Tarixi olaylara şahidlik etmiş saray bu gün muzey kimi fəaliyyət göstərir
Azərbaycanın Naxçıvan diyarı dünyanın qədim mədəniyyət mərkəzlərindən biridir. 2006-2007-ci illərdə aparılan tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində 1162 abidə qeydə alınıb. Onlardan 788-i ilk dəfə aşkar olunub. Qeydə alınan abidələrdən 600-ə yaxını dünya və ölkə əhəmiyyətlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları ilə birgə 2008-ci ildə həyata keçirdiyi arxeoloji layihə əsasında Şərur rayonunda Oğlanqala və Ovçular qədim yaşayış massivlərində eramızdan əvvəl I minilliyə və orta əsrlərə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.
Tarixən müxtəlif dövlətlərin mərkəzi olmuş Naxçıvanda həmin dövrlərə aid memarlıq nümunələri də inşa olunub. Onlardan biri də Naxçıvan xanlarının iqamətgahı olmuş Xan sarayıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Muzey haqqında danışmazdan əvvəl XVIII əsrə aid tarixi-memarlıq abidəsinin tarixinə, memarlıq üslubuna nəzər salaq.
Xanın iqamətgahı
Əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutub. 1828-ci il fevral ayının 10-da Rusiya-İran müharibəsinin yekunlarına əsasən imzalanmış Türkmənçay müqaviləsi ilə, Şimali Azərbaycanın digər xanlıqları kimi, Naxçıvan xanlığının da mövcudluğuna son qoyulub. Həmin il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək Rusiyanın tərkibinə qatılıb. Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri ilə Azərbaycan dövlətçiliyinə böyük töhfələr verib. Tarixçilər Naxçıvan xanları arasında Kəlbəli xanın xidmətlərini xüsusi qeyd edirlər. Xan sarayını da onun inşa etdirdiyi bildirilir. 1820-ci ildən sonra Kəlbəli xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə ediblər. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray Şərq memarlıq üslubundadır. O, Naxçıvan şəhərində Qədim Qala məhəlləsində, Mömünə Xatun türbəsinin yaxınlığında yerləşir. Binanın yüksək təpə (Xan diki) üzərində inşa edilməsi onu son dərəcə əzəmətli göstərir. “Əcəmi seyrəngahı” istirahət kompleksinə daxil olan və son vaxtlaradək Naxçıvan Muxtar Respublikası Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərən Xan sarayı 3600 kv.m sahəsi olan saray kompleksinin qərbində, Xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana inşa edilib. Xan sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var.
Bişmiş kərpicdən tikilmiş bina ikimərtəbəlidir. Pəncərələrdə şəbəkə üslubundan, otaqlarda qədim Naxçıvan yaşayış evlərinə xas taxça formalarından geniş istifadə olunub. Bina zirzəmidən və 8 üst otaqdan ibarətdir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölməsi inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölməsi isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxmaq olar. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib.
Xan sarayının ümumi sahəsi 382 kv.m-dir, divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir. 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestibüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var.
Xan sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır. Taxtlı guşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis şəkildə bəzədilib. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənib.
Muzey
Xan sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərib. 2010-cu ildə isə burada "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Dekabrın 17-də muzeyin açılışı olub. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.
Onu da qeyd edək ki, Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılıb.
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin arxiv sənədləri ilə zənginləşdirilməsi davam edir. Məsələn, Naxçıvan xanlığının o dövrdə əlaqədə olduğu dövlətlərin, o cümlədən Rusiyanın arxivlərindən əldə edilməsi mümkün olan sənədlərin surətləri gətirilərək muzeyin fonduna daxil edilir. Binanın daxili və fasadı milli ornamentlərlə bəzədilib, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyində gələcəkdə dərslərin, elmi müzakirələrin, simpoziumların təşkili də nəzərdə tutulub ki, bu da muzeyin daha da tanıdılmasına xidmət edəcək.
Mehparə