Bu il Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkil olunmasının 45, ilk ekspozisiyasının açılışının isə 40 illiyi tamam olur
Xalça Azərbaycan incəsənətinin zəngin xəzinəsi, böyük bir sənət əsəri, xalqımızın yazılı tarixi, şifahi ədəbiyyatı, musiqisi və klassik dünyagörüşünün əsas mənbəyidir. Bu xəzinəni dünya xalqlarına, gələcək nəsillərə çatdırmaqdan ötrü onları bir yerə toplayıb qorumaq üçün bir sənət məbədinin yaranması zəruri idi. Bu məqsədlə xalçaya, sənətə, milli qürura dəyər, önəm verən insanların təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi təşkil edildi.
Lakin muzey yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra tam həcmli fəaliyyətə başlamışdır. Mədəniyyətimizə, onun inkişafına həmişə doğma münasibət bəsləyən Heydər Əliyevin el sənətinə göstərdiyi diqqət və qayğının nəticəsində muzeyin ilk ekspozisiyası 1972-ci il sentyabrın 27-də açılmışdır. Muzeyin açılışında şəxsən iştirak edən, Azərbaycan xalçalarının tarixindən, texnikasından, kompozisiya və rəng həllindən dolğun söz açaraq müqayisələr aparan ümummilli lider xalça sənətinin mahir bilicisi olduğunu nümayiş etdirmişdi.
Ümummilli liderin dəstəyi sayəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi qısa müddət ərzində dünyada tanındı. Muzeyə dünyanın hər yerindən xalçaçı-alimlər gəlməyə başladı. Onlar etiraf edirdilər ki, elmi araşdırmalar, təhlillər aparmaq üçün məhz xalça muzeyinin kolleksiyasına ehtiyac duyurlar.
Heydər Əliyevin dəstəyi nəticəsində muzeyin toplularının zənginləşdirilməsi üçün Azərbaycanın Xalq rəssamı, sənətşünas Lətif Kərimovun rəhbərliyi ilə biz respublikamızın bölgələrini qarış-qarış gəzib ekspedisiyalarda iştirak edir, ən gözəl xovlu və xovsuz xalça və xalça məmulatlarını, xalçaçılıq alətlərini və s. qiymətsiz sənət nümunələrini toplayıb onların toxunma texnikasını, boyanma prosesini, xalçaçılıqla bağlı adət-ənənələri, mərasim və şənlikləri, el deyimlərini öyrənirdik.
Hazırda muzey 10 min eksponatdan ibarət zəngin, unikal kolleksiyaya malikdir. O özündə həm qədim, həm müasir xalça və xalça məmulatlarını, milli paltar, tikmə, zərgərlik əşyalarını, dəmir, daş, taxta üzərində oymaları cəmləşdirib. Onun zəngin xəzinəsini təşkil edən nadir sənət əsərləri orijinal nümunələrdən ibarətdir. Muzeyin ekspozisiyasında təqdim edilən milli sərvətimiz Azərbaycan incəsənətinin öyrənilməsində əsas təşkil etməklə yanaşı, xalça və xalq tətbiqi sənətinin tarixini, bədii əhəmiyyətini, texnoloji çeşidini özündə əks etdirir, bu bənzərsiz sənət növünün ümumbəşəri mədəniyyətlə əlaqəsini göstərir. Burada Azərbaycanın xalça və xalça məmulatlarının növləri, tarixi dövrləri, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz klassik toxuculuq məktəblərinin fərdi ənənələri, metal məmulatları, milli geyim və bədii parça nümunələrinin sonsuz çeşidləri diqqətə çatdırılır.
Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, toxunma növünü, onların sirlərini öyrənmək və əyani tanış olmaq olar.
Azərbaycanın mədəni irsinin xaricdə təbliğ edilməsi məqsədilə muzey respublikada və 30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil etmişdir. Bunların sırasında Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, İtaliya, Türkiyə və s. ölkələri göstərmək olar.
Son beş ildə xarici ölkələrdə - Mərakeşdə, Almaniyanın Berlin, Drezden şəhərlərində, Səudiyyə Ərəbistanında, İtaliyanın Roma şəhərində keçirilən Azərbaycanın mədəniyyət günləri çərçivəsində muzey tərəfindən təşkil olunan sərgilər xalça sənətimizin bir daha tanıdılmasında əhəmiyyətli rol oynamışdır.
Muzeyin ekspozisiyasında mütəmadi olaraq görkəmli sənətkarların, klassiklərin yubileyləri qeyd olunur.
2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, muzeydə “Xalçalarda Nizami dünyası” adlı sərginin təşkili Azərbaycan dekorativ-tətbiqi sənətinin, o cümlədən xalça sənətinin bir başqa yönümdən canlandırılmasına səbəb oldu. Sərgidə şairin əsərlərindəki obrazlar və motivlərin əks olunduğu xalçalar, tikmələr, metal və çini qablar nümayiş olunurdu. Sərginin eyni adlı videoçarxı dənizkənarı Milli Parkda təqdim edildi.
Azərbaycan xalçaları, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə məxsus çeşnilərin qorunması, təbliği və tədqiqi sahəsində muzeyimizin “Şuşa muzeyi” filialı mütəmadi işlər aparır. 1987-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Şuşa şəhərində açılmış Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ”Şuşa muzeyi” filialı, əfsuslar olsun ki, işğal olunmuş digər bölgələrimizin mədəniyyət ocaqları kimi köçkün həyatı yaşayır. Muzey 1992-ci ildən fəaliyyətini Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində davam etdirir. Mütəmadi olaraq muzeydə təşkil olunan daxili və səyyar sərgilərdə tamaşaçılara “Azərbaycanın Şuşa xalçaları və onun əsas bəzək elementləri” adlı ekskursiyalar aparılır. Hər il “Tariximizin unudulmaz səhifələri” adlı tədbirdə Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xankəndi şəhərlərinin anma günləri qeyd edilir.
2011-ci ilin iyul ayında muzeydə Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ Fondu”nun nümayəndəsi ilə görüş təşkil edilmişdir. Görüşdə Qarabağ xalçalarının qorunması, təbliği və inkişafı sahəsində bir çox məsələlər müzakirə olunmuş, muzey və “Azərbaycan xalçaçıları” İctimai Birliyi tərəfindən gələcək əməkdaşlıq proqramı, birgə memorandum imzalanmışdır.
Muzeyin 45 illik fəaliyyəti dövründə təşkil etdiyi Azərbaycan xalçası üzrə beynəlxalq konfranslar xüsusilə diqqətəlayiqdir. 1983-cü ildə UNESCO-nun dəstəyi ilə keçirilən Azərbaycan xalçaları üzrə beynəlxalq simpoziumun açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak etmişdi. Böyük öndərin uzaqgörən siyasəti sayəsində simpoziumda dünyanın görkəmli xalça mütəxəssisləri, alimləri, mədəniyyət və incəsənət xadimləri iştirak edərək, mədəniyyətimizin incisi olan Azərbaycan xalçasına bələd olub, onu daha yaxından tanımaq imkanı əldə etdilər.
Bu ənənənin davamı olaraq 1988, 2003-cü illərdə Bakıda, 2007-ci ildə Parisdə Azərbaycan xalçaları üzrə beynəlxalq simpoziumlar keçirilmişdir. Həmin tədbirlərdə Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, İran, Rusiya, Türkmənistan, İtaliya, Almaniya və s. ölkələrdən tədqiqatçı-alimlər iştirak etmişlər.
Bütövlükdə Azərbaycan mədəniyyətinin Avropaya inteqrasiyası sahəsində ölkəmizdə uğurlu iş aparılır. Muzey daima beynəlxalq tədbirlərə dəvət olunur. Təkcə ötən il muzey əməkdaşları bir neçə beynəlxalq konfrans və seminarda - İsveçin Stokholm şəhərində keçirilən Şərq Xalçaları üzrə 12-ci Beynəlxalq Konfransda (İCOC) “Azərbaycan xalçalarında konsentrik rəmzlər”, Tiflisdə “Mədəniyyətlərin müxtəlifliyi - Muzeylərdə mədəniyyətlərarası dialoq” adlı beynəlxalq elmi konfransda “L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyası”, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan “III Respublikanın 20 ili” mövzusunda beynəlxalq elmi konfransda “Mədəniyyətlərarası dialoq: Azərbaycan xalçaları Böyük İpək Yolunda” adlı məruzələr ilə çıxış etmişlər. Türkiyənin Konya şəhərində keçirilən III Beynəlxalq Türk Əl Toxumaları (Tekstil) və Ənənəvi Sənətlər Konqresində muzey Türkiyənin Səlcuq Universiteti tərəfindən “2011-ci ilin bilim və sənətə katkı ödülü” ilə təltif olunmuşdur.
Muzey 2007-ci ilin dekabrında elmi status almış və burada elmi-tədqiqat şöbəsi təsis edilmişdir. Şöbədə fəaliyyət göstərən AMEA-nın müxbir üzvü, elmlər doktorları, fəlsəfə doktorları muzeyin topluları üzərində tədqiqat işləri aparırlar.
Muzeyin Elmi Şurasında muzeyşünaslıqla yanaşı, elmi-tədqiqat işləri də müzakirə və təhlil olunur.
Muzey 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən aparıcı təşkilatlar sırasına daxil edilmişdir. Bir əməkdaşımız Ali Attestasiya Komissiyasında ekspert komissiyasının üzvüdür.
Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir.
Elmi status aldıqdan sonra muzey milli mədəni irsin təbliğatı və elmi tədqiqatlar istiqamətində mühüm işlər həyata keçirir. Bizim elmi tədqiqatlar təkcə xalçaçılığı deyil, bütün xalq sənətlərini əhatə edir. Bu sahədə uğurlarımız çoxdur.
Məhz buna görə muzeyin ünvanına xarici tədqiqatçılar, şəxsi qalereyalar, muzeylər tərəfindən onlarda saxlanılan əşyaların elmi atribusiyasına (sənət əsərinin əsli və ya saxta olmasının müəyyənləşdirilməsi - red.) dair müraciətlər gəlir. Belə ki, Boqdan və Varvara Xanenko adına İncəsənət Muzeyinin (Ukrayna), Almaniyada şəxsi qalereyanın, şəxsi kolleksiyaçı, tanınmış Amerika alimi Raul Çebulun və başqalarının müraciətləri əsasında onlarda mühafizə olunan Azərbaycan xalçalarının yanlış gedən atribusiyası dəqiqləşdirilmiş, tarixi və işlənmə texnikası müəyyənləşdirilib, məlumatlar sözügedən muzey və şəxslərə təqdim edilmişdir. Məsələn, Boqdan və Varvara Xanenko adına İncəsənət Muzeyində mühafizə olunan 1327 B.V., 1326 B.V., 1325 B.V. №-lı adsız qeydiyyata alınmış xalçaların adı haqqında məlumat verilmiş, yanlış olaraq erməni xalçası adı altında qeydiyyata alınan 1322 B.V. xalçasının adı dəqiqləşdirilərək Qazax məktəbinin “Dağkəsəmən” xalçası olduğu, səhv olaraq “Bico” adlandırılmış 1324 B.V. xalçasının adı dəqiqləşdirilərək Quba məktəbinin “Sumax” xalçası olduğu bildirilmişdir.
(davamı var)
Röya Tağıyeva,
sənətşünaslıq doktoru, professor,
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri