Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni muzey kompleksi əcnəbi ekspertlərdə zəngin təəssürat yaradıb
   
   Xəbər verdiyimiz kimi, bu yaxınlarda açılışı keçirilmiş Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni muzey kompleksinin müasir texnoloji imkanları, innovativ özəllikləri xarici ekspertlərdə də dərin təəssürat yaradıb.
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə norveçli mütəxəssislər - professor Knut Heskoq (Tromso Universitetinin muzeyi) və fəlsəfə doktoru Anne-Sofi Hiqen (Ostfold, Mədəni irs şöbəsinin müdiri) Qobustanda olublar. Qonaqlar təəssüratlarını nazir Əbülfəs Qarayevə ünvanladıqları məktubda qeyd ediblər. Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası və muzeyini yüksək qiymətləndirən ekspertlər “Əminik ki, Qobustan qoruğundakı dünya əhəmiyyəti olan mədəni irs abidələrini çoxlu sayda xarici qonaqlar ziyarət edəcəklər. Öz tərəfimizdən deyə bilərik ki, həmkarlarımıza ən yaxşı tövsiyələri verməyə hazırıq”, - deyə bildiriblər.
   Norveçli mütəxəssislər məktubda muzey kompleksi ilə bağlı fikir və rəylərini təfərrüatlı şəkildə əks etdiriblər.
   
   Muzeyin memarlıq xüsusiyyətləri və xarici görünüşü
   
   Məktubda qeyd olunur ki, digər muzey binaları ilə müqayisədə, Qobustan qoruğu orijinal və fərqli memarlıq dizaynına malikdir. Bu cəhət binaya dəqiqlik və fərdilik verir. Binanın dizaynı çox gözəldir, ərazinin mənzərəsini (Böyükdaş dağı və ətraf ərazilər) pozmur. Binanın memarlığı dairəvi planlaşdırılması ilə diqqət çəkir, tikilinin hündürlüyü ətraf mühitlə uyğunlaşır ki, bu da ətrafdakı mədəni irs landşaftı üçün çox zəruridir: ”İncə sahə planlaşdırması ilə gözəl məkanların birinə çevrilən kompleks qonaqların xoşuna gələcək”.
   
   İnteryerin dizaynı
   
   Müxtəlif muzey funksiyalarının tarazlığı çox həssas məsələdir. Ekspozisiyaların təşkili yeri xüsusi əhəmiyyət daşıyır və bununla bağlı görülən işləri təqdir edirik. Çünki hər muzeyin ürəyi onun ekspozisiyaları olmalıdır. Bundan əlavə, rəhbər və işçilərin ofislərinin yerləşdirilməsi üçün funksional ərazi də var. Giriş hissəsində qarderoblar, suvenirlərin satışı mağazaları və bilet satışı üçün yerlərlə böyük diqqət göstərilmişdir. Binaya daxil olarkən qonaqlar qayaüstü rəsmlərin motivləri ilə bəzədilmiş açıq ağ rotondadan xoş təəssürat alırlar. İnteryerdə istifadə olunmuş materiallar yüksək keyfiyyətə və dizayna malikdir. Belə gözəl taxta və mərmər döşəmələrə müasir muzeylərdə nadir hallarda rast gəlmək olar. Hər şey çox yaxşı planlaşdırılıb və icra olunub. Otaqların birinin uşaqlar üçün təchiz edilməsi də bizi çox şad etdi.    

   Sərgilər
   
   Qobustana bundan öncəki səfərimiz zamanı yeni binanın tikintisinin ilkin mərhələsini görəndə, dairəvi formalı otaqlarda yaxşı sərgilərin təşkilini nə qədər mümkün ola biləcəyi ilə bağlı bizdə müəyyən suallar yaranmışdı, çünki bu bizim üçün zəruri amillərdən biridir. Nəticə bunun mümkünlüyünü göstərir və bununla yanaşı burada dizayn, memarlığa uyğunluq, vasitələrin, metodların və effektlərin tarazlı istifadəsi, estetik və pedaqoji amillər dolğun şəkildə əksini tapıb və bütün işlər çox incə icra olunmuşdur: “Sərgiləri cəlbedici, mehriban və hərtərəfli hesab edirik. Hər otağın özünə məxsus mövzusu var. Bu otaqlara fərdilik verir və hər otaq mövzuya uyğun bəzədilib. Bir otağı tərk edib digərinə keçəndə, insan elə bil fərqli dünyaya daxil olur, amma eyni zamanda həmin dünyanın içindədir: yeni mövzu, yeni təcrübələr, yeni sürprizlər və əyləncə. Ekspozisiya otaqları kompleks yaradır, müxtəlif mövzular və aspektlər ümumi bütövlüyü pozmur, Qobustan landşaftının vacib və maraqlı aspektləri qlobal perspektivdə izah edir”.
   Norveçli ekspertlərin fikrincə, muzey ziyarətçilərin bütün yaş qruplarını nəzərə alaraq iki əsas funksiyanı yerinə yetirməlidir: həm öyrənmək, həm yaxşı təcrübə qazanmaq üçün bir yer olmalıdır: “Qobustan muzeyi hər iki funksiyanı yerinə yetirir və bundan əlavə, onun nadir hallarda rast olunan bir cəhəti var - orada olmaq bir əyləncədir! Vitrinlər, işıq, eksponatlar, fondlar və texniki quraşdırmaların birliyi xüsusi zövq verir. Bütün bunlar nizamlı şəkildə müxtəliflik yaradır. Sərgi nadir elementlərdən və detallardan ibarətdir, onların estetik və funksional cəhətləri zövq verir və düşünülmüş şəkildə qurulub”. Qeyd olunur ki, bu məkan qonaqların mənalı zaman keçirməsi, öyrənməsi, eyni zamanda öz yaradıcılığından istifadə etməsi üçün yerlər çox orijinal və uğurludur: “Əminik ki, bu uşaqlar və böyüklər tərəfindən çox yaxşı qarşılanacaq”.
   Ekspertlər muzeydəki ekspozisiya mətnlərinin tərtibatına da diqqət yetiriblər. Qeyd olunur ki, bəzən muzeylərin ekspozisiyalarında uzun mətnlər təklif edirlər və baxmayaraq ki, bunlar çox gözəl mətnlər ola bilərlər, çətin ki, hər kəs, hətta bu sahə ilə maraqlanan qonaqlar, belə irihəcmli mətnləri oxumağa çox vaxt sərf etsinlər: “Buna görə də ekspozisiyalarda əsas mənanı itirməyən iki və ya üç cümlədən ibarət, kiçik həcmli və dəqiq mətnlərin tərtibatı bizim üçün çox xoş hal oldu. Onları oxumaq və anlamaq çox asandır, onlar çox aydın görünürlər və kifayət qədər düzgün elmi pedaqoji formada məlumat verirlər. Bu çox uğurlu bir işdir”.
   
   Auditoriyalar, texniki təchizat
   
   Ekspozisiya zalında müxtəlif yaş qrupları üçün nəzərdə tutulan iki auditoriyanın təşkili də müsbət məqam kimi qeyd edilir: “Hər ikisi çox gözəl təchiz olunub və onlardan birinin 3D prezentasiyaları üçün istifadəsi çox təsiredicidir. Otaqlar tədris sessiyalar, ictimai mühazirələr, film və görüşlər üçün açıqdır. Bununla yanaşı, onlar konfrans və seminarların təşkili üçün fürsət yaradırlar və bu amil Qobustanı bu kimi tədbirlər üçün açıq, funksional və xoşagələn arenaya çevirir.
   Ekspertlər muzeydə müxtəlif funksiyaları yerinə yetirən və mükəmməl işləyən texniki avadanlıqların qurulmasını müsbət qiymətləndirib və bu avadanlıqları işlətmək üçün yüksək səviyyəli mütəxəssislərin işə cəlb olunması vacibdir.
   
   Nəticələr
   
   Təəssürat və rəylərini yekunlaşdıran ekspertlər Qobustan muzeyinin indiyədək ziyarət etdikləri bənzər məkanlardan ən yaxşısı olduğunu qeyd edirlər: “Aydındır ki, dünyada çoxlu sayda abidələr var və baxmayaraq ki, biz onlardan çoxunu görmüşük, hamısı barədə rəy söyləmək çətindir. Lakin biz qərara gəldik ki, memarlıq, landşaft uyğunluğu, tikili materialların seçimi və istifadəsi, texniki effektlər, dizayn, estetika, pedaqogika və elmi platformanın birliyi Qobustan muzeyini fantastik bir yerə çevirir”.
   Qonaqlar sonda bir tövsiyələrini də bildirirlər: “Əlbəttə, ekspozisiyanın açılışı başlanğıc mərhələdir. Muzeyin nəinki müntəzəm qayğı, saxlama və təmir işlərində, həmçinin, bu kimi müəssisənin bütün funksiyaları yerinə yetirmək üçün kifayət qədər savadlı işçi qüvvəsinə ehtiyacı var. Anlayırıq ki, yerli əhalini bu işə cəlb etmək və onlara muzey işini öyrətmək prioritet məsələdir və biz belə bir strategiyanın tərəfdarıyıq”.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar