Paytaxtımızda fəaliyyət göstərən aparıcı muzeylərdən biri də milli musiqimizin tarixini, cərəyan və janrlarını, inkişaf yolunu əks etdirən, zəngin irsimizin saxlanc yeri olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyidir. Ötən əsrin 60-cı illərində təşkil olunan muzey Azərbaycan musiqi tarixi ilə bağlı materialları toplamaq, qorumaq, araşdırmaq, təbliğ edib gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılıb.
Hazırda 50 min eksponatın qorunduğu muzeydə musiqi mədəniyyətimizin ən maraqlı məqamlarını, korifey sənətkarların şəxsi əşyalarını, bəstəkarlarımızın müəllif not əlyazmalarını, ən maraqlı, unikal və qədim musiqi alətlərinin əslini və eskizlərini görmək olar.
Muzeyin ekspozisiya zalına daxil olan andan sehrli bir aləmə düşürsən. Ona görə də istər-istəməz eksponatlarla tanış olarkən musiqi ilə sehrlənir, bu ecazkar sənət sahiblərinin yaradıcılığını əks etdirən nümunələrə heyranlıqla baxırsan. Elə biz də muzeyin əməkdaşı Fatmaxanım Abbasovanın bələdçiliyi ilə bu maraqlı məkanı eyni heyranlıqla gəzdik.
Fondlarda nələr qorunur?
Muzey xalq calğı alətləri daimi sərgisini və iki böyük musiqiçi - maestro Niyazi və milli cazın banisi Vaqif Mustafazadənin mənzil-muzeylərini də öz ətrafında birləşdirib.
Arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından ibarət muzeyin fondlarında ən nadir nümunələrə rast gəlmək olur.
Muzeyin fondları barədə ətraflı məlumat verən bələdçi tanınmış bəstəkarların, musiqiçilərin, vokalçıların, xanəndələrin, müğənnilərin, rəqqasların həyat və yaradıcılığına aid olan materialların, afişaların, proqram və məktubların toplandığı arxiv-memuar fondunda dəvətnamələr, not əlyazmaları, kitablar, teleqramlar və s. sənədlərin də saxlandığını dedi.
Foto-neqativ fondunda gəlincə isə, burada ziyarətçilərə tanınmış bəstəkarların, musiqiçilərin, xanəndələrin, rəqqasların nadir və orijinal foto və neqativləri barədə məlumatlar verilir.
Müxtəlif dövrlərin musiqi mənzərəsini yaratmaq baxımından çox maraqlı olan muzeydə ziyarətçilər görkəmli bəstəkarlar Qara Qarayev və Müslüm Maqomayevin şəxsi royallarını, XX əsrin əvvəlinə aid ruporlu qrammofonları, valları da görə bilərlər.
Burbuğ və arfadan da yaşlı çəng
Muzeyin musiqi alətləri fondunda 220 ədəd eksponat var ki, bunların arasında Azərbaycanın görkəmli musiqi xadimlərindən Qurban Pirimov, Bəhram Mənsurov, Xan Şuşinski, Keçəçi oğlu Məhəmməd, Əhməd Bakıxanov, Hüseyn Saraclı, Səid Rüstəmov, Məmmədağa Muradov, Həbib Bayramov, Kamil Əhmədov və başqalarına məxsus olan musiqi alətlərini xüsusilə qeyd etmək istərdim. Muzeyi ziyarət edənlər həmçinin Azərbaycanda geniş yayılmış, lakin sonralar müxtəlif səbəblərdən unudulmuş və sənətşünaslıq doktoru, professor Məcnun Kərimov tərəfindən bərpa edilmiş qədim musiqi alətləri və eyni zamanda dünya xalqlarının alətlərinin nümunələri ilə də tanış ola bilərlər. Bələdçimizin sözlərinə görə, Məcnun müəllimin ikinci həyat verdiyi bu alətlər muzeyə gələnlər tərəfindən böyük maraqla izlənilir: “Adı «Kitabi-Dədə Qorqud» dastanından bizə məlum olan qopuz, tulum, kamançanın əcdadı sayılan çəqanə, klassik ədəbi nümunələrimizdə adı çəkilən rud, rübab, səntur kimi simli musiqi alətləri ziyarətçilərin diqqətlə tamaşa etdikləri nümunələrdir. Əsasən qadınlar tərəfindən ifa olunan orta əsr çəng aləti də maraqlı eksponatlarımızdandır. Arfanı xatırladan bu alət qeyri-adi quruluşu və səs texnikası ilə seçilir. Şərq ölkələrində və o cümlədən də Azərbaycanda geniş yayılan bu alət barədə Bərdədə aparılan qazıntı zamanı tapılan boşqabdakı təsvir müəyyən söz deyir. Həmin təsvirdə çəng ifa edən qadın əks olunub. Bu da həm alətin qədimliyini, həm də Azərbaycanda qadınların musiqi ifaçılığına böyük maraq göstərdiyini göstərir. Alimlər elə bu təsvirə əsasən çəngin avropalıların arfasından da qədim olduğunu yəqin ediblər”.
Eksponatlar arasında ölçü baxımdan çox kiçik və olduqca maraqlı quruluşu ilə seçilən bir nümunə də diqqətimizdən yayınmadı. Quş tütəyi (burbuğ) adlı maraqlı və ölçü baxımından çox kiçik, təxminən sərçəni xatırladan alət barədə məlumat verən bələdçi bu nümunənin muzeyə hədiyyə olunduğunu bildirdi: «Bizdəki ən qədim eksponatlardandır. XVIII əsrə aid nümunə Ağsu şəhərində tapılıb. Alətdə ifa da maraqlı xüsusiyyətə malikdir».
Cabbarın səsi, Qurbanın tarı...
Fonotekada 1733 ədəd val qorunub saxlanılır. Bundan əlavə, fondda 379 ədəd audio lent, yazılar və 189 ədəd CD disk də var. Fonotekanın XX əsrin əvvələrinə aid nümunələri arasında “Konser Rekord”, “Ekstrafon”, “Sport Rekord”, “Primer Rekord”, “Qrammofon Rekord”, “Pate” firmalarının valları toplanıb. Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Qurban Pirimov və Azərbaycanın başqa məşhur ifaçılarının səslərinin yazıldığı bu vallar barədə məlumat verən bələdçi Şərqdə səsini ilk dəfə qrammofona yazdıran sənətkarın Cabbar Qaryağdıoğlu olduğunu bildirdi: «O dövrdə Azərbaycan sənətkarlarının ifasında səslənən muğam, təsnif, mahnı və oyun havaları Varşavada qrammofon vallarına yazılırdı. Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova və başqa XX əsrin ifaçılarının vallara yazılmış səsləri fonotekamızda qorunub saxlanılır. 200-ə qədər valın səsləri təmizlənərək CD disklərə yazılıb».
Nümunələr arasında Keçəçi oğlu Məhəmmədə məxsus qaval, Qurban Pirimovun məşhur tarı ilə yanaşı, digər şəxsi əşyaları - təsbehi, eynəyi, kamertonu, cib saatı da maraqla izlənən eksponatlardandır. Görkəmli sənətkar Fatma Muxtarovanın «Karmen» operasında geyindiyi şal, rolda istifadə etdiyi navaxa, Üzeyir bəyin Qurban Pirimova hədiyyə etdiyi gümüş stəkanaltı, məşhur balet ifaçımız Qəmər Almaszadənin balet tamaşası zamanı geyindiyi balet ayaqqabısına da muzeyin ekspozisiyasında tamaşa etmək olar. Maestro Niyazinin dirijor pultu və çubuğu, cib saatını görmək istəyənlər yollarını bu muzeydən sala bilərlər. Aşıq Hüseyn Saraclının sazı, əsrin əvvəllərinə aid zurna və aşıq sənəti ilə bağlı maraqlı foto nümunələr də burada qorunmaqdadır. Eləcə də Bəhram Mansurovun səhnə geyimi və ona məxsus olan tarı görmək, ifaçının dövrünə səyahət etmək də mümkündür.
Müəllif notları və unikal fotolar
Muzeydə maraqla izlənən müəllif not əlyazmaları fondunda isə Azərbaycanın görkəmli bəstəkarlarının, peşəkar musiqimizin yaradıcısı Üzeyir Hacıbəylinin, musiqi sənətimizin inkişafında öz dəst-xətti olan Qara Qarayevin, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Ədilə Hüseynzadənin, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Vaqif Mustafazadənin, Fərəc Qarayevin, Cavanşir Quliyevin və başqalarının müəllif əlyazmaları saxlanılır.
Muzeydə maraqlı fotolarla da tanış ola bilərsiniz. Opera və balet tamaşalarından, teatr və konsertlərdən nadir fotolar, aşıqların ilk qurultayı, filarmoniyanın çoxillik tarixinin müəyyən mərhələləri və ümumilikdə Azərbaycanın məşhur musiqiçi və ifaçılarının maraqlı, heç yerdə görmədiyiniz fotoşəkilləri də muzeydə sərgilənən nümunələr arasındadır.
Qədim alətlərin yeni ifası
Muzeyin nəzdində 14 nəfərdən ibarət olan Qədim milli musiqi alətləri ansamblı da fəaliyyət göstərir. Professor Məcnun Kərimovun rəhbərlik etdiyi ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və sonradan bərpa olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər.
Həmidə Nizamiqızı