Milli-mənəvi dəyərlərimizə diqqətin artdığı bir dövrdə muzeylərimizə olan qayğı da göz qabağındadır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “muzeylər görkəmli insanların varlığından xəbər verən tarixin yaşadıcısıdır”. Bakı şəhərindəki muzeylərdən biri də 1986-cı ildən fəaliyyət göstərən Azərbaycan Təbabəti Muzeyidir.
   
   Muzey 1889-cu ildə tikilən və maraqlı arxitektura nümunəsi olan binada yerləşir. 1914-1917-ci illərdə burada Nəriman Nərimanovun başçılıq etdiyi Qaraşəhər müalicəxanası fəaliyyət göstərmişdir. Muzeydə qədim dövrlərdən başlayaraq Azərbaycanda tibb və səhiyyənin inkişafı öz əksini tapmışdır. Burada qədim və orta əsrlərdə yaşayan tibb xadimləri, respublikamızda mövcud olan xəstəxanalar, tibb müəssisələri, görkəmli həkimlərimiz haqqında məlumat almaq mümkündür. Yəqin ki, keçən əsrin sonlarında Peterburq Hərbi Tibb Cərrahlıq Akademiyasında təhsil alan Əbdülkərim Mehmandarovun, Fransada iki fakültə bitirmiş Bəhram Axundovun, 1893-cü ildə alman dilində dissertasiya müdafiə etmiş Əbdülxalıq Axundovun adı çoxlarına tanış deyil. Azərbaycanda tibb elminin inkişafında Y.Y.Gindes, Ə.Qarayev, İ.Qədirli, N.Nərimanov, M.N.Mirqasımov, M.A.Topçubaşov və başqalarının misilsiz xidmətləri olmuşdur. Muzeydə bütün bu sadalanan şəxslərə stendlər həsr olunmuşdur. Stend və vitrinlərdə onların diplomları, əsərləri, fotoşəkilləri, şəxsi əşyaları nümayiş etdirilir.
   Ekspozisiyada qadın həkimlərimizə - S.Vəlixan, Q.Əmiraslanova, A.Əhmədbəyova, L.Şaxtaxtlı, A.Şaxtaxtinskaya və C.Sultanovaya həsr olunmuş guşələr də maraqlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri X.Rəfibəyovun, Azərbaycan Dövlət Universitetinin ilk azərbaycanlı rektoru T.Şahbazinin fəaliyyətlərindən bəhs edən stendlər isə yeni təşkil olunub. Muzeydə ayrı-ayrı mövzulara dair maket-diaqramlar ekspozisiyanı daha da zənginləşdirir, buraya gələnlərin marağına səbəb olur.
   Muzeyin fəaliyyəti yalnız buraya gələnləri eksponatlarla tanış etməklə bitmir. Bu mədəniyyət ocağında ayrı-ayrı tibb xadimlərinin yubileylərinə həsr edilmiş sərgilər, görüşlər keçirilir, ekspozisiya yeni materiallarla zənginləşdirilir. Dövlətimizin bu sahəyə diqqəti, ölkəmizə gələn turistlərin çox olması hər birimizin işə olan marağını artırır və daha məsuliyyətlə çalışmağa sövq edir.
   
   Səadət Cəbrayılqızı,
   Azərbaycan Təbabəti Muzeyinin elmi işçisi