Azərbaycanın tarixi şəhərlərindən olan Qəbələnin adının keçdiyi ilk yazılı mənbə eramızın I əsrinə aiddir. Eradan əvvəl IV əsrdən bizim eranın V əsrinədək qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ haqqında Roma yazıçısı Böyük Pliniy (I əsr), yunan coğrafiyaçısı Klavdiy Ptolomey (II əsr ), alban tarixçisi Musa Kalankaytuklu (VII əsr), IX-X əsrlər ərəb tarixçilərindən Balazuri, Xordadbeh Təbərinin əsərlərində məlumat verilir.
   
   Zəngin keçmişimizi öyrənmək, təbliğ etmək üçün muzeylər əvəzolunmaz rola malikdir. Bu bölgənin qədim keçmişi və mədəni irsi də Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində yaşadılır, təbliğ edilir. 1980-ci ilin may ayında fəaliyyətə başlayan muzeyin ekspozisiyaları rayonda aparılan arxeoloji tədqiqatlar sayəsində daha da zənginləşir. Muzeyə gələn qonaqlar Qəbələnin təxminən 2500 illik tarixini əks etdirən maraqlı eksponatlar, məlumatlarla tanış olurlar.
   Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra təəssüratını bu sözlərlə ifadə etmişdir: “1980-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi öz eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır. Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə yanaşırıq. Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməli və beynəlxalq ictimaiyyətə təqdim etməliyik”.
   Muzey yaradılanda burada 1400-ə qədər eksponat olub. Bu gün isə muzeyin əsas fondunda 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Bu barədə məlumat verən Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədov deyir ki, muzey arxeoloji, etnoqrafik, numizimatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları xüsusilə diqqəti cəlb edib. Turistlər və yerli qonaqlar bu mədəniyyət ocağına böyük maraq göstərirlər.
   Muzey Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri, respublikanın aparıcı muzeyləri ilə sıx əməkdaşlıq edir. Burada tədqiq olunan materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılıb. Muzeydə vaxtaşırı olaraq kütləvi tədbirlər keçirilir, tarix və ədəbiyyat dərslərinin tədrisinə şərait yaradılır.
   Muzey 2004-cü ildə yeni binaya köçdükdən sonra ekspozisiya zalları daha da genişlənib. 900 kvadratmetrlik binada fond və 13 ekspozisiya zalı yerləşir. Bundan əlavə muzeydə böyük öndər Heydər Əliyevə həsr olunmuş xatirə otağı, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş açıq səma altında sərgi meydançası var.
   * * *
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin iki filialı - İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyi və Şəhidlərin Xatirəsi Muzeyi fəaliyyət göstərir.
   İsmayıl bəy Qutqaşınlının (1806-1869) xatirə ev-muzeyində ziyarətçilərə tanınmış ədib və maarifçinin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Muzeyin bələdçisi Rəfiqə Kərimova deyir ki, İsmayıl bəy Qutqaşınlı tanınmış yazıçı və görkəmli hərbçi olub. 30 ildən artıq çar Rusiyası ordusunda xidmət edərək general-mayor rütbəsinədək yüksəlib: “O, dövrün tanınmış ədiblərindən Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə və başqaları ilə yaxından dostluq edib. 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi məhəbbət azadlığı mövzusundadır. Azərbaycan xalq dastanları və klassik Şərq poemalarının təsiri altında yazılmış əsər Azərbaycan realist nəsrinin ilk nümunələrindəndir. Qutqaşınlının 1852-ci ildə Məkkə səfəri zamanı yazdığı qeydlər “Səfərnamə” adı ilə çap edilib. Əsərdə Gəncə və Borçalı mahalının şəhər və kəndlərinin təbiəti, əhalisi, təsərrüfatı haqqında məlumat verilir”.
   * * *
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində yüzlərlə maraqlı eksponat var. Bu eksponatlardan biri də Morze teleqraf aparatıdır. Muzeyin bələdçisi Gülmayə Əfəndiyeva deyir ki, bu aparat muzeyə gələn yerli və əcnəbi qonaqların böyük marağına səbəb olur. Eksponat muzeyə Qəbələ rayon sakini, rabitə işçisi mərhum Əhmədiyyə Əfəndiyev tərəfindən 1992-ci ildə bağışlanılıb. Qeyd edək ki, 1837-ci ildə Semuel Morze tərəfindən ixtira edilən teleqraf aparatı saatda 500-dək söz ötürmə qabiliyyətinə malikdir. Dövrünün qabaqcıl texnikası olmuş aparat bu gün artıq muzey eksponatıdır.
   * * *
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgilənən hər bir eksponatda tarixin izləri yaşayır. Muzeyin fondu isə hər il zənginləşir. Hər yeni material özü ilə bir tarix gətirir...
   
   Ceyhun Zərbəliyev