İyunun 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Pazırıq” türk xalçasının 2500 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
   
   “Azadlıq Hərəkatçıları” İctimai Birliyi tərəfindən təşkil edilmiş tədbirdə “Pazırıq” türk xalçalarının tarixi ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, Pazırıq kurqanlarından tapılmış 4,5x6,5 metr ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipdən toxunan bu xalı hazırda Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılır. Xalça Qarabağda, bu yerlərin qədim sakinləri olan saqlar tərəfindən toxunub. 2500 illik tarixi olan bu xalçanı keçmiş sovetlər dövründə “erməni xalçası” kimi təqdim etmək istəyənlərə Azərbaycan alimləri ilə yanaşı, bəzi rus alimləri də etiraz ediblər.
   Buna baxmayaraq ötən əsrin 90-cı illərindən başlayaraq erməni diasporu həmin xalçanın Qarabağda yaşayan ermənilər tərəfindən toxunması haqqında fikir formalaşdırmağa çalışır, bu barədə kitablar nəşr etdirirlər. Tədbirdə o da qeyd olunub ki, “Azadlıq Hərəkatçıları” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə dünyanın ən qədim xalısının - Qarabağda toxunmuş “Pazırıq” türk xalçasının 2500 illik yubileyini keçirməyə hazırlaşır.