“Əsli və Kərəm” dastanı türk-alban mədəniyyətinin nümunəsi kimi
Azərbaycanın zəngin folkloru çoxəsrlik mədəni irsimizin tərkib hissəsidir. Folklor nümunələri, xüsusilə də dastanlarımız bu gün tarix və mədəniyyətimizin bəzi qaranlıq məqamlarına işıq tutur...
Tarixən hər bir xalqın qəhrəmanlıq və məhəbbət dolu həyatı mənəvi dəyərlərə söykənib. Azərbaycan xalqı da xeyli qəhrəmanlıq və məhəbbət dastanları yaradıb. Həmin dastanların qəhrəmanları xalq arasında əli sazlı “haqq aşiq”ləri, bəzən də “haqq aşıq”ları kimi tanınıb. Məlumdur ki, ağız ədəbiyyatımızın hələ tam açılmamış sirləri çoxdur. “Haqq aşığı” istedad vergisi olan sənətkardır. Ona aşıqlıq Haqq-ilahi tərəfindən əta olunub. Onlarda bədahətən çalıb-çağırmaq, sinədən söz söyləmək, müşkül mətləbləri aydınlatmaq nişanələri olub. Maraqlıdır ki, “haqq aşığı” adına yiyələnən klassik sənətkarlarımızın əksəriyyəti barədə dastan yaradılıb. Həmin dastanlarda aşiqlik (sevgi) və aşıqlıq (sənətkarlıq) onlara yuxuda ikən buta, vergi kimi ilahi tərəfindən verilib. Buna görə də onlar toxunulmaz, söz-sənət meydanında yenilməz və məğlubedilməz olublar. Tanrı vergisinin qüdrəti ilə bütün müşküllərdən xilas ola biliblər.
“Əsli və Kərəm” dastanında isə Kərəm ölür. Bu da qəhrəmanın butalı və vergili olmadığından irəli gəlir. Araşdırmalarda göstərilir ki, burada qəhrəmanın ölməsi, dastanın daha qədimliyinə işarədir. Yəni bu dastan elə bir dövrdə yaranıb ki, onda ağız ədəbiyyatımızda haqq aşığı ifadəsi hələ tam formalaşmamış olub. Ona görə də “Əsli və Kərəm” dastanı digər dastanlarımızdan fərqli yanaşma tələb edir. Bu dastanın konkret olaraq hansı tarixi dövrün ədəbi abidəsi olmasına dair birmənalı fikir yoxdur. O, məhəbbət dastanlarımızın ən qədimi hesab olunur.
Onu da qeyd edək ki, dastan barədə bəzi yazılarda Kərəm məhəbbəti qınanılır. Ona erməni qızını sevdiyinə görə iradlar tutulur. Ancaq dastanda “keşiş qızı” heç də “erməni qızı” demək deyildir. Dastanda ermənidən əsər-əlamət belə yoxdur. Araşdırmalar da göstərir ki, bu tarixi abidə erkən orta əsrlərə aiddir. Dastanda islamiyyətdən əvvəl Şimali Azərbaycanda mövcud olmuş alban mədəniyyətinin çalarları, cizgiləri əksini tapıb. Dastanda əksini tapmış inamlar, mifoloji dünyagörüşü bütövlükdə türk-alban mənəvi mədəniyyətinə söykənir.
Burada bir haşiyə çıxaq. Tarixən orta təbəqənin nümayəndələri hakim təbəqəyə yaxınlaşmaq və onlarla qohumluq əlaqələri qurmağa can atıblar. Bu, fakt etnik xalqlarda, xüsusilə ermənilərdə özünü daha qabarıq göstərib. Ermənilər daim çalışıblar ki, öz gözəl qızlarını cəsur və yaraşıqlı türk övladlarına versinlər. Bununla hakim təbəqəyə bir az da yaxınlaşsınlar. ”Əsli və Kərəm” dastanında isə hadisələr bunun əksini göstərir. Xanın oğlu keşişin qızını istəyir. Keşiş isə məsələdən agah olan kimi, bu istəyin əleyhinə çıxır. Qənaətlər göstərir ki, keşiş həqiqətən erməni olsaydı bu istəkdən çox məmnun qalardı. Axı onlar bu istək uğrunda daim mübarizə aparıblar...
Dastan folklorşünas alimlər arasında, o cümlədən qardaş Türkiyədə geniş araşdırma mövzusu olub. Bəzi türkiyəli tədqiqatçılar Kərəmi tarixi şəxsiyyət hesab edir, Kərəm Dədə və ya Aşıq Kərəm adlı bir şairin yaşadığını və dastanın da onun adı ilə bağlı olduğu qənaətindədirlər. Bəzi araşdırmalarda isə XVI əsr Türkiyə aşıq-şairlərinin qoşmalarında Kərəmin adının çəkildiyi göstərilir.
Dastan barədə daha orijinal fikir söyləyən tədqiqatçılarımızdan biri görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasibdir. O, “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı monoqrafik əsərində yazır: “Əsli və Kərəm” dastanının hansı əsrdə yaranmış olduğunu söyləmək, təyin etmək çətindir. Bizcə, “Əsli və Kərəm” nəinki Cavad xandan, hətta bu sülalənin banisi olan ilk bəylərbəyi Əmir Şahverdi Sultandan və onu hakimiyyətə gətirmiş şah Təhmasibin hakimiyyəti illərindən də qabaq yaranmış bir əsərdir. Bu, əlbəttə, tam sübut olunmuş bir həqiqət deyil, ancaq ehtimaldır. Lakin bu ehtimalı həqiqətə yaxınlaşdıran bir sıra dəlillər vardır”.
“Əsli və Kərəm” dastanının süjet xətti qədim tarixi hadisələrə söykənir. Bu fikri folklorşünas alim İ.Abbaslı da təsdiq edir. O yazır: “Azərbaycan variantları əsasında düzəldilmiş erməni “Əsli və Kərəm” dastanı variantında Kərəmin atası İsfahan padşahıdır, onun adı isə Harun ər-Rəşiddir. Maraqlı burasıdır ki, dastandakı əhvalatlar məhz onunla başlayır. Bu da onu göstərir ki, dastanın ana xəttini təşkil edən əsas süjet çox qədim tarixə malikdir...”
Məlumdur ki, xəlifə Harun ər-Rəşid hakimiyyəti (789-809) ərəblərin Azərbaycanı istila etdiyi dövrə təsadüf edir. Bu istila nəticəsində yerli əhali arasında başlanan dini parçalanma (xristian-müsəlman) əsasında baş verən əhvalatlar və yaranan rəvayətlər dastandakı hadisələrin ana xəttini təşkil edir.
Məlum olduğu kimi, türk mənşəli albanlar IV əsrdə xristian dinini qəbul edirlər. VIII əsrdə Albaniyanı işğal edən ərəblər burada İslam dinini yayırlar. Albanların böyük əksəriyyəti İslamı qəbul etsə də, Dağlıq Qarabağın xristian albanları dinlərindən dönməyiblər. Bundan sonra xristian albanlarla digər müsəlman türklər tədricən aralanmalı olurlar. Lakin bu iki hissə bir-biri üçün “din ayrı qardaş” olaraq qalır. Xeyli vaxt Dağlıq Qarabağın xristian albanları türkmənşəli adlarla bərabər hətta müsəlman türklərin şəxs adlarını da daşıyırlar. “Əsli və Kərəm” dastanının məhz belə bir tarixi şəraitdə yaranması ehtimalı daha böyükdür. Beləliklə demək olar ki, xristian albanlar erməni olmadıqları kimi, keşiş də erməni demək deyildir. Albanların əksəriyyəti İslamı qəbul etdikdən sonra Dağlıq Qarabağın xristian albanları azlıqda qalır. 704-cü ildə Ərəb xilafəti alban kilsəsini erməni kilsəsinə tabe etdirir. Sonra həmin albanların tədricən qriqorianlaşması prosesi gedir. Akademik Ziya Bünyadov yazır: “Erməni kilsəsi tədricən alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarır. Beləliklə, ərəblərin əli çatmayan dağlıq yerlərdə yaşayan albanlar qriqorianlaşır. Erməni ruhaniləri alban kilsəsinin nüfuzunu tədricən heçə çıxarır və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini məhv edirlər... Ancaq bütün bunlara baxmayaraq tarix tarixiliyində, fakt faktlığında qalır. “Əsli və Kərəm” dastanı Azərbaycan xalqının mənəvi mədəniyyəti və ağız ədəbiyyatının nümunəsi olaraq yaşayır...
Savalan Fərəcov