Bu il görkəmli yazıçı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur. Maarifpərvər ziyalı eyni zamanda Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Bakıda ədibin çoxşaxəli fəaliyyətini, zəngin ədəbi irsini təbliğ edən xatirə muzeyi var.
   
   Məmməd Səid Ordubadinin xatirə muzeyi 1979-cu ildə yaradılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Nazirlər Sovetinin “Mədəniyyət və incəsənət xadimlərinin xatirə muzeylərinin yaradılması haqqında” 16 iyul 1976-cı il tarixli qərarına əsasən, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 31 oktyabr 1979-cu il tarixli əmri ilə yaradılan muzey yazıçının keçdiyi həyat yolu, yaradıcılığı barədə dolğun təsəvvür yaradır.
   Dəhliz və iki otaqdan ibarət muzeyin ekspozisiyası 3 bölmədən ibarətdir. Burada yazıçının xatirə əşyaları, təsviri incəsənət nümunələri və yazılı xatirələr qorunub saxlanılır.
   Sadə həyat tərzi və təvazökarlığı ilə seçilən yazıçının qonaq otağı eyni zamanda onun iş otağı olub. Yazı masasının üzərində ədibin qələmi və armudu stəkanı diqqət çəkir. Ordubadi ömrünün son 12 ilini (1938-1950) bu mənzildə yaşayıb və bir sıra əsərlərini bu masanın üzərində yazıb.
   Otağın bir küncündə qoyulmuş "T6" markalı radioqəbuledicidən ədib günün xəbərlərini, maraqlı verilişləri, xüsusən də klassik musiqi əsərlərindən ibarət konsert proqramını dinləyərmiş. Yazı masasının yanındakı kitab rəfində isə Ordubadiyə məxsus olan kitablar düzülüb. Muzeyin sifarişi ilə Xalq rəssamı Altay Hacıyev tərəfindən çəkilən rəsm əsəri də bu otaqdadır. Divardan asılan saat və gümüş qablar, stol, şamdan, stullar yazıçının ev əşyalarındandır.
   
   Ziyalıların toplaşdığı məkan
   
   Ədibin evi görkəmli şəxsiyyətlərin toplaşdığı məkan kimi tanınıb. Yeri gəlmişkən, yazıçı böyük musiqiçi Bülbül, yazıçı Mirzə İbrahimov, şair Süleyman Rüstəmlə qonşu olub. Onlar bu mənzildə yaradıcılıq müzakirələri aparıblar.
   Yazıçının iş otağında Bekker markalı fortepiano var. Ordubadi özü fortepianoda ifa etməsə də, musiqini çox sevib. Ona görə də tez-tez tanınmış musiqiçiləri bu evdə ətrafına toplayar, onların ifasında musiqi dinləyərdi. Məsələn, Fikrət Əmirovun “Gülərəm, gülsən” mahnısı bu evdə yaranıb. Məmməd Səid Ordubadi həmçinin musiqi tariximizdə böyük iz qoymuş əsərlərin - Üzeyir Hacıbəylinin “Koroğlu” Müslüm Maqomayevin “Nərgiz”, Əfrasiyab Bədəlbəylinin “Nizami” operalarının, Fikrət Əmirovun “Ürək çalanlar”, Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyalarının librettosunu yazıb.
   
   Zəngin və keşməkeşli ömür yolu
   
   M.S.Ordubadinin xatirə muzeyində gəzdikcə onun keçdiyi həyat yolu göz önündə canlanır...
   XX əsrin əvvəllərində İran inqilabında iştirakı və çarizm əleyhinə fəaliyyətinə görə Ordubadi daim nəzarət altında saxlanırdı. I Dünya müharibəsi ərəfəsində Culfada fəaliyyət göstərən qrupun üzvləri bir-bir həbs edildi, sürgünə göndərildi. Bu zaman o, Culfadan Ordubada gəlir, oradan Bakıya getmək istəsə də, bu, mümkün olmur. Onu həbs edərək Tsarıtsın (indiki Volqoqrad) vilayətinə göndərirlər.
   1914-1919-cu illərdə burada sürgün həyatı yaşayır. Bu, çox ağır, üzücü, təlatümlü, lakin ibrətamiz dövr idi. Aclıq, ehtiyac, vərəmlə üz-üzə qalan Ordubadi iki ilə yaxın xəstə yatır. Sonra evlənərək ailə qurur. Ədib 1920-ci ildə Bakıya gəlir.
   
   Zəngin yaradıcılığın səhifələri
   
   Muzeyin digər otağında "Dumanlı Təbriz" əsərinin orijinal əlyazmaları və fotoları, yazıçının müxtəlif qəzet və jurnallarda çap olunmuş məqalələri qorunub saxlanılır. Buraya Azərbaycan Akademik Dram Teatrında "Qılınc və qələm", "Dumanlı Təbriz" əsərlərinin tamaşalarının, Azərbaycan Dövlət Opera və Balet Teatrında "Koroğlu", "Nərgiz" operalarının nümayişi zamanı yazıçının çəkdirdiyi xatirə şəkilləri də daxildir. Musiqili Komediya Teatrında tamaşaya qoyulan "Beş manatlıq gəlin", "Ürək çalanlar" əsərlərinin səhnə şəkilləri də fondun ekspozisiyalarındadır.
   Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də jurnalistik fəaliyyətində “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı xüsusi yer tutur. “Molla Nəsrəddin”in 1906-cı il 4-cü nömrəsindən (1906) başlayaraq axırıncı nömrəsinədək (1931), yəni 25 ilə yaxın ədib bu jurnalın səhifələrində müxtəlif yazılarla çıxış edib. Ekspozisiyada jurnalın nüsxələri də yer alıb.
   Bundan başqa, xatirə muzeyində böyük ədib haqqında müxtəlif tədqiqatçı, şair və sənətşünasların ürək sözlərindən ibarət stendlər də var.
   Muzeyin fəaliyyəti barədə bizi yaxından tanış edən direktor Lalə Abaszadə deyir ki, bura Azərbaycan ictimai-siyasi və mədəni mühitinin ən parlaq simalarından olan Məmməd Səid Ordubadinin yaradıcılıq yadigarlarının məkanı olmaqla yanaşı, həm də elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir: “Ordubadinin 78 illik ömrünün 50 ili zəhmətdə, ictimai-siyasi mübarizədə, həbslərdə və sürgünlərdə belə davam etdirdiyi yaradıcılıqda keçib. Bir yazıçı kimi onun böyüklüyü “Dumanlı Təbriz”, “Qılınc və Qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya dəyişir” romanlarının indi də dönə-dönə oxunmasında, tariximizi yaşatmasındadır. Hazırda muzeydə 2000-ə qədər eksponat qorunub saxlanılır. Onların bəziləri muzey tərəfindən müxtəlif mədəniyyət və elmi müəssisələrin arxivlərindən toplanılıb. Yazıçının zəngin irsinin təbliği üçün muzeyə tez-tez ekskursiyalar təşkil olunur. Muzey əlamətdar günlərdə “açıq qapı” günləri təşkil edir, ədibin xatirəsi yad olunur”.
   Xatirə muzeyi dövlət tərəfindən daima diqqət mərkəzində saxlanılır. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə əsaslı təmir, 2009-cu ildə isə bədii tərtibat işləri aparılıb. 2010-cu ildə muzey yeni siması ilə qapılarını böyük ədibin pərəstişkarlarının üzünə açıb.
   
   * * *
   Muzeydə ədibin şəxsi əşyalarında olan divar saatı da var. Ordubadi 1950-ci ilin mayın 1-də gündüz saat ikinin yarısında gözlərini əbədi yumub. Saatın əqrəbləri də bu vaxta “kilidlənib” - Ordubadi ölməzliyinin şahidi kimi...
   
   Ceyhun Zərbəliyev