Tarixən at üstündə qəhrəmanlıq göstərib zəfər qazanan igid oğullarımız qələbələrini, toy-bayramlarını atüstü oyunlar keçirməklə qeyd ediblər. İlk baxışda əyləncəni xatırladan həmin oyunlar zaman keçdikcə xalqımızın böyük mədəni irsinə çevrilmişdir. Bu irsi yaşatmaq, gələcək nəsillərə çatdırmaq eyni zamanda mədəniyyətimizin təbliğinə, zəngin xalq ənənələrimizin dünyaya tanıdılmasına xidmət edir. Artıq 6-cı ildir ki, ənənəvi olaraq Prezident Kuboku uğrunda çövkən milli oyununun keçirilməsi də bu amala xidmət edir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən və dekabrın 17-dən 22-dək davam edəcək VI çövkən milli oyununda respublikamızın şəhər və rayonlarını təmsil edən 16 komanda - Şəki, Qax, Zaqatala, Yevlax, Qəbələ, Goranboy, Göygöl, Bərdə, İsmayıllı, Daşkəsən, Oğuz, Balakən, Ağcabədi, Tovuz, Ağstafa, Ağdam komandaları mübarizə aparır.
Milli oyun ənənələrimiz yaşadılır
Yarışların rəsmi açılışından öncə jurnalistlərə müsahibə verən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov ölkəmizdə atçılığın mədəni irsin tərkib hissəsi kimi inkişafına xüsusi diqqət verildiyini bildirdi: “Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi, mədəni sahədə həyata keçirilən geniş quruculuq işləri ilə yanaşı, milli dəyərlərimizin dirçəldilməsinə, mədəni irsimizin inkişafına da xüsusi qayğı göstərir. 2006-cı ildən keçirilən Prezident Kuboku uğrunda milli çövkən oyunları artıq xoş bir ənənə halını alıb. Budəfəki proqrama çövkən, papaq, sürpapaq və yaylıq milli oyunları daxil edilib. Xalqımızın qeyri-maddi irsinin qorunub saxlanılması, qədim oyun ənənələrinin bərpası məqsədini daşıyan yarışmaya maraq ilbəil artmaqdadır. Azərbaycanın müxtəlif bölgələrində ənənələrin bərpası, həmçinin turizmin inkişafı sahəsində atçılığın rolu da prioritetlər sırasındadır. Buna görə də çalışmalıyıq ki, ənənə halını almış çövkən yarışması daha geniş vüsət alsın”.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev də jurnalistlərə müsahibəsində çövkən milli oyunlarının keçirilməsinin əhəmiyyətindən danışdı: “Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının qeyri-maddi irs sahəsinin inkişafı ilə əlaqədar bir çox layihələr həyata keçirir və onlardan biri də Prezident Kuboku uğrunda keçirilən çövkən milli oyunlarıdır. Xalqımızın bu qədim oyunlarının ənənələri bir vaxtlar itmişdi. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə mühüm işlər görüldü. Bir çox rayonlarda atüstü oyunlarla bağlı tədbirlər həyata keçirildi. İştirakçı komandalar da artıq peşəkarlaşıb. Hesab edirəm ki, bu sahəyə diqqət daha da artırılmalıdır. Respublikanın müxtəlif yerlərində belə tədbirlər keçirilməlidir”.
Yarışların rəsmi açılışı
Dekabrın 18-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində çövkən milli oyununun təntənəli açılış mərasimi oldu.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, yarış iştirakçısı olan rayonların nümayəndələri iştirak edirdilər. Tamaşaçılar həvəslə açılışı gözləyirdilər. Şəki bizi dumanla qarşıladı. Havadakı şaxtaya baxmayaraq mərasim təyin olunduğu vaxtda başladı.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova tədbiri açaraq bildirdi ki, ənənəvi olaraq hər il dekabrda keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır. Yarışların coğrafiyası ildən-ilə genişlənir, daha kütləvi xarakter alır. İlk dəfə 2006-cı ildə keçirilən yarışlarda 6 komanda iştirak edirdisə, indi onların sayı 16-ya çatıb. Bölgəyə gələn turistlərin də bu sahəyə marağı həddindən artıq böyükdür”.
Z.Cavadova bütün iştirakçılara uğurlar arzuladı və VI çövkən milli oyununu açıq elan etdi. Sonra tədbir musiqi nömrələri ilə davam etdi.
“Cəngi” sədaları altında adları çəkilən hər rayonun komandası oyun meydançasına daxil oldu.
Rəsmi hissədən sonra isə çövkən oyunu üzrə 1/8 oyununa start verildi. Tamaşaçılar çövkən oyunu üzrə Şəki və İsmayıllı komandalarının görüşünü izlədilər. Şəki komandasının böyük üstünlüyü ilə keçən qarşılaşma 9-1 hesabı ilə başa çatdı.
Qeyd edək ki, dekabrın 17-də ilkin seçmə oyunları keçirilmiş və aşağıdakı nəticələr qeydə alınmışdı: İsmayıllı-Tovuz: 1-0, Qəbələ-Bərdə: 2-0, Goranboy-Daşkəsən: 2-0, Yevlax-Göygöl: 3-2, İsmayıllı-Zaqatala: 2-1.
Dekabrın 18-də həmçinin yaylıq milli oyunu üzrə yarımfinal oyunları da keçirildi. Ertəsi gün yaylıq oyununun nəticələri bəlli oldu. Göygöl rayonunun komandası 1-ci, Bərdə 2-ci, Daşkəsən komandası isə 3-cü yeri qazandı.
İştirakçıların ürək sözləri
Rəsmi açılış mərasimindən sonra ayrı-ayrı rayonları təmsil edən yarış iştirakçıları ilə görüşüb fikirlərini öyrəndik.
Ağcabədi rayon komandasının kapitanı Faiq Əliyev keçən ilin dekabrında keçirilən yarışmada üçüncü yeri tutduqlarını, builki oyunlara da daha yüksək nəticə göstərmək ümidi ilə gəldiklərini dedi: “Uşaqlıqdan atçılıqla məşğulam. Dədə-babadan at saxlayan olmuşuq. Bu cür oyunların qorunub saxlanılması adətlərimizə hörmət deməkdir”.
İsmayıllı komandasının nümayəndəsi Ağacan Fərzəliyev sürpapaq, papaq milli oyunlarında müxtəlif illərdə uğurlarının olduğunu dedi: “Komandamız yarışa böyük ümidlə gəlib. Milli xalq oyunlarımızı təmsil etmək layiqli ənənəmizin daşıyıcısı olmaq deməkdir. Bu bizi çox sevindirir”.
Daşkəsən rayon təmsilçisi İlqar Muradov ilk dəfə yarışa gəldiyini söylədi: “Həyəcanlıyam. Yarışa qalibiyyət əzmi ilə gəlmişik. Komandamıza uğurlar diləyirəm”.
Ağdam rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Şəfaqət Süleymanov yarışlarda hər il iştirak etdiklərini bildirdi: “Ağdam qədimdən atçılıq məskəni olub. Qarabağ atları ilə dünyaya səs salıb. Böyük heyətlə gəlmişik. Ötən il V çövkən milli oyununun qalibi olduq. Çalışacağıq ki, bu il də kuboku əldən verməyək”.
Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyə Seyidova komandalarının güclü olduğunu dedi: “Ötən il çövkən üzrə üçüncü yeri tutmuşuq. Bu yarışa da iddialı gəlmişik”.
Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Səfər Ramazanov ənənəvi olaraq keçirilən bu yarışların milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsinə mühüm töhfə olduğunu bildirdi.
Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Ömərov 6 ildir ki, rayon komandasının müsabiqəyə qatıldıqlarını dedi: “Artıq oyunçularımızın pərəstişkarları var. Azyaşlı uşaqlar məşqlərə gəlib baxırlar. Bu marağı görüb 2012-ci ildə uşaqlardan ibarət atçılıq-çövkən komandası yaratmağı düşünürük. Bunlar milli ruh bəxş edən oyunlardır. Turistlərin də böyük marağına səbəb olur”.
Bərdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Soltan Həsənov komandanın tam gücü ilə hazırlaşdığını vurğuladı. Bu cür milli oyunları bacardıqca inkişaf etdirməyin mütləq olduğunu bildirdi.
Ağstafa rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov, Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev, Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova da ənənəvi olaraq təmsil olunduqları bu oyunların əhəmiyyətini qeyd etdilər. Hər dəfə bu yarışlara qələbə əzmi ilə gəldiklərini vurğuladılar. Bu oyunların bölgələrdə yayılmasının turizmin inkişafına da təkan verəcəyini dedilər.
Oyuna hər il ev sahibliyi edən və bir neçə dəfə Prezident Kubokunu qazanan Şəki komandası haqqında Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov danışdı: “Altı ildir baş tutan çövkən milli oyunları yüksək səviyyədə keçirilir. Komandaların hazırlığı ilbəil artır. Şəki komandası bu dəfə də qələbəyə iddialıdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyr-maddi irsin qorunub saxlanılması istiqamətində işlər görülür və çövkən milli oyununun vüsət alması bunun bariz göstəricisidir”.
* * *
Qeyd edək ki, yarış çərçivəsində təşkil olunan papaq milli oyunlarına dekabrın 20-də yekun vuruldu. Sürpapaq oyununun nəticələri isə dekabrın 21-də məlum olacaq. Dekabrın 22-də keçiriləcək Prezident Kuboku uğrunda VI çövkən milli oyununun yekun mərhələsində Şəki, Balakən, Ağdam və Ağstafa rayonlarının komandaları yarışacaqlar. Oyunların təfərrüatı və yekunları barədə qəzetimizin növbəti sayında məlumat verəcəyik.
Reyhan İsayeva,
Şəki