Rus müəllifin yüz il əvvəl Qobustan haqqında yazdığı kitab dəyərli məlumatlar mənbəyidir
   
   Tarixən Azərbaycana gəlib-getmiş əcnəbi səyyahlar, tacirlər, diplomatlar və yazıçıların ölkəmiz haqqında söylədikləri fikirlər, qələmə aldıqları səyahətnamələr, memuarlar yaxın-uzaq keçmişimizi arayıb-araşdırmaq, tədqiq etmək baxımından dəyərli tarixi bir mənbədir. Belə qaynaqlardan biri də 1903-cü ildə Tiflisdə K.P.Kozlovskinin mətbəəsində “Rus İmperiyası Coğrafiya Cəmiyyəti Qafqaz Şöbəsinin qeydləri” rubrikası altında dərc olunan “Bakı quberniyası Şamaxı qəzasının Qəbristan polis sahəsi haqqındakı bəzi məlumatlar” kitabıdır.
   
   Müəllif Fyodor Alekseyeviç Deminski XIX əsrin əvvəllərində ozamankı Bakı quberniyasının Şamaxı qəzasında sahə pristavı vəzifəsində çalışıb. Vəzifəsi ilə də əlaqədar olaraq bu qədim diyarı kəndbəkənd gəzib dolaşıb. Bölgə haqqında, onun coğrafiyası, tarixi və etnoqrafiyası ilə bağlı yerli əhalidən, həm də rəsmi mənbələrdən olduqca dəyərli məlumatlar, rəngarəng faktlar əldə edib. Topladığı materialları sonralar kitab şəklində çap etdirir. Kitabda Şamaxı şəhərindən cənub-şərqdə yerləşən, xalq arasında həm də Mərəzə adı ilə tanınan (hazırda bu bölgə Qobustan rayonu adlanır) coğrafi ərazi haqqında dəyərli məlumatlar yer alıb.
   Maraqlı cəhət odur ki, o, Qobustan toponimini “qəbristan” şəklində traktovka edərək bu adın “qəbirlər olan yer” mənasında olduğu qənaətinə gəlib. Müəllif yazır: “Qəbristan sözü qəbrlər olan yer deməkdir. Doğrudan da bu yerlərin istər düzənlik, istərsə də dağlıq olan hissələrində bu günümüzədək gəlib çatan çoxlu sayda qədim və tarixi bəlli olmayan daşlar, qəbirlər var”.
   Deminski eyni zamanda qeyd edir ki, bu ərazilər yerli sakinlər arasında ən qədim zamanlardan ərazi planlarında və xəritələrində olduğu kimi “çala-çuxurlu, dərə-təpəli yer” mənasını verən “qobu və stan”, yəni çoxlu qobular olan ərazi mənasında işlənməkdədir.
   “Bakı quberniyası Şamaxı qəzasının Qəbristan polis sahəsi haqqında bəzi məlumatlar” kitabı üç əsas hissədən ibarətdir. Kitabda Qobustan etnoqrafiyası, toponimikası haqqında maraqlı elmi məlumatlar toplanıb. Nəşrdə həmçinin Böyük Qafqaz, Lənbəgiz dağ silsilələri, Şahdağ, Babadağ yüksəklikləri, bu ərazidən axıb keçən Pirsaatçay, Qozluçay, Ataçay, Cəngiçay, Sumqayıtçay, habelə təbii bulaqlar - Qırxbulaq, Qələndər bulağı, Nabur bulağı, Böyük bulaq, Kiçik bulaq, Xaltava bulaq və digər şirin su mənbələri, Şərqdə ta qədim zamanlardan su anbarı kimi istifadə olunan ovdanlar və kəhrizlərdən söz açılır. Müəllifin apardığı çoxillik tədqiqatın məhsulu olan kitabda Qobustanın təbiəti, su hövzələri, geoloji xüsusiyyətləri, landşaftı barədə də əhatəli məlumatlar verilib.
   Kitabın ən maraqlı bölmələrindən biri yerli köçəri heyvandarların - tərəkəmə və padarların həyat və məişəti ilə bağlı məlumatlardır. Müəllif bu barədə yazarkən əsasən öz şəxsi tədqiqatlarına, müşahidələrinə, görüb öyrəndiyi adət-ənənələrə, yaylaq və qışlaq həyatına əsaslanıb. O, köçəri heyvandarların məişətinin bütün incəliklərini böyük bir ustalıqla qələmə alıb.
   Qobustan kəndlərindən söz açan müəllif buradakı ərəb mənşəli elatlar barədə məlumatlar verir. Kitabda Qobustanın müasir dövrümüzədək gəlib çatan bir çox yaşayış məskənləri, o cümlədən Ərəbqədim, Ərəbuşağı, Ərəbşalbaş, Ərəbşamlı kimi yaşayış məntəqələri, burada yaşayan insanların məşğuliyyətləri, dünyagörüşləri, adət və ənənələrindən söz açılır.
   Nəşrdə bir vaxtlar Rusiyanın mərkəzi quberniyalarından olan Qafqaza, o cümlədən Azərbaycana sürgün olunan molokanlar barədə də maraqlı məlumatlar yer alıb. Deminskinin yazdığına görə, molokanlar Qobustanda çar Yekaterina zamanından məskunlaşıblar. Astraxanka, Qızmeydan, Xılmilli, Dzerjinovka, Rus Mərəzəsi, Kirovka, Maryovka, Çuxuryurd molokanlarının sıx məskunlaşdıqları yaşayış məntəqələri olub.
   Onu da qeyd edək ki, Qobustan barədə yazılmış bu kitabda tarixi hadisələr, əfsanə və rəvayətlər, folklor nümunələri, qədim inanc və etiqadlarla əlaqədar da xeyli rəngarəng faktlar təsvir olunub. Bu materialların içərisində yerli əhalinin yüz illər boyu inanıb etiqad etdikləri pir və ziyarətgahlar haqqında da söz açılır. Ərazidəki Pirmərəz, Sofu Həmid, Diri Baba və digər ziyarətgahlar haqqında kitabda maraqlı fikirlərə rast gəlmək mümkündür.
   Ötən əsrin əvvəllərində əcnəbi tədqiqatçı tərəfindən qələmə alınan kitab elmi və tarixi baxımdan bu gün də əhəmiyyətini saxlamaqdadır. Nəşr ötən əsrin əvvəllərində Azərbaycanda sahibkarlıq ənənələrini, milli əkin-biçin mədəniyyətinin öyrənilməsi baxımından dəyərli mənbədir.
   
   Savalan Fərəcov






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar