Hacıqabul rayonunda, Pirsaat çayının sahilində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu qədim tariximizi və zəngin mədəni irsimizi özündə yaşadan abidələrdən biridir.
   
   XI-XII əsrlərə aid xanəgah böyük sufi şeyxi, görkəmli alim və filosof Pir Hüseyn Şirvaninin məzarı ətrafında ucaldılmış memarlıq kompleksidir. Pir Hüseyn Şirvani orta əsrlərin islam nəzəriyyəçisi, filosof kimi Azərbaycanın elmi-fəlsəfi fikir tarixində mühüm rol oynayıb. O, “Qələndəriyyə” sufi təriqətinin piri olub.
   Ölkə əhəmiyyətli abidə sayılan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında mühüm yer tutur. 2005-ci ildən isə burada tarix- memarlıq qoruğu fəaliyyət göstərir. Uzun müddət baxımsız qalmış bu nadir sənət incisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir-bərpa edilərək 2007-ci ildə yenidən ziyarətçilərin ixtiyarına verilib.
   Ötən müddətdə tarix- memarlıq qoruğunun əməkdaşları xeyli iş görüblər.
   Xanəgahın ərazisində Mədəniyyət və Turizm Nazirliyindən verilən layihə əsasında 4 məişət otağı və ekspozisiya zalı daxili imkanlar hesabına istifadəyə verilib. Qoruq ərazisində yeni bağ salınıb, yeni su xətti çəkilib.
   2006-cı ildən bu yana qoruqda 56 mindən çox ekskursiyaçı olub. Xarici ölkələrin səfirliklərinin əməkdaşları, görkəmli elm və mədəniyyət xadimləri qoruqda olarkən rəy kitabına ürək sözlərini yazıblar.
   Qoruğun zəngin fondu yaradılııb. Hazırda 11mindən çox eksponat toplandığı qoruqda elmi-tədqiqat işləri üçün kitabxana fondu da yaradılır. Fondda 120-dək kitab, xeyli sayda toplu və sənəd var.
   Qoruq rəhbərliyi maraqlı tədbirlər, ekskursiyalar, yürüşlər, diskussiyalar təşkil edir. Kollektiv müntəzəm olaraq rayonun ümumtəhsil məktəblərində olur, şagirdlərə rayonun abidələri haqqında məlumatlar verir. Həmçinin tariximizi əks etdirən bukletlər, təqvimlər də nəşr etdirib. Qoruğun direktoru Mübariz Xəlilov “Hacıqabul abidələr diyarıdır” kitabının müəllifidir. O, həmçinin “Mədəni irs” adlı qəzet də təsis edib. Qəzetdə rayonun tarixi, abidələri, mədəni irsi işıqlandırılır. Bu yaxınlarda Mübariz Xəlilova 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı da təqdim edilib.
   Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, nazirliyin məsul işçiləri hər dəfə qoruqda olarkən kollektivə dəyərli məsləhət və tövsiyələr verirlər. Bu diqqətə görə nazirliyin rəhbərliyinə minnətdarıq.
   
   Nurlana Cəbrayılova,
   Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun baş fond mühafizəçisi







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar