Qayaüstü rəsmlərlə yazılmış tarix - Qobustan abidələri
Martın 16-da Qobustan Milli Tarix-Bədii Qoruğunda inşa edilmiş yeni muzeyin ictimaiyyətə təqdimat mərasimi oldu.
Qobustan haqqında yol düşüncələri
...Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu, dürüst tarixi məlum olmasa da, Mesopotamiyadan daha qədim sayılan Qobustan abidələrindən salın. Bu nadir qoruq Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir. Qədim sivilizasiyanın beşiklərindən birini görmək üçün bu yolu qət etməyə dəyər. Çünki bu məkanda üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15 min il əvvələ - Yuxarı paleolit dövrünə aparacaq. Məhz bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.
2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, qayaüstü təsvirlər, dünyanın ən qədim təqvimi, “günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcək.
Unikal abidə
... Qobustana çatırıq - daşların dil açıb danışdığı məkana. Daşlar arasında yenicə salınmış “daş ev”in qənşəri böyük bir mərasimin başlanacağından xəbər verir. Havanın soyuq, şaxtalı olmasına baxmayaraq, bu gün Qobustan tarixinə yeni bir tarix yazılacaq... “Yallı” rəqsinin sədaları altında sanki ulu əcdadlarımızın qayaüstü rəsmləri hərəkətə gəlir... Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Qobustanı Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdi. Bildirdi ki, Qobustan dünyanın ən qədim insan məskənlərindən biridir. Bunu arxeoloji qazıntılar, tarixi abidələr sübut edir: “Qobustan çox unikal bir ərazidir. Bu məkan Daş dövründən tutmuş tunc dövrünə qədər böyük bir mərhələni özündə birləşdirir. Burada azərbaycanlıların ulu əcdadları ən qədim zamanlardan orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Ona görə də bu abidələr böyük tarixi əhəmiyyət kəsb edir”. Vaqif Əliyev bildirdi ki, qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. Qeyd olundu ki, məşhur Norveç tədqiqatçısı Tur Heyerdal, dünyanın digər alimləri Qobustana səfər edərkən burada gördüklərindən heyranlıqlarını gizlədə bilməyiblər.
Vaqif Əliyev bu abidəyə dövlət tərəfindən daim diqqət göstərildiyini vurğuladı. Qeyd etdi ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
2011-ci ildə ölkə başçısının sərəncamı ilə qoruq ərazisində çox müasir və qeyri-adi muzey tikildiyini deyən nazir müavini tikilinin layihə müəllifinə, memarına, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, muzey ziyarətçilərə Qobustan abidəsi haqqında tam, dolğun informasiya verəcək.
Sonra Vaqif Əliyev Qobustan abidələrinin tədqiqatçısı, tarix elmlər namizədi Firuzə Muradovaya nazirliyin fəxri fərmanını təqdim etdi.
Muzeyin açılışı münasibətilə “Qobustan tunc dövründə” adlı kitabının təqdimatı keçirilən Firuzə Muradova ömrünün 50 ilini Qobustanın tarixini öyrənməyə həsr etdiyi və tarixi abidənin bu günü ilə fəxr etdiyini bildirdi: “Qobustandakı qayaüstü rəsmlər dünyada nadir rəsmlərdəndir. Qobustan Azərbaycan xalqının şəkillərlə yazılmış tarixdir”. Alim qədim tarixi-mədəni irsimizə göstərilən diqqətə görə ölkə başçısına və onun xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
“Zamana səyahət”
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova yeni muzey binası barədə məlumat verərək bildirdi ki, qoruq ərazisində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Yeni muzey binası 12 kompozisiya zalından ibarətdir. Muzeydə qoruq əməkdaşları üçün 15 xidməti otaq, kitabxana, fotolaboratoriya və elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına verilib. Qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər.
Muzeyin sərgi zalı müxtəlif bölmələrdən ibarətdir. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunub. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edəcəklər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunur. Burada arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur.
“Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Burada turistlər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir.
“Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür. Muzeyin ekspozisiya zalında və fond otaqlarında 100 mindən çox arxeoloji materiallar toplanıb.
Muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da var. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Məlahət Fərəcova onu da qeyd etdi ki, bu yaxında UNESCO-nun ekspertləri muzeydə olublar. Onlar muzeyi ziyarət edəndən sonra bu nəticəyə gəliblər ki, muzey dünyanın ən gözəl muzeylərindən biridir. Çünki dünyada sırf qayaüstü rəsmlərdən ibarət olan belə bir muzey yoxdur.
Muzey binasının layihəsinin müəllifi AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi ürək sözlərini iştirakçılarla bölüşdü:
- Qobustan Azərbaycan mədəniyyətinin beşiyidir. Bir memar kimi mənim üçün xoşdur ki, burada muzey binasının layihəsinin hazırlanmasında iştirak etmişəm. Bu layihənin əsas ideyası ibtidai insanın yaşayış yeri olan mağara tipli bir mühit yaratmaq idi. İbtidai insanların yaşayış yeri dairəvi planlı olurdu, binanın layihəsində bütün bunlar nəzərə alındı. Ona görə də bu bina dairəvi planlı zallardan, salonlardan ibarətdir. Kənardan baxanda isə bina insan əli ilə yaradılmış nəhəng qayaları xatırladır. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm ki, interyerlərinin tərtib olunmasına xarici mütəxəssisləri də dəvət etdilər. Mənə elə gəlir ki, muzey Azərbaycanın ən yaxşı muzeylərindən biri olacaq.
* * *
Açılış mərasimindən sonra iştirakçılar muzeylə yaxından tanış oldular. Qeyri-adi muzey həm memarlıq üslubu, həm eksponatları, həm də müasir texniki təchizatı ilə ziyarətçiləri heyran etdi.
Ziyarətdən sonra “Böyükdaş” ərazisində “Natiq” ritm qrupu, “Balet” qrupunun iştirakı ilə möhtəşəm Qobustan kompozisiyaları, səhnəciklər nümayiş olundu. Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynovanın ifası özünəməxsusluğu ilə yadda qaldı.
Bir daha fəxrlə xatırladaq ki, dünyanın qaya təsvirləri arasında zənginliyi ilə seçilən Qobustan abidələri Dünya Mədəni İrs Siyahısında yer alıb. Demək Qobustan tək Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə məxsusdur.
Qobustan abidələrini ziyarət edən hər kəs belə düşünür...
Təranə Vahid