Şirvan şəhərindəki tarix-diyarşünaslıq muzeyinin fondu yeni eksponatlarla zənginləşib. Muzeyin etnoqrafiya zalında nümayiş etdirilən iki kilim XX əsrin altmışıncı illərinə aiddir. Toxuculuq sənətinin nadir incilərindən olan kilimlər Qərbi Azərbaycanda barama sapından toxunub. Nadir sənət nümunələrinin sağ və sol tərəflərində bir cüt ensiz çərçivəyə salınmış, qara və çəhrayı fonun üzərində rombvarı və həndəsi fiqurları xatırladan naxışlar var. Müxtəlif rəngli saplardan istifadə olunaraq toxunan kilimlər uzunsov formada, eni 157, uzunluğu 389 santimetr ölçülərindədir.
Muzeydə nümayiş etdirilən yeni eksponatlar arasında XX əsrin 40-cı illərinə aid pulqabı da diqqəti cəlb edir. Tikmə sənətinə aid olan, miniatür xurcun formasında olan pulqabı məxmərdən tikilib.
Ciblərinin üstündə nəbati motivli naxışlar və qoşa quş təsvirindən ibarət olan kompozisiya Azərbaycanda XVI əsrdən geniş yayılmağa başlayan bədii tikmə sənəti növü olan təkəlduzçuluqdan istifadə edilərək ərsəyə gətirilib.