Mirzə Ələkbər Sabir -150
   
     
   II yazı
   
   Kitabxana tariximizə qısa səyahət  

 Ölkəmizdə kitabxana işinin zəngin tarixi var. Hələ orta əsrlərdə Azərbaycanda saray, dini, xüsusi elmi və şəxsi kitabxanaların mövcud olduğu məlumdur. Saray kitabxanaları arasında böyük dövlət xadimi və sərkərdə Şah İsmayıl Xətai tərəfindən Təbrizdə yaradılan kitabxananı xüsusi qeyd etmək gərəkdir. 1522-ci ildə Şah İsmayıl Xətai kitabxana işi haqqında dövlət fərmanı imzalayır. Bu dövrün dini kitabxanaları arasında Ərdəbildəki Şeyx Səfi rəsədxanasının kitabxanası, elmi kitabxanalar arasında isə fondunda 400 mindən çox kitab olan Marağa rəsədxanasının kitabxanası mühüm yer tutur.
   XIX əsrdə Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları yaradılır. Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun kitabxanaları o dövrün ən qiymətli kitabxanalarından sayılır. 1859-cu ildə Şuşada, 1868-ci ildə Gəncədə, 1887-ci ildə Bakıda ictimai kitabxanalar açılır. 1887-ci ildə Bakıda üç kitabxana fəaliyyət göstərirdi. XIX əsrin sonlarında Bakıda neft sahəsi işçiləri üçün texniki ədəbiyyat kitabxanaları yaradılır. XX əsrin əvvəlində Azərbaycan milli mədəniyyətinin inkişafı üçün çalışan ziyalılar xeyriyyə cəmiyyətləri təşkil edir, kitab nəşrini yaymağa çalışır, kitabxana və qiraətxanalar açırdılar.
   Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) M.Ə.Sabir adına Kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradılır. 1920-ci ildə Azərbaycanda 965 məktəb kitabxanası, Bakı və onun ətraf rayonlarında 50-yə yaxın, rayon və kəndlərdə isə 100-dən çox kitabxana fəaliyyət göstərirdi.
   
      
   Səbail rayonu, İslam Səfərli küçəsi 13. Köhnə Bakının köhnə ünvanlarından biri. 90 ildir Mirzə Ələkbər Sabirin adını daşıyan kitabxana bu ünvanda yerləşir. Qocaman mədəniyyət müəssisəsinin tarixi isə bir az da əvvəldən başlayır...
   
   ...1919-cu ildə görkəmli ictimai xadim və ədiblər - Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli bir araya gələrək ictimai təşkilat olan “Xəzər sahili istehlak cəmiyyəti” adlı ictimai təşkilat yaradıb bu təşkilatın hesabına kitabxana açırlar. Xalqın maariflənməsi və milli şüurun oyanması yolunda atılan bu xeyirxah addım çox keçmir ki, öz bəhrəsini verir. Oxucular kitabxanaya ayaq açır, maarifpərvər şəxslərin vasitəsilə kitabxananın fondu yaradılır. Nəticədə oxucuların sayı gündən-günə çoxalır. Kitabxana 1922-ci ildən görkəmli satirik şair M.Ə.Sabirin adını daşıyır.
   Hətta evdar qadınları mütaliəyə cəlb etmək üçün evlərə kitab aparılır. Bu minvalla kitabxana insanların diqqətini cəlb edir və şəhərin ən sevilən kitabxanalarından birinə çevrilir. 1939-cu ildə müəssisəyə Mərkəzi Şəhər Kitabxanası adı verilir.
   Kitabxana Böyük Vətən müharibəsi (1941-1945) illərində də öz missiyasını ləyaqətlə yerinə yetirir. Kitabxana işçiləri arxa cəbhədəki hərbi xəstəxanalarda yaralılara kitab, qəzet, jurnal oxuyur, cəbhələrə kitab, jurnal, qəzet göndərir. Zaman-zaman kitabxanada ənənəvi olaraq yazıçı-şairlərlə görüşlər, ədəbi gecələr, aktual mövzularla bağlı diskussiyalar keçirilir.
   
   Köhnə və doğma ünvan
   
   Böyük Sabirin anadan olmasının 150 illik yubileyi ərəfəsində yolumuzu köhnə və doğma ünvandan - M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasından saldıq.
   Kitabxananın hazırkı vəziyyəti barədə kitabxananın müdiri Gülşən Abbasova ətraflı məlumat verdi. Bildirdi ki, kitabxanada 6 şöbə - oxu zalı, xidmət şöbəsi, rus şöbəsi, biblioqrafiya, elektron informasiya xidməti və mübadilə şöbələri fəaliyyət göstərir.
   Kitabxananın 24 işçisinin əksəriyyəti ali təhsilli, yüksək ixtisaslı kadrlardır. Oxucuların əsasını müəllim və tələbələr təşkil edir. Kitabxanaya bölgələrdən də oxucular müraciət edir.
   
   Məlumat-biblioqrafiya
   
   Kitabxanada məlumat-biblioqrafiya işini biblioqraflar aparır. Kitabxanaya daxil olan bütün dövri mətbuat və yardımçı materiallar (məqalələr, məcmuələr, lüğətlər, göstəricilər) bu şöbədə yerləşir. Kitabxananın aldığı qəzet və jurnal məqalələri biblioqrafiya şöbəsində yerbəyer edilərək kartotekalara düzülür. Şöbədə oxuculara yazılı, şifahi və telefonla məlumatlar verilir. Yeri gəlmişkən, kitabxanada 3 kompyuter var. 2011-ci ildə məlumat-biblioqrafiya şöbəsində 2000 oxucuya məlumat verilmişdir.
   
   Kataloqlar
   
   Kitabxanada olan kataloqlar Bakı şəhərində ən qədim kataloqlardan sayılır. 1922-1923-cü illərdə təşkil olunan kataloqlar illər keçdikcə yeniləşmiş, təkmilləşmiş və oxucuların sorğu mənbəyinə çevrilmişdir. Kitabxanada xidmət kataloqları, əlifba kataloqları və sistemli kataloqlar (Azərbaycan və rus dilində) oxucuların ixtiyarına verilir. Ümumən kataloqlarda 40 minə qədər çap kartockaları var ki, ildə 8-10 minə yaxın oxucu bu kataloqlardan istifadə edir.
   Hazırda kitabxananın fondu 139559 kitabdan ibarətdir. 2011-ci ildə kitabxananın 15051 oxucusu olub ki, onların da 4582 nəfərini ali məktəb tələbələri, 2193 nəfərini təqaüdçülər, 1987 nəfərini qulluqçular, yerdə qalanını isə başqa peşə sahibləri təşkil edib. Bir fakt da maraqlıdır ki, 2011-ci ildə 27251 nəfər oxucu din, fəlsəfə, psixologiya, 45447 nəfər oxucu filologiyaya və bədii ədəbiyyata, 25653 nəfər iqtisadiyyata aid kitablar üçün kitabxanaya müraciət edib.
   
   Ədəbiyyat dərnəyi
   
   1922-ci ildən kitabxanada «Gənc qələmlər», «Qızıl qələmlər», «Gənc texniklər» və başqa ədəbi dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər müxtəlif illərdə N.Nərimanov, S.Vurğun, Ə.Haqverdiyev tərəfindən yaradılıb.
   İllər sonra «Qızıl qələmlər» inkişaf edib «Pərvanə» ədəbi məclisi adı ilə fəaliyyət göstərib. Zaman-zaman bu dərnəklərə Azərbaycanın tanınmış yazıcı və şairləri iştirak edib. Dərnəyin ilk aparıcıları sırasında N.Nərimanov, Ə.Haqverdiyev, S.Vurğun, S.Rüstəm və başqalarının adı yer alır. Hazırda dərnəyə şair Qəşəm Nəcəfzadə rəhbərlik edir. Dərnəyin 50 üzvü var.
   
   Kütləvi tədbirlər
   
   Kitabxanada vaxtaşırı kütləvi tədbirlər keçirilir. Bu ilin yanvar-aprel aylarında kitabxanada bir sıra maraqlı tədbirlər gerçəkləşib. 20 Yanvara həsr olunmuş sərgi, XX əsrin ən dəhşətli soyqırımına həsr olunmuş «Xocalı sükut etdi» adlı sərgi, 2 Fevral - Gənclər Günü münasibətilə «Gənclər bu gün və sabah» adlı konfrans, şair Nəriman Həsənzadənin 80 illiyinə həsr olunmuş sərgi və neçə-neçə yaddaqalan tədbirlər keçirilib. Hazırda kitabxana Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə ciddi hazırlaşır və Bakı İncəsənət Gimnaziyası ilə birlikdə ədəbi-bədii kompozisiya hazırlayır. Tədbir bu ay gerçəkləşəcək.
   Sabirin 150 illik yubileyində bu qocaman kitabxananı təmirli, müasir texniki avadanlıqlarla təmin olunmuş görmək çox xoş olardı. Çünki şəhərimizin ən qocaman kitabxanasının əsaslı təmirə ehtiyacı var. Ümid edirik ki, xalqının maariflənməsi yolunda nicatı elmdə, kitabda görən Sabirin ruhunu yaşadan mədəniyyət müəssisəsi paytaxtımızın ən nüfuzlu kitabxanalarından biri olaraq qalacaq.
   
   Təranə Vahid