Onunla Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi II Respublika dekorativ-tətbiqi sənət festivalının Gəncədə təşkil olunan ilk sərgisində tanış oldum. Sərgidə hazırladığı əl işləri barədə maraqlananlara həvəslə məlumat verən el sənətkarının öz sənətinə necə vurğun olduğunu elə kənardan da sezmək mümkün idi.
Məmməd Fəhimov misgərdir. Özünü dərk edəndən evdə mis qabların hazırlandığını görüb, babasının, atasının dekorativ sənət işləri ilə fəxr edib. 51 yaşlı sənətkar həmin illəri belə xatırlayır: “Uşaqlığım İsmayıllının Lahıc kəndində keçib. Atam da, babam da bu sənətlə məşğul olublar. Bilirsiniz ki, Lahıcda el sənətkarları çox olub. Atama bu sənəti babam öyrədib. Sonradan elə oldu ki, atam gənc yaşlarında Gəncəyə köçdü. Burada da öz sənətini davam etdirdi. Halbuki Gəncə iri sənaye şəhəri idi və müxtəlif sahələrdə çalışa bilərdi. Atam misgərliklə məşğul ola-ola böyük bir ailəni saxladı, ev tikdi. Özümü tanıyandan bu sənətin içində olmuşam. Uşaq yaşlarında atam üçün işlədiyi emalatxanaya yemək aparardım. Bir dəfə mənə dedi ki, “dədə-baba sənətini öyrən, gərəyin olar, bu sənət yaşamalıdır”. Onun yanında mis qabları sürtə-sürtə yavaş-yavaş meyilimi bu sənətə saldım”.
Mis qabların müalicəvi əhəmiyyəti var
Misgərlik sənəti məhsullarından Azərbaycanın bütün bölgələrində istifadə olunduğunu deyən müsahibim onların müalicəvi əhəmiyyətindən də danışır. Deyir ki, el arasında eşitmişik ki, mis qabda bişən yemək daha dadlı olar. Üstəlik o, bütün zərərli maddələri özünə çəkər: “Misin özünün böyük müalicəvi əhəmiyyəti var. Mis qazan və qapağını daha çox sifariş edirlər. Əsas sifarişlərim qonşu rayonlardan, Bakıdan olur. Hərdən Rusiyadan da sifarişlər alıram.
Mis qabda bişən yeməkdə zərərli maddələr itir. Üstəlik ət xörəkləri, düyü məhsulları mis qazanda bişəndə təravətini saxlayır. Şəmkir, Qazax, Tovuz bölgələrində mis qazandan daha çox istifadə olunur. Şadlıq saraylarında da yeməkləri əsasən mis qazanlarda bişirirlər. Şadlıq evləri müxtəlif ölçülü qazanlar sifariş edirlər. Diqqət etsəniz siz də görərsiniz ki, mis qazanda bişən yeməklər daha ləzzətli olur. Mis samovarda hazırlanan çayın isə ayrı ləzzəti var”.
Müsahibim deyir ki, onun əl işləri ilə tanış olan əcnəbilər suvenir məhsullara daha çox maraq göstərirlər: “Hazırladığım dəbilqə formalı məişət qabları xanlıq dövründə istifadə olunub. Bu qablar forması ilə də maraq doğurur. Belə qablardan keçmişdə yeməklərin saxlanılmasında istifadə olunurdu. Çünki mis məmulatlar uzun müddət istini özündə saxlayır”.
Misgərlik böyük səbir tələb edir
Məmməd Fəhimov Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə, festivallarda həvəslə iştirak edir. Son vaxtlar dövlət səviyyəsində xalq tətbiqi sənət növlərinə diqqətin artdığını deyir. Gileyi bu sənətə gənclərin az maraq göstərməsindədir: “Bir neçə tələbəm olub. Müəyyən mərhələdən sonra uzaqlaşıblar. Maraqlananları, bu işə marağı olanları öyrətməyə həmişə hazıram. Misgərlik səbir tələb edir. Burada texnikadan istifadə etmirik. Hazırlanan əsər sırf əl əməyinin məhsuludur. Həm də gərək bu işdən zövq alasan. Bəzən bir məhsulun hazırlanması fasilələrlə 10 gün vaxt aparır. Əsl sənətkar işinin sonunda ortaya çıxan məhsulu görəndə, bütün yorğunluğunu unudur. İndi oğlum Ruslan da bu işlə məşğul olur. O, məhsulun dekorasiyasına daha çox üstünlük verir. Sevinirəm ki, o da ailəmizin, xalqımızın sənəti ilə böyük maraqla məşğul olur”.
Əsl el sənətkarı sənətini atmaz
Misgər Gəncədə Karvansaray binasında atasından qalmış emalatxanasında dekorativ-tətbiqi sənət əsərləri hazırlayır, sifarişləri yerinə yetirir: “Emalatxana mənə atamdan qalıb. Burada bəzi sənətkarlar yerlərini kirayə verdilər. Amma mən ailə sənətimizi atamın emalatxanasında davam etdirirəm. İstəyərdim ki, bütün qədim sənət növləri yaşasın. Heç bir sənət unudulmasın. Axı bu sənətlər xalqımızın sərvətidir. Əsl sənətkar, hər nə olursa-olsun, özünü sənətində tapa bilməlidir.
Ceyhun Zərbəliyev