Teatr elə sənət növüdür ki, onu anlamaq üçün emosional tamaşaçı olmaq kifayət edir. Lakin bu sənət növünün tarixə çevrilən nümayişlərindən xatırlanacaq məqamları görmək üçün muzeyə baş çəkmək lazım gəlir. Paytaxtımızda, Muzey Mərkəzinin 3-cü mərtəbəsində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi peşəkar teatrımızın tarixini özündə əks etdirir.
Burada toplanan nadir eksponatlar sayəsində milli teatrın yaranması, təşəkkül dövrü, inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında geniş məlumat almaq mümkündür. Buradakı eksponatlar ilk teatr tamaşalarının proqram və afişalarından, dramaturqlar, aktyor və rejissorlara məxsus əlyazmalardan, məktublardan, rol dəftərlərindən, foto və neqativlərdən, geyim və dekorasiya eskizlərindən, səhnə tərtibatlarının maketlərindən, şəxsi əşya və rekvizitlərdən, teatr kostyumlarından və s. ibarətdir. Materiallar xronoloji ardıcıllıqla muzeyin 6 zaldan ibarət ekspozisiyasında sərgilənir.
1873-cü ildə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, ilk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 1926-cı ildə Şərq üslubunda oynanılmış “Hamlet” tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera “Leyli və Məcnun”un premyera-proqramı muzeyin ən dəyərli eksponatlarındandır.
Hər zalda bir tarix əks olunub
Birinci zal teatrımızın yaranma tarixinə həsr olunub. İlk teatr truppasının fotoşəkli, ilk tamaşanın afişası bu ekspozisiya zalındadır. Muzeyin maraqlı guşələrindən biri də görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskiyə aiddir. 1907-ci ildə oynadığı “Ağa Məhəmməd şah Qacar” tamaşasında ona aid xalat, tac və qılınc burada saxlanılır. Z.Tağıyevin qızlar məktəbində dərs deyən və 1904-cü ildə Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq yağmura düşdük” əsərini qızlarla tamaşaya qoyan Azərbaycanın ilk qadın dramaturqu Səkinə Axundzadəyə həsr olunmuş guşə diqqət çəkir. İlk qadın aktrisa Gövhər (Göyərçin) Qazıyevanın müxtəlif tamaşalardan olan fotoşəkilləri də maraq doğurur. Böyük dramaturqlar Cəfər Cabbarlı və Hüseyn Cavidə aid guşələr, həmçinin C.Cabbarlının anadan olduğu evin maketi də eksponatlar sırasındadır.
Akademik Milli Dram Teatrının tarixi
Muzeyin ikinci zalı Akademik Milli Dram Teatrına həsr olunub. Ümummilli lider Heydər Əliyevin iştirak etdiyi tamaşalar, tamaşadan sonra aktyorlarla görüşünü göstərən fotoşəkillər burada qorunub saxlanılır.
“Həyat”, “Sevil” və “Toy” tamaşalarının səhnə tərtibatı maketləri, görkəmli teatr aktyorları Hökümə Qurbanova və Ələsgər Ələkbərovun portretləri, müxtəlif tamaşalardan olan səhnə geyimləri, görkəmli teatr rejissoru Tofiq Kazımov və onun hazırladığı tamaşalardan fotoşəkillər, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinə qoyulmuş tamaşaların - “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər” və s. tamaşalardan fotoşəkillər, görkəmli teatr aktyoru Abbas Mirzə Şərifzadə, rejissor Adil İsgəndərovun səhnə fəaliyyətinə həsr olunmuş guşələr də diqqət çəkir.
Tanınmış aktyor Möhsün Sənaniyə həsr olunmuş guşədə isə onun şəxsi əşyaları qorunub saxlanılır. Burada 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacıları tərəfindən aktyora hədiyyə olunan və üzərində şəkli həkk olunan boşqab, şair İslam Səfərli tərəfindən 1975-ci ildə hədiyyə edilmiş kuzə və fincanlar, rejissor Aleksandr Tuqanov tərəfindən verilmiş çıraq, Xalq şairi Səməd Vurğunun hədiyyə etdiyi müştük diqqət çəkir. Bu zalda həmçinin müxtəlif tamaşalardan olan səhnə geyimləri də qorunub saxlanılır.
Opera və Balet Teatrının yaradıcılıq salnaməsi
Muzeyin 3-cü zalı Azərbaycan Dövlət Opera və Balet Teatrının fəaliyyətinə həsr olunub. Azərbaycanda opera teatrının əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə qoyulub. Həmin tamaşanın proqramı muzeydə qorunur. Tamaşanın rejissoru Hüseyn Ərəblinski idi. Hüseynqulu Sarabski Məcnun, çayçı şagirdi Əbdürrəhman Fərəcov isə Leyli rolunu ifa edib. İkinci dəfə Leyli obrazını Əhməd Ağdamski oynayıb.
Tanınmış musiqiçilər Bülbül, Müslüm Maqomayev, dövrünün məşhur “Karmen”i Fatma Muxtarovaya aid guşələr, məşhur opera müğənnisi Şövkət Məmmədovanın oynadığı rollardan fotoşəkillər də burada yer alır. 1937-ci ildə səhnələşdirilən “Koroğlu” operasından səhnə tərtibatının maketi, müxtəlif illərdə opera tamaşalarından olan fotolar, səhnə geyimləri bu ekspozisiya zalında sərgilənir.
1941-ci ildə Əfrasiyab Bədəlbəylinin yazdığı ilk milli baletimiz - “Qız qalası” tamaşaya qoyulub. Baletdə Gülyanaq obrazını Xalq artisti Qəmər Almaszadə ifa edib. Həmin baletdən fotoşəkillər də muzeydə qorunub saxlanılır. Görkəmli musiqiçilər Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin büstləri, Şövkət Məmmədovaya məxsus qrim, bəzək və şəxsi əşyaları da burada görə bilərsiniz.
Üç teatr bir arada
Ekspozisiyanın dördüncü zalında üç teatrın - Musiqili Komediya, Gənc Tamaşaçılar və Kukla teatrlarının tarixinə aid eksponatlar yer alır. Azərbaycanda Musiqili Komediya Teatrının əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin “Ər və arvad” operetta əsasında səhnələşdirilən tamaşa ilə qoyulub. Həmin tamaşanın proqramının əsli burada qorunub saxlanılır. Rejissor Şəmsi Bədəlbəyli uzun müddət bu teatrın direktoru olub və muzeydə onun fəaliyyəti illərini əks etdirən fotoşəkillər də var. Muzeydə diqqət çəkən eksponatlardan biri Xalq artisti Nəsibə Zeynalovanın yaratdığı Qayınana obrazına Tamilla Qurbanova tərəfindən hazırlanan kukladır.
1927-ci ildə Azərbaycanda uşaq teatrı yaradılıb. Sidqi Ruhulla, İsmayıl Hidayətzadə, Ağadadaş Qurbanov bu teatrın yaranmasında yaxından iştirak ediblər. 1936-cı ildə sənət ocağına Gənc Tamaşaçılar Teatrı adı verilib. Teatrda müxtəlif illərdə işləyən rejissorlar - Ulduz Rəfili, Zəfər Nemətov, Məhərrəm Həşimovun və digərlərinin hazırladıqları tamaşalardan fotolar yer alır.
Növbəti guşə 1931-ci ildə əsası qoyulan Dövlət Kukla Teatrına həsr olunub. Teatrın baş rejissoru və direktoru olmuş Molla Ağa Bəbirli və teatrın kollektivinə aid fotolar, müxtəlif kuklaların eskizləri, tamaşalardan fotoşəkilləri burada görmək mümkündür.
Daha iki ekspozisiya zalı haqqında
Muzeyin 5-ci zalı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının tarixini əhatə edir. 1920-ci ildə Rusiyadan “Yarasa” adlı teatr truppası Bakıya gəlir və onların bir hissəsi burada qalır. Beləliklə, Azərbaycanda Azad Təqlid-Təbliğ Teatrı yaradılır. 1923-cü ildən Bakı İşçi Teatrı kimi fəaliyyət göstərən sənət ocağı 1937-ci ildən Rus Dram Teatrı adlandırılıb. Ekspozisiyada teatrın tamaşalarından fotoşəkillər, Səməd Vurğunun “Vaqif” tamaşasından səhnə tərtibatı maketi, müxtəlif tamaşalardan obrazların geyimləri nümayiş olunur.
Ekspozisiyanın 6-cı zalı isə bölgə teatrlarının fəaliyyətini əks etdirir. Bu zalda son 20 ildə Azərbaycanda yaranan teatrların (Pantomima Teatrı, Yuğ Teatrı və s.) fəaliyyətini əks etdirən fotoşəkillər də yer alır.
Reyhan İsayeva