Tarixən müxtəlif millətlərin, fərqli din və mədəniyyətlərin dinc yanaşı yaşadığı tolerant məkan kimi tanınan Azərbaycanda özünəməxsus tarixi-mədəni izlər qoymuş xalqlardan biri də almanlardır.
XIX əsrin əvvəllərində ağır Napoleon müharibələrindən sonra səfalət içində olan alman torpaqlarından bir çox insanlar Rusiya imperiyasının əyalətlərinə (çar I Aleksandrın dəvəti ilə), o cümlədən Krıma və Cənubi Qafqaza köç etmişdilər. 1819-cu ildə Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoymuşdu. Sonrakı illərdə Azərbaycanın qərb bölgələrində - indiki Şəmkir, Tovuz, Ağstafa rayonları ərazisində alman məskənləri salındı. Almanlar 1941-ci ildə Stalin tərəfindən Orta Asiyaya sürgün edilənədək bu torpaqlarda azərbaycanlılarla mehriban şəraitdə yaşamışlar. Alman icması həm kompakt yaşadığı ərazilərdə, həm də Bakıda və Azərbaycanın digər bölgələrində ictimai, iqtisadi, mədəni həyatda fəal iştirak etmişlər. Azərbaycan-alman dostluğunun izləri bu gün də yaşayır, almanların tikdiyi müəssisələr, o cümlədən tarix-mədəniyyət obyektləri fəaliyyət göstərir. Almanlar Azərbaycan memarlığına da bir sıra töhfələr veriblər. Onların alman üslubunda tikdikləri evlər indi də qalmaqdadır.
Almanlar arasında azərbaycanlılarla, eləcə də Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri ilə ailə quranlar da olub. Həmsöhbətim “Wiedergeburt” (“Dirçəliş”) Alman Milli Mədəni Cəmiyyətinin rəhbəri Ələkbər Səfərov da belə bir ailənin nümayəndəsidir. Qurumun fəaliyyətində Azərbaycandakı alman (qarışıq) ailələrlə yanaşı, başqa millətlərin nümayəndələri də yaxından iştirak edirlər. “Wiedergeburt” müxtəlif mədəniyyətləri bir araya gətirməklə onların dialoqunu yaradır.
Almanların Azərbaycan memarlığına verdikləri töhfələr arasında Bakıdakı alman kirxası (kilsəsi) da var. Kapelhaus kimi tanınan binada tez-tez müxtəlif mədəniyyət tədbirləri keçirilir. “Wiedergeburt”un sədri Ələkbər Səfərovla da burada görüşdük. Onunla söhbətdən bəlli oldu ki, qurum 1992-ci ildə yaradılıb: “Cəmiyyət Azərbaycanda yaşayan almanları birləşdirir və onların əksəriyyəti qarışıq ailələrin nümayəndələridir. Ailələrdə valideynlərdən biri alman, rus və ya azərbaycanlıdır. Mütəmadi olaraq müxtəlif mədəniyyət tədbirləri keçiririk. Almanların tarixi və dini bayramlarını, anım günlərini qeyd edirik. Almanların ən çox sevdikləri bayramlardan biri dekabrın 24-25-də qeyd edilən «Vaynaxt» (Milad) bayramıdır. Alman pasxası (Ostern) isə aprel-mart aylarında, müxtəlif tarixlərdə (bu il aprelin 8-də) qeyd edilir. Bundan başqa, 3 Oktyabr - Almaniyanın Birləşməsi Günü qeyd etdiyimiz bayramlar sırasındadır».
Deportasiya
Qeyd edək ki, almanlar 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin həyatında da fəal iştirak ediblər. Azərbaycan Parlamentində onların öz nümayəndəsi (Lorens Kun) vardı. Ələkbər müəllimin atası Şuşanın bəy nəslindən olan Məhiş Səfərov da Xalq Cümhuriyyəti dövründə Almaniyaya oxumağa göndərilib. Berlində ali texniki təhsil alan M.Səfərov Bakıya qayıtdıqdan sonra orta məktəbdə alman dili müəllimi işləyir. Gələcək həyat yoldaşı - alman İrina Teisşt ilə işlədiyi məktəbdə tanış olurlar. 1941-ci ildə ailənin böyük övladı Ələkbər dünyaya gəlir. Az keçmir ki, digər alman ailələri kimi, bu ailənin də qara günləri başlanır. Stalinin fərmanı ilə SSRİ ərazisində yaşayan almanlar həbs olunur, ucqar yerlərə - əsasən Qazaxıstana sürgün edilirlər. M.Səfərov də həbs həyatı, ailəsi isə Qazaxıstanda səfil günlər yaşayır:
“Atam həbsdən azad olduqdan sonra Qazaxıstana gəlir, bizi aparmaq istəsə də, buna icazə vermirlər. 1949-cu ildən 1956-cı ilə qədər Qazaxıstanda yaşadıq. Yalnız Stalinin ölümündən sonra bizə geriyə, Azərbaycana qayıtmağa icazə verdilər”.
Mədəniyyətləri bir araya gətirən məkan
Ələkbər Səfərov Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib və hazırda Qərb Universitetinin orta məktəbində müəllim işləyir. İşinin çoxluğuna baxmayaraq, ictimai fəaliyyətə də vaxt ayırır. O, alman ənənələrinin qorunub saxlanmasında yaradılan şəraitə görə ilk növbədə Azərbaycan dövlətinə minnətdarlığını bildirir: “Wiedergeburt” 1992-ci ildə Bakıda yaşayan alman qadın İda Şvayqertin təşəbbüsü ilə yaradılıb. O, Almaniyaya köçdükdən sonra cəmiyyətə mən rəhbərlik edirəm. Hazırda Bakıda təxminən 500-700 alman yaşayır. Onlardan əksəriyyəti mənim kimi qarışıq ailənin nümayəndəsidir”.
Həmsöhbətim deyir ki, almanlar Azərbaycanda bir sıra təsərrüfat sahələrində çalışıblar, o cümlədən şərabçılığın inkişafına töhfələr veriblər. Burada fon der Non, A.V.Eşler, İ.V.Edel və F.A.Lemkul kimi məşhur alman memarları olub. Kapelhaus kimi tanınan kompleks 1999-cu ildə Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri tərəfindən təmir olunub və o vaxtdan Almaniya ilə Azərbaycan arasında mədəni mübadilədə mühüm rol oynayır.
Ələkbər müəllimlə söhbət zamanı Kapelhausda alman milli geyimində olan uşaqlardan ibarət xor kollektivinin məşq prosesi gedirdi. Xorun ifasında alman mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da səslənirdi. Cəmiyyət sədri bunu da mədəniyyətlərin qaynayıb-qarışmasına nümunə göstərdi: “Xor kollektivində təkcə almanlar deyil, Bakıda yaşayan digər xalqların nümayəndələri də təmsil olunur. Müxtəlif icmaların milli mədəni qurumlarının nümayəndələri tez-tez qonağımız olur, Kapelhausda xüsusi proqramlarla, konsertlərlə çıxış edirlər”.
Almanlar Azərbaycan cəmiyyətinə çoxdan adaptasiya olunub
Ələkbər Səfərov Ahıska türkü, musiqiçi Solmaz Neymanzadə ilə ailə qurub. Elnarə adlı bir qızı və nəvəsi var: “Ailəmizdə həm alman, həm türk, həm də Azərbaycan mədəniyyətinə, adət və ənənələrinə hörmətlə yanaşılır. Məsələn, nənəm və anam həyatda olanda evimizdə həm alman, həm də Azərbaycan yeməkləri hazırlanırdı. Mən hər zaman çox dadlı olduğuna görə yerli mətbəxi sevmişəm. Və bu gün də evimizdə ən çox Azərbaycan yeməkləri bişirilir. Biz alman, Azərbaycan musiqilərini dinləyirik. Həm qızım, həm də həyat yoldaşım Azərbaycan və alman dillərini bilirlər. Mənə elə gəlir ki, başqa mədəniyyətləri başa düşmək, onlara hörmət ifadə etmək üçün belə bir ailə mühitinin olması kifayətdir”.
Yuxarıda qeyd etdiyimiz kimi, əslən Şuşadan olan Ələkbər müəllim ata-baba yurdunda cəmi bir dəfə, 1983-cü ildə olub: “Yaxşı ki, heç olmasa bir dəfə Şuşaya getdim. Atamın dostları ilə görüşdüm, Səfərovlara məxsus karvansaraya baş çəkdim. Bilirsiniz, biz hər il Almaniyanın birləşdiyi günü qeyd edirik. Arzum budur ki, işğal edilmiş Azərbaycan torpaqları da geri qaytarılsın və həmin gün də bizim bayram edəcəyimiz tarixə çevrilsin».
Almanların Azərbaycan cəmiyyətinə adaptasiyasına gəlincə, Ə.Səfərov bu ifadənin onlar üçün yad odluğunu deyir: «Biz burada doğulmuşuq, Azərbaycanın problemi, sevinci, kədəri həm də bizimdir. Biz artıq cəmiyyətə çoxdan adaptasiya olunmuşuq”.
Mehparə