Tarixdən qalan iz, xatirələri dilə gətirib canlandıran İçərişəhər özünü müdafiəsi üçün əhatələnmiş hər daşı ilə danışır. Kimsəyə bəlli olmayan hekayəni özündə yaşadır. Şücaətimi, ölümümü, sevinci, ya sevginimi fərq etməz, əsas olan hər abidəsində qorunan tarixi gələcək nəsillərə ötürmək, doğma şəhəri qorumaqdır.
   "Şirvanşahlar Sarayı Kompleksi" əski şəhərin möhtəşəmlik nümunəsidir.

   
   XV əsrdə Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi təkcə Azərbaycanın deyil, Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir.
   Saray üç həyətdən ibarətdir: yuxarı, aşağı və orta həyət. Yuxarı həyətdə divanxana və ikimərtəbəli, 52 otaqdan ibarət şah sarayı yerləşir. Saray binasının divarlarında 1918-ci il mart qırğınından qalan güllə izləri də diqqət çəkir.
   Burada müxtəlif eksponatlar qorunub saxlanılır. Onların arasında Şirvanşahlar sarayı ərazisindən tapılan qədim küplər, məişət qabları da yer alıb. Şirvanşahlar sarayı kompleksinin XIX əsrin sonuna aid fotoşəkilləri də maraqlı eksponatlardandır. Qədim sikkələrin nümayiş olunduğu vitrinlərdə elə nümunələr var ki, onları kiçik olduğuna görə lupa altında müşahidə etmək mümkündür. Bu, Makedoniyalı İsgəndərin dövrünə aid metal puldur.
   XVII və XIX əsrdə xanımlar üçün gümüşdən hazırlanmış bəzək əşyaları, kəmərlər, toqqa, həmçinin kişi üzükləri, məişətdə istifadə olunan mis qablar - aşsüzən, sərpuş (yeməyin ağzını bağlamaq üçün qapaq), lampa, dolça, ləyən də müxtəlif vitrinlərdə sərgilənir.
   Ekspozisiyada XIX əsrə aid qoz ağacından hazırlanan, üzərində üzüm və əncir yarpaqları naxışları olan nərd taxtası diqqət çəkir. Həmçinin Bakı, Quba, Şamaxı xalça məktəblərinə aid qədim xalçalar, qadın geyimləri, musiqi alətləri, müxtəlif tərtibatlı taxta qaşıqlar, cehiz ayna qabları, daraqlar, qələm qutuları və s. müxtəlif dövrlərin tarixi ab-havasını yaradır.
   Sarayın bir otağında isə “Bakı turistlərin gözü ilə” adlı sərgi yer alır. XX əsrdə Bakının təsvirlərini fotokameranın yaddaşına köçürən turistlərin çəkdikləri şəkillərdə tarixi abidələrlə yanaşı, neft buruqları, dənizkənarı bulvar, müxtəlif küçələri görmək olar.
   Kompleksin diqqət çəkən abidəsindən biri də 1428-ci ildə tikilən divanxanadır. Burada dövlət və məhkəmə işləri aparılırdı. Divanxananın giriş qapısı naxışlarına görə fərqlənir. Xalça, üzüm və əncir ağacları yarpaqları naxışları ilə bəzədilib. Aşağı hissədə medalyonlar var ki, orada 6 dəfə “Allah təkdir” (“Allahu Əhəd”) və 6 dəfə “Məhəmməd” sözü yazılıb. Divanxananın içəri qapılarına Qurandan ayələr həkk olunub.
   Sarayın orta həyətində saray alimi Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Şamaxıda anadan olan Bakuvi sonradan Bakıya köçüb. 30-dan çox elmi əsərin müəllifidir. Onun türbəsi iki - yeraltı və yerüstü hissədən ibarətdir. O, dərviş olduğundan yerüstü hissədəki türbə dərviş papağı formasındadır. Bura bəzən “dərviş türbəsi” də deyilir.
   Orta həyətdə, açıq havada qədim silah növü - mancanaq (üzərinə daş qoyularaq atılan silah növü), top maketləri sərgilənir.
   Sarayın ərazisində 699 ədəd daş kitabə var. Xəzər dənizindən tapılan kitabələr vaxtilə dənizdəki bir adadakı qalanın hissələridir. 1306-cı ildə dənizdə baş verən zəlzələ nəticəsində dağılaraq suyun altında qalan qalanın üzərini bu kitabələr bəzəyirmiş. Həmin daşlar 1939-cu ildə Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində tapılıb. 30 illik araşdırma nəticəsində onların böyük qismi üzə çıxıb. Daşların üzərində Şirvanşah hökmdarlarının adları, həmçinin müxtəlif heyvan rəsmləri yer alır.
   Aşağı həyətdəki abidələrdən biri şahın ailəsinə aid türbədir. Türbənin girişindəki yazıdan məlum olur ki, buranı İbrahim Xəlilullah anası və 5-6 yaşında xəstəlikdən vəfat etmiş oğlu üçün tikdirib. Sonradan şahın özü, həyat yoldaşı və üç oğlu burada dəfn olunublar.
   Minarəsi 22 metr hündürlüyündə olan saray məscidi də türbənin yanında yerləşir. Minarənin üzərindəki yazıdan məlum olur ki, məscid 1441-ci ildə şah Xəlilullahın əmri ilə tikilib. Məscidin üç qapısı var: kişilərin, qadınların, şah və onun yaxınlarının girdiyi qapılar.
   Kompleksin diqqət çəkən daha bir abidəsi 1438-ci ildə tikilən hamamdır. Bütün Şərq hamamlarında olduğu kimi qışda isti, yayda sərin olması üçün hamam yarı yeraltı formada tikilib. Şirvanşahlar dövləti dağıldıqdan sonra hamam istifadəsiz qaldığından üzərini torpaq qatları örtüb və 1939-cu ildə burada aparılan arxeoloji qazıntılar zamanı hamam üzə çıxıb. Hamam daxili və xarici otaqlardan ibarət olub. Hamama su yerin altında yerləşən ovdandan gəlirdi. Bütün otaqlarda üst-üstə saxsı borular var idi. Borunun biri ilə soyuq su külxanaya gələrək orada qızdırılaraq ikinci boru ilə otaqlara paylanılırdı.
   Möhtəşəm tikili paytaxt sakinləri ilə yanaşı, şəhərin qonaqlarının, turistlərin də hər zaman diqqət mərkəzindədir. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi 2000-ci ildə UNESCO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Dünya Mədəni İrs Siyahısına daxil edilib.
   
   Reyhan İsayeva







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar