Novruza doğru...
   
   Dünən xalqımız ilaxır çərşənbələrdən birincisini - Su çərşənbəsini qeyd etdi. Bütün mifik qaynaqlarda su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. 
   Qədimlərdən bu yana ulularımız sərt qışda yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Odur ki, Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.
   Ancaq Novruza hazırlıq çərşənbələrdən də xeyli əvvəl - dekabrın 22-də Böyük çillənin girməsi ilə başlardı.
   40 gün ömrü olan Böyük çilləni yola salandan sonra Kiçik çillənin (1-20 fevral) soyuq-şaxtası gələrdi. Bundan sag-salamat çıxandan sonra çillə qarpızı kəsərdilər:
   Bu qarpız çillə qarpız,
   Düşübdü dilə qarpız.
   Yıgılıb xurcunlara,
   Gəlib yargilə qarpız.
   Göz açıb yumunca Boz ay gələrdi. Gah bozarardı, gah qızarardı. Amma Boz ayın dəymədüşərliyi heç kimin xətrinə dəyməzdi.
   İnanclara görə, Novruzqabağı 4 ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir.
   Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.
   Bütün qədim mənbələrdə su həyat, dirilik, sağlamlıq, xoşbəxtlik, inam mənbəyi kimi çıxış edir. Xalqın inamına və inancına görə, Su çərşənbəsində su mənbələri təzələnir və hərəkətə gəlir.
   Su çərşənbəsi xalq arasında həm də "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" adlandırılır.
   Deyilənə görə, həmin gün insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər.
   Xalq arasında su ilə bağlı xeyli məsəllər var.
   İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir.
   
   Çərşənbələr niyə həftənin ikinci günü keçirilir?
   
   Mütəxəssislərin qənaətinə görə, xüsusilə ilin son ayları çərşənbələr ağır gün hesab olunur. Bəs ağırlığın səbəbi nədir? Müşahidələrə və astroloji tədqiqatlara görə, Boz ayın 4 çərşənbəsində ayın forması dəyişir. Aypara ayın ucları bir dəfə yerə tərəf, bir dəfə əksinə istiqamətlənir. Hər yeddi gündən bir ay öz şəklini dəyişir ki, buna da elmdə faza deyirlər. Bu fazalarla dəyişəndə ay həddən ziyadə ağrı çəkir. Məhz bu günlər şadlıq eləmək, süfrə bəzəmək, od yandırmaq ayın ağrılarını sovuşdurmaq məqsədi güdür.
   Bu günə Anadoluda salı gün deyirlər. Bir məsəl də var: Salı gün sallanar. Yəni bir iş görmək istəsən uzanar gedər, başa gətirə bilməzsən. Qədimdə bu günün uğursuz olduğuna inanmışlar.
   Ona görə də çillədən çıxmaq üçün tədricən, mərhələli şəkildə bu çərşənbələr boyu mərasim aksiyaları keçirilir, ocaqlar qalanır. Beləliklə, ocağın təmizləyici, şəfaverici gücünə inanılaraq ağrı-acını odun üstünə tökərək çillədən çıxırlar.
   Elə Novruz bayramının əsas mahiyyəti də mərasimlər vasitəsilə təbiətə təsir etmək, onu yumşaltmaq, mülayimləşdirmək, qışı, qara günü, çətinliyi, çilləni, ağrı-acını geridə buraxıb yeni, işıqlı həyata, bol-bərəkət, bəhrə verəcək həyata başlamaqdır. 

   Təranə Vahid 







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar