Ekspedisiya bu günədək 15000 kv.m.-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb.
   VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirilərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə tapılıb. Elmi heyətin nəzarəti altında sahə diqqətlə təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülüb. 37 sikkənin ikisi 1781-1786, üç ədədi 1787, biri 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
   Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə var. Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə Holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi.
   Dəfinə Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Ağsu Arxeoloji Ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları davam etdirir.