Gəncə şəhəri, Atatürk prospekti 262. Xalq arasında “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və milli hökumət yerləşib. Bu gün bina Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsindədir.
   
   Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən inşa edilən bina 1897-ci ildə istifadəyə verilib. Burada bir müddət şəhər bələdiyyəsi (“Zemstvo” idarəsi) yerləşib. 1908-ci ildə bina Gəncə qubernatorunun iqamətgahına çevrilib.
   1918-ci ildə tariximizin şərəfli səhifəsinə şahidlik etmiş bina sovet dövründə təhsil ocağı kimi fəaliyyət göstərib.
   1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb. 1931-ci ildə Bakıdakı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu və Tbilisidəki Hidromelorasiya İnstitutu Gəncə şəhərinə köçürülüb. 1933-cü ildə Gəncədə vahid Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
   Böyük istiqlal şairimiz, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad Axundzadənin adı bu təhsil ocağının tarixinə qızıl hərflərlə yazılıb. Onun ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü - 1931-1934-cü illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ilə bağlı olub. Sonralar dünya şöhrətli akademiklər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı və Əlisöhbət Sumbatzadə də burada çalışmışlar, mütəxəssis hazırlığında böyük xidmət göstərmişlər. İnstitut 1980-ci ildə “Şərəf nişanı” ordeninə layiq görülüb və bu mükafatı təhsil ocağına ulu öndər Heydər Əliyev təqdim edib. 2009-cu il mayın 25-də Prezident İlham Əliyev binanın girişində üzərində “Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib” sözləri yazılmış xatirə lövhəsinin açılışında iştirak edib.
   Hazırda Xalq Cümhuriyyətindən qalan izlər burada yaradılmış “Aqrar elm və təhsil muzeyi”ndə qorunur. Yeddi zaldan ibarət muzeyin beşinci zalı Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə həsr olunub. Cümhuriyyətin ilk Baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, divar saatı və digər nümunələr saxlanılır. Zalda Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və Nuru Paşaya məxsus əşyalar da var. Bundan başqa, muzeydə Türk-İslam ordusunun Gəncə qərargahına aid fotostendləri də qorunur.
   Muzeyin yeddinci zalında isə Azərbaycan-Türkiyə münasibətlərinin bu gününü əks etdirən fotostend diqqəti cəlb edir. Burada ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri, Azərbaycan-Türkiyə əlaqələrini əks etdirən şəkillər yer alıb.
   
   Mehparə