Fevralın 2-də görkəmli ictimai xadim, Bakı Qadınlar Assosiasiyasının sədri, Respublika “Kitab” Cəmiyyətinin rəhbəri, Miniatür Kitab Muzeyinin yaradıcısı və başçısı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Zərifə Teymur qızı Salahovanın 80, aprel ayında isə onun ərsəyə gətirdiyi muzeyin 10 yaşı tamam olur.
Özü 80-ni haqladığını deməsə, bu yaşı ona vermək olmaz. Həmişəki kimi böyük vətənpərvər, həssas, diqqətli, məsuliyyətli, çevik, istiqanlı, səliqəli və gözəl. Respublikada elə tədbir olmaz ki, onu tək, diqqətdən kənarda qalmış görəsən.
Həmişə insanların əhatəsində olur. Hətta ölkəmizdə fəaliyyət göstərən səfirlər də onu uzaqdan görəndə yaxınlaşıb salamlaşmağa, söhbət etməyə can atırlar. Bəli, Zərifə xanım çox maraqlı insandır. Biz jurnalistlərə də həmişə deməyə sözü var. Ya xaricə növbəti səfərindən, orada gördüyü işlərdən, keçirməyə hazırlaşdığı tədbirdən danışacaq, ya da aktual bir məsələyə münasibətini bildirib bizim fikrimizi öyrənəcək.
Zərifə Salahova həmişə, hər yerdə öz bacarığını Vətənə şərəf gətirə biləcək işlərə sərf edib. Onun xeyirxah əməlləri heç vaxt xalqın gözündən yayınmayaraq öz bəhrəsini verib. Tez-tez beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edir. Xarici ölkələrə gedərkən həmişə özü ilə Qarabağ həqiqətlərindən danışan fotoalbomlar, disklər, kitablar, xəritələr və digər materiallar aparıb yayır. Çıxışlarında, ünsiyyətdə olduğu insanlarla söhbətində Ermənistanın ölkəmizə hərbi təcavüzündən, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızdan, onların problemlərindən danışır.
O, Qarabağ münaqişəsinin qızğın vaxtlarında tez-tez döyüş bölgələrinə gedir, ön cəbhədə, hərbi hissələrdə olub əsgərlərimizi haqq-ədalətin zəfər çalacağına ruhlandırırdı. Zərifə xanım həmişə qadınların, uşaqların hüquqlarının müdafiəçisi olub. Bəlkə də bu xüsusiyyət ona hələ uşaqlıqdan - 1937-ci ildə atası - Laçın Rayon Partiya Komitəsinin katibi Teymur Salahov repressiya qurbanı olarkən aşılanmışdı. Onda ailənin bütün əziyyəti, beş övladın tərbiyə olunması Sona ananın üstünə düşmüşdü…
M.Ə.Sabir adına Pedaqoji Texnikumun, sonra isə M.F.Axundov adına Pedaqoji İnstitutun yetirməsi olan gənc qız əmək fəaliyyətinə müəllim kimi başlayır. Sonralar Mingəçevir və Sumqayıtın şəhər qəzetlərində ədəbi işçi kimi çalışır. Moskva Poliqrafiya İnstitutunun redaksiya-nəşriyyat fakültəsinin qiyabi şöbəsini bitirir. 30 yaşında öz yüksək təşkilatçılıq qabiliyyətini göstərə bilən Z.Salahova partiya işlərinə irəli çəkilir. Sumqayıt Şəhər Partiya Komitəsində təlimatçı, məruzəçi, təbliğat-təşviqat şöbəsində müdir vəzifəsinə işləyir. 1970-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə isə onu Mərkəzi Komitəyə məsul vəzifəyə işə götürürlər. Zərifə xanım ulu öndərin rəhbərliyi altında çalışdığı illəri özü üçün əsas universitet dövrü hesab edir.
Kitabsevərlər Cəmiyyətinə birinci müavin vəzifəsinə keçərkən (artıq 15 ildir ki, ona rəhbərlik edir) yenidən kitaba qovuşduğu üçün sevindi. Axı kitabı hələ kiçik yaşlarından sevir, ona hörmətlə yanaşır, mütaliədən doymurdu. Onun bu zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib, kitab mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunub.
Z.Salahovanın miniatür kitablara bağlılığı isə bir başqa aləmdir. 25 ildən artıqdır ki, belə kitabları toplayır. Onun şəxsi kolleksiyasında miniatür kitabların sayı 6,5 mindən çoxdur. İndi 10 ildir ki, İçərişəhərdə belə miniatür kitablardan ibarət şəxsi muzeyini yaradıb, onları sevə-sevə, zövqlə, yüksək poliqrafik səviyyədə nəşr edir, sərgilər, təqdimat tədbirləri keçirir. Belə miniatür nəşrlər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Vətənə, Dövlətə, Xalqa sədaqət andı” kitabının xüsusi yeri var. Böyük öndər Zərifə xanımın fəaliyyətini hər zaman təqdir edərək deyirdi: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.
Bu yaşında Zərifə xanımın daha bir arzusu var. Muzeyində nümayiş olunan klassiklər, siyasi liderlər, incəsənət adamları, yazıçılar, qürbətdə yaşayan həmyerlilərimizə həsr olunmuş miniatür kitablar arasında tezliklə işğaldan azad edilmiş ərazilərimizdən bəhs edən nüsxələr də özünə layiq yer tutsun.
Biz də Zərifə xanımı böyük yubileyi münasibətilə təbrik edib ona cansağlığı, işlərində uğurlar, can atdığı bu böyük arzusuna da qovuşmağı diləyirik.
İradə Əsədova