Azərbaycanın şimal-qərb bölgəsi tarixi-mədəni irsimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan qədim abidələr, memarlıq nümunələri ilə zəngindir.
Bu baxımdan min ilə yaxın bir dövrdə mövcud olmuş qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının tarixi ilə bağlı abidələr xüsusi önəm kəsb edir. Çünki Qafqaz Albaniyasının tarixi, mədəni irsi illərdən bəri Azərbaycan torpaqlarına göz dikən bədnam qonşularımızın əsassız iddialarına ən tutarlı cavabdır. Alban abidələri Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ ilə yanaşı, ətraf bölgələrdə - Qax, Şəki, Zaqatala və digər rayonlarda da geniş yayılma arealına malikdir.
Yeddi kilsə monastır kompleksi
Qax rayonunun Ləkit Kötüklü kəndi ərazisində, xalq arasında "Yeddi kilsə" adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksi öz unikallığı ilə diqqəti cəlb edir. Kompleks uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olub. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları var. Üzərindən zamanın yelləri əsən bu tikili hazırda qəzalı vəziyyətdədir. “Yeddi kilsə" Qafqaz Albaniyasının ən qədim monastır komplekslərindən biridir. Monastırın ərazisində 1980-ci ildən (fasilələrlə) arxeoloji tədqiqat işləri aparılmaqdadır.
Tədqiqatlar göstərir ki, ərazidə böyük, əzəmətli kompleks mövcud olub. Tikililər arasında ən qədimi üçnefli məbəd, ondan şərqdə əsas xaçvari günbəzli məbəd, həmçinin monastırın geniş ərazisinin (indi kənd yolu ilə bölünüb) mərkəzində inşa edilmiş beş sovməə (ibadətxana, hücrə) olub. Kompleksdə ümumilikdə doqquz abidə var ki, onlardan da yeddisi kilsə və onlara bitişik olan rahiblərin və qonaqların yaşaması üçün binalardır. Əraziyə həmçinin zəng qülləsi, keşikçi qülləsi və kompleksin təhlükəsizliyini təmin etmək üçün çəkilmiş möhkəm qala divarları daxildir.
Kompleksə daxil olan kilsələrdən yalnız baş kilsə bir qədər böyük və üçneflidir. Digər altısı isə birnefli kiçik kilsələrdir. Kilsə binalarının hamısı bazilika formasında inşa edilib. Ərazidən tapılan çoxlu kirəmit qalıqları və kilsələrin salamat qalmış dam hissələri binaların üstünün örtülməsi üçün səliqə ilə hazırlanmış kirəmitlərdən istifadə edildiyini söyləməyə əsas verir. Kompleksə daxil olan abidələrin hamısının fasadı səliqə ilə kəsilmiş daşlarla üzlənib. Lakin daşların üstündə heç bir oyma bəzək və naxışlara rast gəlinmir. Bütün bu sadə quruluş isə özlüyündə kompleksə əzəmət bəxş edir və onun Qafqaz Albaniyasının tarixinin öyrənilməsi baxımından əhəmiyyəti böyükdür.
Kiş məbədi
Şəkinin Kiş kəndindəki alban kilsəsi, ümumilikdə, Qafqazda ən qədim xristian məbədlərindən biridir. 2000-ci ildə tanınmış Norveç alimi və səyyahı Tur Heyerdalın iştirakıyla abidənin bərpası ilə bağlı birgə Azərbaycan-Norveç layihəsi başlanıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Norveç Humanitar Təşkilatı arasında bağlanan müqavilə əsasında həyata keçirilən «Kiş» layihəsinin icrası zamanı kilsənin ərazisində çoxlu maraqlı sənətkarlıq nümunələri, keramika qalıqları, qızıl və gümüş əşyalar tapılıb. Tapıntılar bu məkanın qədim mədəniyyət mərkəzi olmasını sübut edir. Qazıntılar və arxeoloji tədqiqatlar müasir kilsə divarlarının V əsrdə tikilməsini deməyə əsas verir. Eyni zamanda belə bir fikir də təsdiq edilib ki, kilsə daha qədim - eramızın I əsrinə aid çoxtəbəqəli bünövrə üzərində tikilib. Layihə çərçivəsində Kiş məbədi bərpa olundu və bu işlər 2003-cü ildə başa çatdı. Sonuncu mərhələdə isə abidələrin muzeyləşdirilməsi həyata keçirildi və Kiş məbədi Qafqaz Albaniyası tarixinin muzeyinə çevrildi. Bu layihə həmçinin tarix və mədəni irsin öyrənilməsi baxımından Azərbaycanla Norveç arasında əməkdaşlığın nümunəsi oldu.
Ləkit məbədi
Ləkit məbədi alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV-VI əsrlərə aid edirlər. Kilsə qədim Zərdüşt məbədi əsasında yaradılıb. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılıb. Məbədin ətrafı meşəlikdən təmizlənib və dağılmaqda olan divarlardan biri möhkəmləndirilib. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Alban tarixçisi Musa Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilib. Mütəxəssislər müəyyən ediblər ki, Ləkit məbədi kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmayıb (özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə rəğmən), yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilib.
Qum bazilikası və Mamrux məbədi
Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV-V əsrlərə aid üçnefli, günbəzli alban məbədi maraqlı quruluşa malikdir. Məbəd qədim Bizans memarlığındakı bazilika (latın dilində (basilevs-hökmdar) “hökmdarın evi” mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası da adlandırılır. Qax rayonunda yerləşən digər alban abidəsi Mamrux məbədidir. Kilsə əski dini abidənin - Ay və Günəş tanrıları məbədinin özülləri əsasında inşa edilib.
Qeyd edək ki, Azərbaycanda belə alban abidələrinin sayı çoxdur. Qədim tariximizin və mədəni irsimizin tədqiqi və təbliği baxımdan böyük əhəmiyyət kəsb edən bu abidələrin qorunmasına, bərpasına dövlət səviyyəsində diqqət göstərilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanan və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilən daşınmaz tarix-mədəniyyət abidələrinin qorunması, bərpası, istifadəsi, eyni zamanda tarix-mədəniyyət qoruqları ilə bağlı dövlət proqramı layihəsində alban abidələrinin bərpası da mühüm yer tutur.
Mehparə