“Azərbaycan xalçaları öz qrupları ilə” silsiləsindən növbəti nəşr - “Azərbaycan xalçaları - Şirvan qrupu” kitabçası işıq üzü görüb.
“Azər-İlmə” xalçaçılıq müəssisəsinin hazırladığı nəfis nəşrdə ilk dəfə olaraq Şirvan xalçaçılığının inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri ətraflı tədqiq olunub. Oxucular bu nəşr əsasında Şirvan bölgəsində toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologiyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Azərbaycanın tarixi-coğrafi ərazisi olan Şirvan qədim adət-ənənəsi, zəngin mədəni irsi ilə həmişə fərqlənib. Burada toxunan xalçalar da tarixən çeşnilərinin orijinallığı, naxış və ornamentinin zənginliyi baxımından zövqləri oxşayıb. Şamaxı xalçalarına Afinanın “Benaki”, Nyu-Yorkun “Metropoliten”, Londonun “Viktoriya və Albert”, Sankt-Peterburqun muzeylərində rast gəlmək olar.
Kitabçada bölgənin tarixinə, xalçaçılıq ənənələrinə nəzər yetirilib, 23 əntiq və müasir xalça nümunəsi, onların təsviri və xarakteristikası verilib.
Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan kitabçanın beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub. Layihənin rəhbəri professor Vidadi Muradovdur.