Əcnəbi qonaqlar sufizmlə bağlı memarlıq abidələrinə xüsusi maraq göstərirlər
   
   Xalqımızın zəngin tarix və mədəni irs nümunələri ilə tanış olmaq üçün ölkəmizə təşrif buyuran əcnəbi qonaqların sufi abidələri ilə də maraqlandıqlarını eşitsəm də, düzü, bunun o qədər fərqinə varmamışdım. Qobustan ərazisində yerləşən və sufizmlə bağlı tarixi memarlıq abidəsi hesab olunan Diri baba türbəsində zahirən dərvişləri xatırladan yaponiyalı turistləri görüncə əcnəbilərin Azərbaycandakı dini inanc məkanlarına xüsusi maraqlarının olduğunu bir daha yəqin etdim...
   
   Avstriyalı xanım sufizmi təbliğ edir
   
   Stefani de Vindiş Qrets Avstriya taxt-tacının “Sisi” ləqəbli məşhur imperatriçası olmuş Yelizavetanın (1837-1898) kötücəsidir. Belçikada yaşayır. “Sərhədsiz uşaqlar” xeyriyyə təşkilatının və “Vindiş Qrets” mədəniyyət fondunun rəhbəridir. Ötən il Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. Onu Azərbaycana gətirən isə sufiliyə dərin marağı olub. “Vindiş Qrets” mədəniyyət fondunun “Çayxana” adlı maraqlı bir layihəsi var. Şahzadə Stefani bu layihə çərçivəsində müxtəlif ölkələrdən sufizmlə maraqlanan alimləri, yazarları qonaq dəvət edərək görüşdürür.
   Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Zöhrə Əliyeva onunla beynəlxalq konfransda tanış olub: “Onunla söhbət edərkən Şərq mədəniyyətinə, özəlliklə sufizm fəlsəfəsinə xüsusi marağını hiss etdim. Bu fəlsəfi cərəyanın yaradıcıları arasında böyük azərbaycanlı mütəfəkkirlər olduğunu biləndən sonra Azərbaycana məxsusi marağı yarandı. Konfransda çıxışımı dinlədikdən sonra Bakıya gəlmək istədiyini dedi. Bakıya gəldi, Seyid Yəhya Bakuvinin məzarını ziyarət etdik, digər məkanlarda olduq. Ölkəmizdəki sufi məkanlar, abidələrlə yaxından tanış olmaq üçün Bakıya yenidən gələcəyinə söz verdi”.
   Z.Əliyeva deyir ki, bu gün dünyada sufizmə böyük maraq var. Azərbaycanda sufizmin tarixini, onunla bağlı memarlıq abidələrini dünyaya lazımınca tanıda bilsək, bu zəmində ölkəmizə çoxlu turist cəlb etmək olar: “İslam ölkələrinin bir çoxunda sufizmlə bağlı abidələr var. Azərbaycanda sufizmin zəngin tarixi olub. Seyid Yəhya Bakuvi bu cərəyanın fəlsəfi əsaslarını yaradanlardan biridir. Onun çoxlu davamçıları olub. Dini turizm həvəskarları üçün bu tarix olduqca maraqlıdır”.
   
   “Dərviş” türbəsi
   
   İçərişəhərə baş çəkən əcnəbi turistlər Şirvanşahlar sarayına xüsusi maraq göstərirlər. Nadir memarlıq incimiz olan bu sarayın həyətində Azərbaycanın ənənəvi türbələri formasında inşa edilmiş səkkizguşəli bir məqbərə var. Burada orta əsrlərin məşhur sufi alimi Seyid Yəhya Bəhaəddin oğlu Şirvani dəfn olunub. Fəlsəfə, tarix, astronomiya, təbabət və riyaziyyatı gözəl bilən alim “Seyid” təxəllüsü ilə şeirlər də yazıb. Elmi, sənəti yüksək qiymətləndirən Şirvanşah I Xəlilullah tərəfindən Bakıya, saraya dəvət olunan alim burada Bakuvi təxəllüsü ilə yazıb-yaratmağa başlayır. Onun əsasən ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir.
   Seyid Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksinin cənub həyətində «Dərviş» türbəsi kimi tanınan məqbərəsi yerüstü və yeraltı hissədən ibarətdir. Üst hissədə - cənub, şərq və qərb tərəflərdə - daş şəbəkə ilə örtülü olan üç kiçik pəncərəsi var. Pəncərə şəbəkələri çoxşüalı ulduz şəklindədir. XV əsrə aid edilən abidənin yuxarı hissəsində dini ayinlər yerinə yetirilərdi. Aşağı hissədə isə məzar yerləşir. Məqbərə Şirvan-Abşeron qrupu abidələrinə xas olan təmiz yonulmuş daşla üzlənib. Seyid Yəhya Bakuvinin məqbərəsində 2003-cü ilin oktyabrında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
   
   Sufizmlə bağlı abidələr tarix və mədəni irsimizi yaşadır
   
   Azərbaycanda sufizmlə bağlı İslam abidələri çoxdur. Onların bəziləri tarix memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Onlar haqqında tarixi rəvayətlər də var, elmə əsaslanan həqiqətlər də. Bu abidələrin sistemli araşdırılmasına ehtiyac var. Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən Xanəgah türbəsi də belə nümunələrdəndir. Məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı buradadır. Seyid Camaləddin piri Astara rayonunun Pensər kəndindəki qəbiristanlıqda yerləşir. Deyilənə görə, Seyid Camaləddin ömrünün çox hissəsini Astarada yaşayıb, sufizmi təbliğ edib. Babagil piri vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaran (Dəmirçilər) kəndində məskunlaşmış Sultan babanın adı ilə bağlıdır. «Babagil» sözünün mənası isə, yerli əhalinin dediyinə görə, «Gilanlı baba» deməkdir. Onun XI əsrdə yaşadığı ehtimal edilir. Digər məşhur bir abidə - sufi şeyxinin (Baba) dəfn olunduğu bildirilən Diri Baba türbəsidir.
   Hacıqabul rayonunda, Pirsaat çayının sahilində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu qədim tariximizi və zəngin mədəni irsimizi yaşadan abidələrdəndir. XI-XII əsrlərə aid xanəgah böyük sufi şeyxi, alim və filosof Pir Hüseyn Şirvaninin məzarı ətrafında ucaldılmış memarlıq kompleksidir. Pir Hüseyn Şirvani orta əsrlərin islam nəzəriyyəçisi, filosof kimi Azərbaycanın elmi-fəlsəfi fikir tarixində mühüm rol oynayıb. “Qələndəriyyə” sufi təriqətinin piri olub. Abidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir-bərpa edilib. Qoruğun direktoru Mübariz Xəlilov deyir ki, hər il xanəgaha 10 mindən çox turist-ziyarətçi, o cümlədən çoxlu əcnəbi qonaqlar gəlir.
   
   İslam ölkələri ilə ortaq dini turizm layihələri həyata keçirmək olar
   
   Azərbaycan Turizm İnstitutunun müəllimi Sabirə Dünyamalıyeva ölkəmizdə olan bir çox sufi abidələrində olub. Onun sözlərinə görə, insanların bu fəlsəfi cərəyana, onun tarixinə marağını nəzərə alsaq, bu zəmində dini turizmi inkişaf etdirmək olar: “Ölkəmizdəki sufizmlə bağlı abidələr, inanc yerləri olmaqla yanaşı, tarixi memarlıq abidəsi kimi də turistlərin diqqətini cəlb edir. Bu gün müxtəlif ölkələrlə yeni beynəlxalq turizm marşrutlarının hazırlanması müzakirə olunur. Sufiliklə bağlı abidələrin də ortaq islam dəyərlərinə malik olduğunu nəzərə alsaq, bu istiqamətdə dini turizmlə bağlı birgə layihələr həyata keçirmək mümkündür”.
   
   Ceyhun Zərbəliyev







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar