.
Onu da deyək ki, Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin ayrıca yeri var. XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf edib. Nəticə olaraq Dirili Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlib. Əsasən orta əsr məhəbbət dastanları -"Qurbani", "Aşıq Qərib və Şahsənəm", "Abbas və Gülgəz", "Tahir və Zöhrə", "Alıxan və Pəri", qəhrəmanlıq dastanı olan "Koroğlu" məhz bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirib və buna görə də epos adlanıb.
Savalan Fərəcov