Şəki komandası qalib oldu
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində beş gün davam edən Prezident Kuboku uğrunda VI çövkən milli oyununa dekabrın 22-də yekun vuruldu. Keçirilən hər oyunun ən gözlənilən məqamı finaldır. Bu dəfə finalda Şəki və Ağdam rayonlarının komandaları mübarizə apardı.
Final oyununun başlanmasına sayılası dəqiqələr qalmış hər iki komandanın həyəcanı artırdı. Ağdam komandasının kapitanı Cəfər Zəvvarlı Qax (1:0) və Ağstafa (2:1) komandalarına qalib gəldikdən sonra finalda da qələbə əzmi ilə oynayacaqlarını vurğuladı: “Ötən il kuboku biz almışdıq. Bu dəfə də birinciliyə iddialıyıq. Oyunçularımız güclüdürlər. Atlarımız da xüsusi olaraq seçilib”.
Şəki rayon komandasının kapitanı Xəyal Abdurrəhmanov da İsmayıllı (9:1) və Balakən (2:1) komandalarına qalib gəldiklərini söylədi: “Şəki komandası bir neçə il dalbadal çövkən oyununun qalibi olub. Ötən il itirdiyimiz kuboku geri qaytarmaq istəyirik. Oyunçularımız təcrübəli, atlarımız isə çox güclüdür. Ona görə də oyuna yalnız qələbə əzmi ilə çıxacağıq”.
Biz də hər iki komandaya uğurlar arzulayıb oyun meydançasına yan aldıq. “Cəngi” sədaları altında komandalar meydançaya daxil olur. Kameralar ən maraqlı anları lentə köçürmək üçün hazır vəziyyət alır. Günəşli və mülayim hava deyəsən hər kəsin ürəyincədir.
Final oyunu başlandı
Şəki komandasının aktivliyi ilk dəqiqələrdən özünü göstərir. Oyunun birinci hissəsində (20 dəqiqə) Ağdam komandası qapısından bir top buraxır. Hər iki komandanın mübarizəsinə azarkeşlərin səs-küyü daha da ruh verirdi.
Fasilədən sonra Ağdam rayonunun komandası bir neçə cəhd edib irəli keçmək istəsə də, buna nail olmadı. Əvəzində Şəki rayonunun komandası rəqib komandanın qapısına daha iki qol vura bildi. Hər halda peşəkarlıq və təcrübə göz qabağında idi. Həm atları düzgün istiqamətləndirmə, həm də komanda oyunu bacarığı özünü göstərdi. Oyunun son dəqiqələri, azarkeşlərin həyəcanı...budur, Şəki komandası rəqib qapıya daha bir top vurur. Meydançadakı səs-küy, qışqırıq, zurnanın sədası qulaq batırır. Beləliklə, final oyununda Şəki rayon komandası 4:0 hesabı ilə qalib gəlir.
Oyun meydançasına atılan Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov və komandanın məşqçisi Məmməd Əliyev oyunçuları qucaqlayıb təbrik edir. Aydın İbrahimxəlilov: “Oyunçulara təşəkkür edirəm ki, kuboku geri qaytardılar. Arzu edirəm ki, oyunlar bu gündən sonra da bu cür yüksək səviyyədə davam etdirilsin. Hər kəsə təşəkkürlər”.
Çövkən üzrə üçüncü yer uğrunda mübarizədə isə Balakən və Ağstafa komandalarının qarşılaşması 1:0 hesabı ilə başa çatdı.
Qaliblər təltif olundu
Final oyunundan sonra qaliblərin təltifolunma mərasimi oldu. Ötən sayımızda qeyd etdiyimiz kimi, 16 rayon komandasının qatıldığı yarışda oyunçular çövkən milli oyunu ilə yanaşı, papaq, sürpapaq, yaylıq oyunlarında da qüvvələrini sınamışdılar. Nəticələri sizə təqdim edirik.
Papaq oyunu üzrə finalda Zaqatala və Goranboy komandaları qarşılaşdı və Zaqatala 5:0 hesabı ilə qalib gəldi. 3-4-cü yerləri Qəbələ və Yevlax komandaları bölüşdü.
Sürpapaq oyunu üzrə finalda Oğuz - Qax qarşılaşması 6:2 hesabı ilə yekunlaşdı. 3-cü yeri İsmayıllı, 4-cü yeri Ağcabədi komandaları tutdu.
Yaylıq oyunu üzrə finala çıxan Bərdə - Göygöl qaşılaşmasında Göygöl rayon komandası qalib oldu.
Bu oyun üzrə növbəti yerləri Bərdə 2-ci, Daşkəsən 3-cü, Tovuz 4-cü yeri tutdu.
Mədəniyyət və Turizm Nazirliyi, həmçinin rayon mədəniyyət və turizm şöbələri tərəfindən bütün komandalar diplom və mükafatlarla təltif olundular.
Sonda VI çövkən milli oyununun əsas mükafatı - Prezident Kuboku təntənəli şəkildə qalib komandaya təqdim edildi. Kuboku təqdim edən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov bütün iştirakçı komandalara növbəti illərdə qalibiyyət və peşəkarlıq arzuladı. Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova da qalib komandanı təbrik etdi və onları mükafatlandırdı.
Beləliklə, Prezident Kuboku uğrunda VI çövkən milli oyunu başa çatdı. Səs-küyü, həyəcanı, alqışları, ən əsası qələbə arzusu ilə ötən bu 5 gün milli irsimizi yaşatmağa xidmət edən növbəti addım kimi tarixə düşdü. Qələbə daim bizimlə olsun!
Reyhan İsayeva,
Şəki